Yazıçı Əkrəm Əylislini prokurorluğa çağırıblar. Bu barədə onun vəkili Elçin Sadıqov öz facebook səhifəsində yazıb. Bildirib ki, sentyabrın 6-sı saat 16:00-da Əkrəm Əylisli ilə birlikdə Bakı şəhər Prokurorluğunda olmalıdır. Yazıçının işini araşdıran müstəntiq Asəm Səfərəliyev konkret hansı istintaq hərəkəti ilə bağlı çağırılmaları barədə onlara bilgi verməyib.
Yazıçı Ə. Əylisli bu ilin martında İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. Rəsmi orqanlar yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığından saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratdığı ilə bağlı iddiaları qəti rədd emişdi. Sərbəst buraxılan yazıçıya sonradan xuliqanlığa görə cinayət işi açılmış, ardınca o, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunmuşdu.