Yenə də qadın…

Söyləməkdən qorxma!

Source:

Son zamanlarda qadınların həyat yoldaşları tərəfindən qətl edilməsi xəbərləri daha da çoxalıb. Onların bədənlərindən axan qan gözyaşları ilə birlikdə torpağa qarışır. Bu qadınların həyat hekayəsini çox vaxt onları öldürən şəxslərdən eşidirik. Necə də asan qaralayırlar öz qurbanlarını. Çoxu deyir ki, “həyat yoldaşımı namus məsələsinə görə öldürdüm”. Sonradan məlum olur ki, kişinin başqa məşuqəsi var imiş. Həyat yoldaşına bunu söyləmək cəsarəti olmadığı üçün də, onu öldürməyi seçib. Bəziləri hətta körpə övladlarına belə qıyırlar. İnsafsızlığın bu qədəri…

Öldürülən qadınlar haqqında məlumatlara sadəcə xəbərlərdə, kriminal televiziya proqramlarında rast gəlirik. Sadəcə bir neçə gün… Çarəsiz, boynubükük dünyadan köçən bu qadınları sonradan heç kim xatırlamır.

Onların gerçək həyat hekayələrini heç vaxt araşdırmadan, mühakimə edirik qadınlarımızı. İntihar etdiyi deyilən qadının əri tərəfindən öldürüldüyü məlum olur. Səbəb isə daha da acınacaqlıdır. Sən demə, oğlan qızı hədələyirmiş ki, atan bizə ev almalıdır. Buna görə də, bir insan taleyinə son qoymaq olarmı? Suallar cavabsız qalır.

Biz yenə susuruq. Gerçəklərə qulaqlarımızı qapadırıq. O qadınların bağırışını, hıçqırtısını eşitmək belə istəmirik. Bu ölkədə insanlar “yaxşı at özünə qamçı vurdurmaz” misalınındakı atı qadına bərabər tutur. Yəni qadının dəyəri bu qədər ucuzdur ölkəmizdə. Təəsüf…

Əslində, qadınlar ölüm təhlükəsi ilə qarşı-qarşıya olduqlarını bilirlər çox vaxt. Ərləri onları hədələyir. Cəmiyyətdən, tək qalmaqdan qorxduqları üçün dözürlər. Heç kimdən kömək istəmədən, öz ölümlərini gözləyirlər. Yəni qısaca desək, yaşadıqları acıları söyləməkdən qorxurlar.

Bəs bu qadınları öldürən insanların taleyi necə olur? Cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsinə görə cəmi 7 ildən 12 ilədək məhkumluq həyatı çəkib azadlığa çıxırlar qatillər. Halbuki insanlar bu cür cinayətlərə görə daha uzun müddətli həbs olunmalıdırlar. Qadının həyatı bu qədər ucuz olmamalıdır. Çoxu da düşünür ki, bir neçə il yatıb çıxacam.

Türkiyədə qadın jurnalistlər və qadın təşkilatları qanunlarda dəyişiklik edilməsi üçün əl-ələ verdilər. Bəs biz niyə qadınlarımız üçün heç nə etmirik? Əgər qanunlarda dəyişiklik olsa və cinayət işləyən şəxs uzun müddətlik həbs olunacağını bilsə yenə bu addımı atarmı? Yəqin ki, yox. Ən azından cinayətlərin sayında kəskin azalma olar. Lakin, qanun qarşısında da qadınlar haqlarını tələb etməkdən, gerçəkləri söyləməkdən qorxurlar.

“Söyləməkdən qorxmuram”.

Qadınlar sadəcə öldürülürmü? Əlbəttə ,yox. Bəzən onlar hər gün ölür, ancaq biz onları görmürük. Cəmiyyət onları o qədər sıxır ki, demirlər, deməyə qorxurlar. Heç bir günahları olmasa da, utanırlar. Bəli, təcavüzə uğrayan qadınlar çox vaxt bunu etiraf edə bilmədikləri üçün, bunu edən insanlar cəzasız qalır. Hətta ailəiçi təcavüz halları olur. Belə olduqda yenə qadınlar susur, söyləməkdən qorxurlar.

Qadınlara ictimai nəqliyyatda və digər ictimai yerlərdə fiziki təmas edərək, öz iyrənc əməllərini törədənlərə isə ölkəmizdə heç bir cəza yoxdur. Qadınlarla istədikləri zaman, istədikləri kimi rəftar edə biləcəklərini düşünən bəzi kişilər öz iyrənc nəfslərinin qurbanı olurlar. Bu insanları ifşa etdikdə isə yenə günahkar qadınlar olur. Çox vaxt utanıb, səslərini çıxarmırlar, söyləməkdən qorxurlar.

Yəqin ki, çoxunuzun sosial şəbəkədə səs gətirən #ЯНеБоюсьСказать (Söyləməkdən qorxmuram) haştaqından xəbəriniz var. Ukraynalı və rus qadınlar məruz qaldıqları fiziki zorakılıqları bu haştaq vasitəsilə dünyaya çatdırırlar. Bu hərəkatın başlanğıcını qoyan Anastasiya Melniçenko haştaqı yaratmaqda məqsədinin qadınlara qarşı fiziki, psixoloji və seksual zorakılıq göstərən şəxsləri ifşa etmək olduğunu açıqlayıb.

Biz də isə bir qadının bunu etiraf etməsi dəhşətli olardı yəqin. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin və Lent.az saytının bir neçə il əvvəl keçirdiyi “Qadınlara qarşı zorakılığa yox!” həftəsi ölkənin tanınan qadınları öz hekayətlərini danışdılar. Birini əri, birini atası, birini bütün ailəsi illər uzunu döymüş, təhqir etmişdi. Bu hekayətlər çap olunan ərəfədə bir neçə yazıçı belə sosial şəbəkələrdə bu işkəncələrə haqq qazandırdı və qadınların özlərinin günahkar olduğunu, ya da boşanmağa bəhanə axtardığını yazdı.

Bəlkə elə buna görə, bu ictimai qınağa görə, qadınlarımız bu etiraflara cəhd etmir belə. Düşünürlər ki, elə ictimai qınaq özümüzə, qadınlara qarşı olacaq. Yəni yenə də söyləməkdən qorxurlar.

Qadınlar fiziki zorakılığa məruz qalır – söyləməkdən qorxur.

Qadınlar döyülür – söyləməkdən qorxurlar.

Qadınlar hədələnir – söyləməkdən qorxur.

Qadınlar psixoloji və mənəvi təzyiqə məruz qalır – söyləməkdən qorxur.

Başqa ölkələrdə qadına verilən dəyərdən, başqa mədəniyyətlərdən, başqa cənnətlərdən danışmaqdan yorulduq. Ədaləti öz yaşadığımız ölkədə görmək istəyirik. Bu bizim qadınlarımızın da haqqıdır. Öz ölkəmizdə də rahat yatmaq, burada qız övladlarımızı rahat böyütmək istəyirik, ancaq olmur. Qadını bu ölkədə heç kim düşünmür.

Heç olmasa, biz özümüzü düşünək qadınlar! Haqqımızı tələb etməkdən, söyləməkdən qorxmayaq!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəYenə də qadın…