Yeni il tətili neçəyə başa gəlir?

Ən ucuz yeni il tətili 600 manatdan başlayır

Source:
fotolar sosial şəbəkə
fotolar sosial şəbəkə


Ən ucuz yeni il tətili 600 manatdan başlayır

Yeni il tətili yaxınlaşır. Tətil günlərini harada keçirəcəyinizi planlaşdırmısınız? Azərbaycanda, yoxsa xaricdə? Əgər seçim etməmisizsə, o zaman həm Azərbaycandakı, həm də xaricdəki qiymətləri təqdim etməklə sizə yardımçı ola bilərik.

Son illər Azərbaycanda qış turizminin inkişafına milyard manatlarla vəsait sərf olundu. Quba, Qusar, Qəbələdə qış turizm obyektləri tikildi.


Bəs azərbaycanlıların büdcəsi ilə yeni tikilən otellərin qiymətləri uyğun gəlirmi?

Dövlət Statistika Komitəsinin 2016-cı il oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 516,4 min nəfərdir.

Onların orta aylıq nominal əmək haqqı isə 490 manatdır.

“Booking.com” otel axtarış saytı göstərir ki, dekabrın 30-u ilə yanvarın 3-ü aralığında Qəbələdəki “Qafqaz Karvansaray” otelində 2 nəfərlik otağın qiyməti 600-920 manat arası dəyişir.

“Şahdağ”da Yeni ili qarşılamaq üçünsə 1120-1270 manatından keçməlisən. Qiymətə dekabrın 30-u yanvarın 4-ü aralığı oteldə gecələmək, gündə 2 dəfə yemək və Yeni il gecəsinin şam yeməyi daxildir.


Şamaxıda 4 gecəlik tətil 1586 manata

Qusarın “Pik Palace” oteli də müştərilərinə yeni il paketi təklif edir. 2 nəfərlik paketin qiyməti 1586 manatdır. Qiymətə oteldə 4 gecə qalmaq, səhər yeməkləri, yeni il şousu və şam yeməyi daxildir.

“Samaxi Palace Sharadil”də Yeni ili keçirmək üçün 2 gecəlik istirahət sizə 1096 manata başa gələcək. Qiymətə səhər yeməyi, yeni il şousu və şam yeməyi daxildir.

Bəziləri isə bölgələri yox, bizə yaxın ölkələrə getməyi üstün tutur. Gəlin, Tiflis, Moskva, Dubay, Türkiyənin Uludağ bölgəsinin qiymətlərinə də baxaq.


Tiflisdə yeni il – 475 manat edir

Bakıdan Tiflisə avtobus, qatar və təyyarə ilə getmək mümkündür. Avtobusla gediş-gəliş 25, qatarla 84 (kupe) manata başa gələcək. Yeni il ərəfəsində (29 dekabr-3 yanvar) Tiflisə ən ucuz təyyarə biletini AZAL təklif edir: gediş-gəliş 284 manat.

Tiflisdə qala biləcəyiniz ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəsi 200 manatadır. Aşağı qiymətlə (avtobusla gediş) hesablansa, cəmi 225 manat edir. Restoranda 1 nəfərin günlük yeməyi 50 manatdan çox tutmayacaq. Beləliklə, yeni ili Tiflisdə qarşılamaq yemək xərcləri ilə birgə 475 manat edir.

29 dekabr – 3 yanvar aralığında AZAL-ın Bakı-Moskva-Bakı reysinin qiyməti 472 manatdır. Həmin tarixlərdə Moskvadakı ən ucuz 3 ulduzlu otelin 5 gecəsi isə 221 manatdır. Qiymətə səhər yeməyi də daxildir. Günorta və axşam yeməklərini də 50 manatdan hesablasaq, Moskvada yeni il keçirmək təxminən 943 manata başa gələcək.


Dubayda 4 günlük isirahət 1070 manata, Şamaxı qiymətinə

“Qatar Airways”-lə 29 dekabr – 3 yanvara olan Bakı-Dubay-Bakı uçuşunun qiyməti 520 manatdır.

Dubayda normal şəraitli mehmanxananın 5 gecəlik qiyməti 400-500 manat arası dəyişir.

Təyyarə və ən ucuz mehmanxana qiymətilə birgə 920 manat edir. Restoran qiymətlərindən görünür ki, bir günlük yeməyə 30 manatdan tutmuş, 100 manata qədər xərcləmək olar. Beləliklə, yemək xərclərini də minimum 30 manatdan hesablasaq, yeni ildə 5 günlük Dubay səyahətinin qiyməti 1070 manat edir.

Biri də var Türkiyənin Uludağı. Azərbaycanlılar yeni ildə bura getməyi də çox sevirlər.

29 dekabr – 3 yanvar aralığında ən ucuz Bakı-İstanbul-Bakı reysini Türk Hava Yolları təklif edir – 329 manata. İstanbuldan Bursaya gedən dəniz avtobuslarının gediş-gəliş qiyməti 40 lirədir (təxminən 20 manat). Bursadan Uludağa qədər 2 avtobus dəyişməli olursan. Birinin qiyməti 3,80 lirə (2 manat), digəri isə 15 lirəyə (7,5 manat).

Həmin tarixlərdə Uludağda normal şəraitli mehmanxananın 5 gecəsi 314 manat edir.

Beləliklə, 5 günlük Uludağ istirahəti 682 manata başa gələcək.

Azərbaycanda isə 2-3 günlük istirahətin ən ucuzu 600 manatadır. Bu da orta statistik azərbaycanlının aylıq əmək haqqından çoxdur.

Ana səhifəXəbərlərYeni il tətili neçəyə başa gəlir?