Azərbaycanda “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, Əsasnamədə əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunması qeyd olunub.
Bildirilir ki, tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır.
Birinci dərəcə əlillik
– xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.
İkinci dərəcə əlillik
xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
Üçüncü dərəcə əlillik
isə xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir.
Tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir
.
Bura ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal), emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası,o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya), dağınıq skleroz, bir budun güdülü, bir əlin olmaması, beyin maddəsində və ya miokardda yad cismin olması, tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya, heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya daxildir. Üçüncü dərəcə əlillik də nibbi göstəriş olan xüsusi hallarda müddətsiz təyin edilir. Bura bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması, bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası,baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası, topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə, hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu, bir aşağı ətrafın 7 sm qısa olması, diz və ya bud-çanaq oynaqlarının endoprotezi, üçüncü -dördüncüdərəcə kifoskolioz, kəskin funksiya pozuntusu, əlin və ya pəncənin iflici, bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları, hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq), hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri,subklinik əlamətlərlə gedən hemofiliya, subklinik əlamətlərlə gedən talassemiya minor, anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə, kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq) qüsuru, nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə, bir ağciyərin olmaması, gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya), etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması daxildir
Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti başa çatdıqdan sonra TSERAS tərəfindən müddətsiz müəyyən edilir.
Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir
. İ
kinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.