Yeni dünyanın savaşları

və “biz hələ hardayıq?” sualı

Source:

Bu məsələ haqqında bir dostuma söhbət edərkən Fransada yaşasa da bakılı ləhcəsilə gözəl bir reaksiya verdi : “Ala, biz hələ hardayıq?”

Regionda müharibə söhbətləri, 18-19. əsr sayaq millətsevərlik və ya vətənsevərlik, imperial arzular, ərazi iddiaları, etnik hüquqlar, bizim ölkədə 19. əsr sayaq ateist-deist-dindar debatları, demokratiyanın təməlləri haqqında intellektuallar arasındakı didişmə, demokratiyanın yoxluğu, milliyətçilik-tolerantlıq, sağ-sol ziddiyətləri, modernitə və ənənə… Bunlar hamısı ən gec 20. əsrin ortalarında qalmış məsələlər idi. Sivilləşmiş dünyada təbii. Dindarların əlindən qaçdığını iddia edən intellektuallar, kasıblığın əlindən qaçan dindarlar, kasıblığına görə “xoşbəxt” olan və göydə Allaha, yerdə hökumətə təşəkkür edən kasıblar, hər kəsi varlı sayan varlılar, varlanmağa utanan arlılar…

Biz bunlarda ikən dünya haradadır?

Yaxın zamanalarda Reutersin fransız branşı LesEchos-da çox maraqlı bir terminə rast gəldim : Ölkələr və firmalar arasında “Talantlar savaşı”. Modern çağa dair bir neçə savaş növündən xəbərim vardı, ancaq talantlar savaşı haqqında eşitməklə bu barədə yazı yazmaq qərarına gəldim.

Deməli, araşdırma göstərir ki, qarşıdakı 20 ildə dünyada 40 million talantlı insan çatışmazlığı olacaq. Ona görə yox ki, dünya insanları gedərək debilləşir, sadəcə iqtisadi inkişaf tempi bəşəriyyətdən daha mükəmməl olmağı tələb edir. Daha çox sayda gənclərin təhsil alması, daha yüksək və uzun müddətli elmi dərəcəyə çatması məhsuldar prosesə cəlb edilməsi ehtiyacı artır. Adətən, adi insanlar iş axtarır. Ancaq, talantlı insanları firmalar və ölkələr özləri axtarırlar. Amerikanın dünyaya gətirdiyi ənənələrdən biridir (köhnə fenomendir) beyin miqrasiyası. Ancaq, bunun savaş halına gəlməsi təptəzə mövzudur.

Bəli, dövlətlər artıq dünyadakı talantlar (irqindən və dinindən asılı olmayaraq) uğrunda savaşırlar. Onu da əlavə edim ki, 40 million talantın üzərinə 45 million da orta səviyyəli peşəkarların əlavə edilməsi lazımdır. Xüsusilə də “emergent markets” adlanan, sıçrayan ölkələrdə. İşsizlik üzrə ciddi sıxıntı yaşayan Avropa digər tərəfdən də 900 000 İT mühəndisi çatışmazlığı yaşayır, yəni iş var, “oğul” yoxdur. Deməli qıt bir resurs olan talantlı insanlar uğrunda çırpınmaq lazımdır. Haqqı ilə də çırpınırlar…

Deməli, dünyanın ən nəhəng Biznes məktəblərindən olan İnsead yeni bir index açıqlayıb. Qlobal Talantlar üztə rəqabət indeksi adlanır. Bu indeksə əsasən ölkələr qiymətləndirilib. Hansı ölkə talantlı insanların cəlb olunmasına, yetişdirilməsinə, saxlanmasına nə qədər şərait yaradır və nələr edir hamısı ölçülüb. İnsead elə bir qurumdur ki, dünyanın hər yerində büroları, partner universitet və fakultələri var. Hər yeri ovucunun içi kimi bilir. 48 parametr üzrə 103 ölkə qiymətləndirilib. İnkişaf səviyyəsi ilə bu indeks arasında mütənasiblik var, ancaq 100 % -lik deyil. Üstəlik inkişafınmı bunu, yoxsa bu imkanların inkişafı dəstəklədiyi hələ dəqiq deyil. Nəzərə alsaq ki, modern dünayada inkişafın lokomotivi innovasiyadır və bunu da ancaq talantlar edir, o halda deyə bilərik ki, talantların cəlb edilməsi inkişafı tətikləyir. İnkişaf isə öz növbəsində yeni talantlara ehtiyac yaradır. Beləcə ölkədə və dünyada dövlətlər yarışa girirlər ki, ən talantlılar bizim olsun. Qərəz, onu deyim ki, bu indeks üzrə ilk 20-dən 16-sı Avropa ölkəsidir. Birinci yerdə İsveçrə durur.

Ancaq dəhşətlisi odur ki, Singapur ikinci yerdədir. Bir ovuc ölkənin açdığı oyuna bax. Azərbaycan 57., Türkiyə isə 67. yerdədir. Rusiya 51., Ermənistan 61. və Gürcüstan isə 50. yerdədir. İran isə yerli-dibli siyahıdan kənardadır. Region olaraq pis vəziyyətdəyik. Görəsən bunun siyasi durumla əlaqəsi varmı? “Transaparency İnternational” bu barədə az şey demir. Ancaq, əsas məsələ budur ki, çox geridəyik. Bizim insanımız talantlıdır, heç bir pafosa getmədən buna inandığımı bildirim. Məsələ bu talantların kəşfi, yetişdirilməsi, cəlb edilməsi və saxlanması məqamında nə qədər effektiv olduğumuzdadır. Rusiyanın imperial həvəsləri, Ermənistan və Azərbaycanın xəstəlik səviyyəsində nifrəti və keçən əsrdən qalan həll edilməmiş problemləri, Türkiyədə fundamental insan hüquqlarının hələ də yetərincə təmin edilmiş olmaması (əvvəl gələn 3-lük bu barədə müzakirəni heç haqq eləmir), tutarlı təhsil siyasəti apara bilməməsi, daxili qeyri-sabitlik və Gürcüstandakı kasıblıq. Demokratiyanın regionda qısır olması da ciddi bir faktordur. Biz yeni əsrin savaşlarına qatıla bilmirik. Çünki köhnə çağların beynindən xilas olmağa hələ çox var.

Azərbaycan 48 parametr içərisində “qadın olma də peşəkarlıq” meyarı üzrə 100 % not alıb. Ən betər texniki notu isə universitetlərin bu sahədəki, yəni talantların kəşfində effektivliyi üzrə alıb. Bunun ikisi də, biri mənfi, biri müsbət Sovet irsinin nəticəsi kimi görünür.

Ancaq, nə olsun, “zato” Ermənistandan qabaqdayıq. Ermənilər də bunu görüb belə deyəcək yəqin : “Türkiyədən qabaqdayıq. Üstəlik Azərbaycanın nefti var”. Ancaq, heç biri deməyəcək ki, bizim yarımız boyda olmayan ölkələr, İsveçrə, Sinqapur, Luxemburq necə zirvədədirlər? Bəs ex-sovet Estoniya, Müharibə şəraitindəki İsrail? Sinqapur Amerika ilə savaşır və qazanır. Bax budur sualın səbəbi, “biz hələ hardayıq?”.

Qeyd edim ki, bu sahədə OECD səviyyəsində həyata keçirilən PİSA layihəsi də maraqlıdır. Dünya üzrə yeniyetmələrin hansı dərslər üzrə daha çox talanta sahib olduğunu təsbit etməyə yönəlibdir. Britaniyalı beynəlxalq səviyyəli Hays HR bürosu isə ölkələr üzrə təhsil sistemi və kadr ehtiyacı arasında uyuşmazlıqları önə çıxaran bir araşdırma aparmış və yaxın zamanlarda hesabat yaymışdı. UNDP tərəfindən yayımlanan insan inkişafı indeksi də maraqlı müqaisələr aparmaq imkanı verir. Dünyadakı ən böyük sərvət talantlardır, savaş onun savaşıdır, zaman belə savaşın zamanıdır.

Keçək başqa savaşlara.. Hərçənd bunlar haqqında ayrıca və detallı yazmaq niyyətindəyəm, amma yadıma gələnlərdən bir neçəsinin adını sadalamaq yerinə düşür (cyber-savaş haqqında yazmaq istəmirəm, çox bayağı mövzudur, vacib olsa da).

Valyutalar savaşı. Dünya ölkələri ixracatı təşviq etmək üçün milli valyutasının dəyərini aşağı salmaqla qlobal ticari rəqabətdə üstünlük əldə edirlər. Savaş əsasən Çinlə getsə də, İsveçrə, Yaponiya, Braziliya, Argentina da bu taktikadan dəfələrlə istifadə etmişdi. Bu taktika 20. əsrdə məlum olsa da, sadəcə yeni çağda savaş halını alıbdır. O qədər vacib məsələdir ki, siyasi-diplomatik krizisə apara bilir. Bu savaşa tərəf ola bilmək, əlbəttə normal ixracat qabiliyyətinə sahib olmaq gərəkdirir. Normal ixracar dedikdə isə aydındır ki, söhbət neft-qaz kimi hazır xammal ixracından getməyəcək.

İqtisadi cəlbedicilik savaşı. Ölkələrin dünya investorlarını və istehsalçılarını müxtəlif təşviqedici siyasətlərlə, o cümlədən vergi, sadələşmiş bürokratiya, əlverişli bazar şəraiti, yüksək mülkiyyət toxunulmazlığı,cəlbedici reklam bazarı, siyasi və iqtisadi təmin olunmuşluq, sosial hüquqlar, şəffaflıq kimi meyarlarda gedən rəqabətdir. Bu məsələ ilə Dünya Bankının “Doing Bussiness” Raportu,”Global Competitiveness” raportu, Fraser İnstitue-un iqtisadi azadlıqlar üzrə hesabatları yoluyla tanış oluruq. Sıramız çox geridədir. Bəzən 100-ü keçir.

Dünya İnnovasiyalar Savaşı : Bu sahə üzrə də ən əsas mənbələrdən biri İnsead-dır. Hazırda bununla bağlı yayımlanan hesabata da baxıram. Ən xırda detala qədər toxunulur. Yeri gəlmişkən, İsveçrə bunda da liderdir. Biz mi? 105-ci yerdəyik. Türkiyə 68-ci yerdə. Mongolstan belə bundan irəlidədir. Bundan əlavə informasiya texnologiyaları sahəsi üzrə global yarışdan söz gedir.

Dövlətlərin borclanma faiz dərəcəsi üzrə yarışı da qeydə dəyərdir. Bu kimi renkinqlərdə mən biz tərəf ölkələrin adını belə axtarmıram. Dövlətlər ən ucuz borc verəni tapmaq və onların yanında inam qazamnaq üçün yarışırlar. Yunanıstan böhranı dünya ölkələrinə şapalaq kimi dəydi. Hamı bu işdə ehtiyatlı davranır. Amma, yarış hiss olunur. Dünyada bəlli bir zümrə vardır ki, sərvətinin bir qismini etibarlı və risksiz yatırmaq istəyir. Bu da adətən dövlət istiqrazları ilə olur. Ancaq, hər dövlətin etibarlıq dərəcəsi bir deyil. Etibarlığın qiyməti vardır, yəni bədəli. ən az bədəl ödəmək üçün, ən yaxşı sistemə sahib olmalısan. Almaniya bunun üçün sağ-sol partiyaların konsensusunu təşkil etdi. Milli birlik sadəcə müharibədə olur… Bu da bir müharibədir.

Vergi cənnəti, sərvət saxlancı və pul yuma üzrə gedən mübarizə. Avropanın öz daxilində, Amerikanın bütün dünya üzrə apardığı savaşdır. Sərhəd tanımayan kapitalın izlənməsi, vergiyə tabe edilməsi, şəffaflıq qayğıları və digər tərəfdən bəzi ölkələrin isti pula olan iştahı kontekstində yaranır. Avstriya, Luksemurq digər Avropa ölkələri ilə, İsveçrə isə Amerika və bütün AB ilə sıxıntılar yaşadı. Bunun üstünə “off-shore”-lar və vergi cənnətləri ilə bağlı skandallar gəldi. İqtisadi nəhənglərin, xüsusən Amerikanın büdcə sıxıntısı vergi məsələsinə daha kəskin yanaşmasına gətirib çıxardı. Bu savaş da bu həmin sıxıntıya çarə arayışının ifadəsidir.

Nəticə :

Biz isə əlindəki torpağı becərə bilməyən, amma hələ də torpaqdan gözü doymayan xəstə təfəkkürlü xalqlarla eyni regionda yaşayırıq. Təfəkkür o qədər xəstədir ki, torpaq insandan vacib sayılır. O qədər geridə qalmışdır ki, ən böyük sərvətin insan, özü də talantlı insan olduğu, onsuz torpağın heç bir mənasının olmadığı düşünülmür. O qədər ağılsızdır ki, torpaq almaq üçün insan vermək “hünər”, “milli qürur” mənbəyi sayılır. Bu bölgə elə gündədir ki, millətlərin torpaq arzusu talantları kor eləyir, ölkədən qaçırdır, cəlb eləmək yerinə. Talantlar talantından imtina edir, talantsızlar isə onları idarə edir. Bu regionun bir parçası olaraq bizim də təfəkkürümüz o qədər sağlam sayılmaz, haqlı tərəf biz olsaq da. Ancaq, dəlixanada ağıllı qalmaq olmaz. Bu regionun günü budur.

Yeni savaşlarda yer almağı, köhnə savaşlardan uzaq olmağı bacarmadıqca hələ çox soruşacayıq “ biz hələ hardayıq?” deyə, bütün region olaraq.

Ana səhifəMənim FikrimcəYeni dünyanın savaşları