Pərviz Abbasovla birlikdə mühakimə olunanların da cəzası azaldılıb
Koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunan “Yeni Klinika”nın keçmiş baş həkimi Pərviz Abbasov və onunla birlikdə mühakimə olunan daha dörd nəfər haqqında hökm yenidən dəyişib. Onlar haqqında hökmü bir il əvvəl Bakı Apelyasiya Məhkəməsində dəyişib, cəzalarını azaltmışdılar.
Aprelin 19-da Ali Məhkəmədə Əziz Seyidovun sədrlik etdiyi hakimlər kollegiyası həmin hökmü də dəyişib, cəzaları bir qədər də yüngülləşdirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin Pərviz Abbasova kəsdiyi 8 il 6 aylıq azadlıqdan məhrumetmə cəzasını apelyasiya məhkəməsi 5 il 6 aya endirmişdi. Ali Məhkəmə isə bu müddəti 3 ilə qədər azaldıb. Onunla birlikdə mühakimə olunan daha üç nəfər – “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin 5 illik cəzasını Ali Məhkəmə 2 il 6 aya endirib.
Onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq edilib.
Bu cinayət işində təqsirləndirilən şəxslər arasında yeganə qadın olan “Avrasiya” klinikası və “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya hələ aşağı instansiyada 8 il şərti cəza verilmişdi. Onun işində də şərti cəzanın müddəti 5 il müəyyənləşdirilib.
Pərviz Abbasov özünü təqsirli bilmir. Ali Məhkəməyə şikayətində də cəzasının yüngülləşdirilməsini yox, bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəmişdi.
O, məhkəmədə çıxışlarında bildirib ki, nə vaxtsa bəraət alacağına ümidini itirməyib.
“Mən bu günə qədər ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətini dəstəkləyən şəxslərdən biri olmuşam. Nə qədər tarixi şəxsiyyətlər şər-böhtana məruz qalsa da, sonradan bəraət alıb. Mən də nə vaxtsa bəraət alacağam. Buna əminəm. Mən həbs olunduğum gün otağıma Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları daxil olanda özüm də korrupsiyaya qarşı mübarizə haqqında yazı yazırdım. Paradoksa baxın…”, – Pərviz Abbasov məhkəmədə çıxışında bildirib.
İttihama əsasən, adları çəkilən şəxslər baş həkimə koronavirusa yoluxmuş xəstələrin yaxınlarından alınmış rüşvətin bir hissəsini özlərinə götürüb, vasitəçilik edərək, qalanını isə baş həkimə verərək, onları “Yeni Klinika”ya yerləşdirməyə yardım ediblər.
Təqsirləndirilən Samir Mirzəyev məhkəmədə bildirib ki, onlardan istintaq zamanı təzyiq altında Pərviz Abbasovun əleyhinə ifadə alıblar. Əslində, o, Pərviz Abbasova heç vaxt rüşvət verməyib. Sadəcə, bir neçə nəfərin klinikaya yerləşdirilməsi üçün ondan xahiş edib. O da imkan olanda bu məsələdə yardım edib:
“Onun xəbəri olmayıb ki, mən başqa adamdan buna görə pul almışam. Sadəcə, onunla tanışlığımdan sui-istifadə eləmişəm. O da tanış kimi mənim xahişimi yerinə yetirib”.
Pərviz Abbasovun vəkili isə onun sifarişlə həbs edildiyini, bu məqsədlə belə bir ssenari qurulduğunu bildirib.