”Əsas istehlak məhsullarının dəyərində təxminən 40-45 faizə qədər artım var”
2017-ci il Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumunun həddinin tədricən artırılması nəzərdə tutulur.
Trend yazır ki, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində deyilir.
Layihədə qeyd olunub ki, gələn il həmçinin əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri adları olanların, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
İqtisadçı Rövşən Ağayev Meydan TV-yə bildirib ki, Azərbaycanda pensiyaların baza hissəsi və minimum əməkhaqqının aşağı hissəsi uzun müddətdir ki, artırılmır. Sonuncu dəfə minimum əməkhaqqı 2013-cü ilin sentyabrında 5 manat müəyyənləşdirilib. Pensiyaların baza hissəsi 100 manatdır və həmin vaxtdan artırılmayıb:
“İki devalvasiyadan sonra yaşayışın dəyəri isə kəskin şəkildə artıb. İlkin qiymətləndirmələrə görə, son 2 ildə ərzaq səbətinin dəyəri 35-40 faiz bahalaşıb. Əsas istehlak məhsullarının dəyərində təxminən 40-45 faizə qədər artım var. Düzdür, son iki ildə yaşayış minimumu artıb, “Büdcə haqqında” qanunveriuciliyə parlamentdə baxılıb, amma bir daha deyirəm, minimum əməkhaqqı və baza pensiyası son 3-4 ildə dəyişməyib”.
İqtisadçı vacib məqamlardan biri kimi baza pensiyasının və minimum əməkhaqqının məbləğinin yaşayış minimumundan ən azı 30-35 faizə qədər az olduğunu hesab edir: “Hökumət üçün əslində hədəf minimum əməkhaqqı, pensiyaların baza hissəsi və yoxsulluq müavinəti üçün həddi yaşayış minimumun dəyərinə uyğunlaşdırmaq olmalıdır. Yəni, bu yanaşma özül kimi götürülməlidir”.