Yazma

Sosial şəbəkələrdə fikir verirsinizsə, əksər xahişlər, tələblər nəyisə yazmamaqla bağlıdır

Source:
İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli

Sosial şəbəkələrdə fikir verirsinizsə, əksər xahişlər, tələblər nəyisə yazmamaqla bağlıdır. Tənqid, tərif, xatirə və s. 31 avqustda bir yoldaş yazıb ki, “xahiş edirəm, sabah 1 sentyabr xatirələrinizi yazmayın”. Bu qədər dözümsüzlük yaxşı şey deyil. Bəzən bizdə bunu nəzərə alaraq, cəmiyyətimizə “ifrat fərdiyyətçi” deyirlər. Amma bu, bizim fərdiyyətçilikdən (individualizmdən) ifrat dərəcədə uzaq olmağımızı göstərir. Fərdiyyətçilik öz azadlığından başqalarının azadlığının sərhədlərinə qədər istifadə etmək, eyni zamanda hər kəsin bu hədlər daxilində hüquq və azadlıqlarını həyata keçirməsinə dözümlü yanaşmağı nəzərdə tutur.

Bizdə isə, əksərən, hansı həddə olmasından asılı olmayaraq, başqasının hüquq və azadlıqlarını həyata keçirməsinə dözmək, tolerant yanaşmaq, hörmət etmək düzgün qarşılanmır. Elə düşünürlər ki, kimsə öz xatirəsini sosial şəbəkədəki öz hesabında yaza bilməz.

Bu dözümsüzlüyün başqa nümunəsi “guya Amerikada yaxşıdır?” zərb-məsəlidir. Məsələn, hansısa siyasətçinin bir bəyanatı və ya siyasi gedişi, yaxud siyasətə dəxli olmayan açıqlaması barədə şərh yazan, onu tənqid edən adamın dərhal şəxsi həyatı araşdırılır. Əslində mövzu tənqid edilən siyasətçinin əməlidir, amma barəsində danışılan mövzu tənqid edənin 10 il qabaq universitetdə oxuyarkən, hansı fəaliyyətlə məşğul olmasıdır. “Sən özün nə olmusan ki?” – bizdə “guya Amerikada yaxşıdır?” ifadəsi belə səslənir adətən. 90-cı illərdə isə belə idi:

“Bəy tutulanda sən harada idin?” Hər şeyi bəyin tutulanda insanın harada olması müəyyən edirdi, deyilən söz, tənqid, əməl əhəmiyyət kəsb etmirdi.

Bu, əslində mətbuata hücumun fərdi səviyyədə və şəklini dəyişmiş formada həyata keçirilməsidir. Məsələn, müstəqil mətbuat orqanı hökumətdəki korrupsiyanı ifşa edir, hökumət həmin korrupsiya faktı və ya iddiaları ilə məşğul olmaqdansa, danışanı susdurur. Kimsə bir siyasətçini tənqid edəndə də, siyasətçinin əlaltıları həmin tənqid olunan xüsusiyyəti və ya əməli müzakirə etməkdənsə, danışanı, bu çatışmazlığı və ya çatışmazlıq iddiasını işıqlandıranı susdurmağa üstünlük verirlər. Vasitə də qurşaqdan aşağı zərbələrdir, adamın şəxsi, hətta gizli həyatı araşdırılır, əksər vaxt araşdırılmadan böhtan atılır. Təbii ki, jurnalisti həbs etməklə, müxalifət liderini tənqid edənə böhtan atmaqla nə hökumətdə korrupsiya azalandır, nə də həmin müxalifət liderinin mənfi xüsusiyyətləri düzələn.

Yazmaq istəyəni yazmağa qoymamaq başqa sahələrə də sirayət edir. Söhbət 1 sentyabr xatirələrindən yox, daha ciddi, tarixi əhəmiyyəti olan, hətta gələcəkdə siyasi-hüquqi formasiyamızın müəyyənləşdirilməsi üçün əhəmiyyəti ola biləcək xatirələrin yazılmasından gedir. Müasir dövrümüzün ən qaranlıq, ziddiyyətli hissəsi 1988-95-ci illərdir. Eləcə də 1998, 2003, 2005 seçkilərində də baş verən hadisələrin əksəriyyətini bir qrup adamdan başqa heç kim bilmir. Bu hadisələrin nəinki şahidləri, birbaşa iştirakçıları, həlledici fiqurları olan adamlar var ki, bu barədə on illərdir, heç nə yazmırlar. Uğur Mumcu demişkən, insan yalnız danışdıqlarına görə yox, susduqlarına görə də məsuliyyət daşıyır. Bu adamlar, başda siyasi iddiası olan Əli Kərimli və İsa Qəmbər olmaqla, bu susqunluqlarına, həqiqəti gizlətdiklərinə görə, məsuliyyət daşıyırlar. Deyilə bilər ki, onların yazacaqları birtərəfli olacaq. Olsun. Birtərəfli olsun, yazıb öz siyasi fəaliyyətlərində istifadə eləsinlər, özü də lap sui. Amma yazsınlar. Təki yazsınlar. Bizim – o proseslərin yaratdığı vəziyyətin əziyyətini çəkən insanlar olaraq bunları bilmək haqqımız var. Bu susqunluq isə həmin hüququmuzun pozulmasıdır.

Əli Kərimli, İsa Qəmbər və o hadisələrin digər yüzlərlə iştirakçıları yazı bilə-bilə yazmırlar (Zərdüşt Əlizadə istisna olmaqla), susurlar, həqiqəti bilirlər (ən azı qismən), amma demirlər. Həqiqəti bilib deməmək yalan danışmağa bərabərdir. Çünki o həqiqət gizlədildiyi müddətdə, yalanlar camaatın başına doldurulur və alternativsiz olduğuna görə onlar da inanırlar.

Həm də söhbət təkcə xatirələrdən getmir. Siyasi mübarizənin yolu, milli mübarizənin hədəfləri barədə heç nə yazılmadı. Əsrin ¼-i qədər müddətdə müxalifətdə qalıblar, amma hələ də bir mübarizə yolunu ortaya qoya bilməyiblər. Rəsulzadə və silahdaşları Azərbaycanın milli mübarizə tarixini yazıblar, öz dövrləri və daha sonralar üçün xəritə cızıblar, yolu göstəriblər. İndiki müxalifət liderlərinin göstərdiyi yeganə yol “İnşaatçılar” metrostansiyası-“Məhsul” stadionu yoludur, vəssalam. Vizyon yoxdur, yoldaşlar, bunsuz siz heç nəyə nail olmayacaqsınız, elə olmursunuz da. Sizin kitabınız yoxdur. Ona görə də daim məğlubsunuz. Daim məğlub olmaq sizin siyasətin qayəsidirmi – bilmirəm, amma fakt budur ki, siz buna qulluq edirsiniz. Özünüz cəhənnəm, arxanızca gedən minlərlə fədakar adamı da bu luzerliyin dibinə soxmusunuz. Elə bil kimsə bunlara deyib ki, “xahiş edirəm, 1 sentyabr xatirələrinizi yazmayın”.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəYazma