Vəkil: “Pərviz Abbasov rüşvətdən uzaq adamdır, sadəcə, qurban oldu…”
COVİD-19 xəstələrinin “Yeni Klinika”ya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunan klinikanın keçmiş direktoru Pərviz Abbasov və daha dörd nəfərə ümumilikdə 43 il həbs cəzası istənilib.
Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığı bildirilib. Prokuror Vüqar Quliyev çıxış edərək bildirib ki, klinikanın keçmiş rəhbəri Pərviz Abbasovun digər dörd təqsirləndirilən şəxsin köməyi və vasitəçiliyi ilə xəstələrin yaxınlarından rüşvət alması məhkəmədə təsdiqini tapıb.
Prokuror Pərviz Abbasovun 10 il, “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin 9 il, “Avrasiya” klinikasının əməkdaşı və “Viola” MMC-nin meneceri olan Vüsalə Əliyevanın 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Vüsalə Əliyeva hazırda həbsdə deyil, digər təqsirləndirilən şəxslərdən fərqli olaraq, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Pərviz Abbasov və onun vəkilləri rüşvət ittihamının tamamilə əsassız olduğunu bildirir. “Yeni Klinika”nın keçmiş rəhbəri məhkəmədə ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərin əksəriyyətini ümumiyyətlə, tanımır, onlarla heç bir əlaqəsi də olmayıb. Pərviz Abbasov rüşvətdən uzaq biri olduğunu vurğulayaraq, belə bir əməldə ittiham olunmasından da əzab çəkdiyini vurğulayıb.
Onun vəkili də vurğulayıb ki, Pərviz Abbasovun həbsinin ertəsi gün prokurorluğun yaydığı videogörüntülərdə nümayiş etdirilən pulun rüşvətlə heç bir əlaqəsi yoxdur. Həmin vəsaitin heç mənbəyi araşdırılmayıb:
“O vəsaitin mənbəyi müəyyənləşdirilmədən Pərviz Abbasovu korrupsiya nəticəsində ifşa olunmuş şəxs kimi təqdim etmək məqsədilə rüşvət kimi təqdim olunub. Halbuki, o vəsait Pərviz Abbasovun öz maaşı, klinikanın xərcləri üçün nəzərdə tutulan vəsait olub. Dəftərçələr nümayiş etdirilib, guya rüşvət alınan adamların adlarıdır. Bəs niyə o dəftərlərdə adları olan adamların birini də çağırıb dindirməyiblər? Bunların ittihama nə aidiyyəti vardı ki, göstərirdilər? Nəzərə almırdılar ki, Pərviz Abbasovun tələbələri, xəstələri var. Himayəsində iki azyaşlı övladı var. 44 günlük müharibə dövründə Pərviz Abbasov fəaliyyətinə görə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub. Xahiş edirəm, bütün bunları nəzərə alın. O, rüşvət və korrupsiyadan uzaq bir adamdır. Sadəcə, qurban oldu…”
Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib.