Mikayıl Cabbarov: ”Yeni format Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir”
“Qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir”.
Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında belə deyib.
APA-nın məlumatına görə, iki il sonra tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib.
Nazir deyib ki, sentyabrın 9-da keçirilən görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirak edib:
“Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram – kurikkulum tətbiq edilib. Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir”.