Yazıçı Anar: Həbslər mənim problemim deyil



”Gülənlə heç bir əlaqəm yoxdur”


Respublika Prokurorluğunun 15 iyul Türkiyə olaylarından sonra cinayət işi açması və son həbslər media və sosial şəbəkələrdə bir sıra araşdırmalara rəvac verdi. Məlum oldu ki, Türkiyədə terrorçu təşkilatın rəhbəri elan edilən Fətullah Gülənin “Dialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatının fəxri başqanı, AYB sədri Anar Rzayev imiş. Meydan TV bu istiqamətdə yaranan suallara yazıçı Anarın cavablarını almağa cəhd etdi.


– Anar müəllim, son bir neçə gündə Azərbaycanda Fətullah Gülənlə bağlı olduğu bildirilən “Dialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatın fəxri başqanı olmağınız haqqında fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?

– O təşkilatın rəhbəri yazıçı Çingiz Aytmatov, fəal üzvü Oljas Süleymanov və Moskvadan akademik Rıbakov olub. Onların tədbirlərində rəhmətlik Heydər Əliyev çıxış edib. Mən də o təşkilatın üzvü olmuşam. Gülənlə heç bir əlaqəm yoxdur və onun kim olduğunu bilmirəm.


– Bir ziyalı olaraq Azərbaycanda Fətullah Gülənə görə həyata keçirilən həbsləri necə qiymətləndirirsiniz?

– Bilmirəm, o, mənim problemim deyil.


– Bəs təşkilatla əlaqəniz varmı?

– Yox, onların özləri də dağılıblar.


– Təşkilata üzv olanda Gülənin kim olduğunu bilirdinizmi?

– Mən heç o təşkilatın Gülənlə bağlı olduğunu da bilmirdim. Təşklilat Türkiyənin rəsmi təşkilatlarından biri idi, ona görə də Gülənlə maraqlanmırdım.


– Ancaq fəxri başqan idiniz…

– Bəli.


– O zaman fəxri başqanlığı necə qəbul etdiniz?

– Ona görə qəbul etdim ki, onların gördüyü işləri Azərbaycanda da yüksək qiymətləndirirdilər, o cümlədən, rəhmətlik Heydər Əliyev də. Vaxtilə Heydər Əliyev onların Bakıdakı toplantısında çıxış etdi, onda heç Gülənin adı da yox idi. Gülənin adını indi eşidirik.


– Gülənlə bağlı Türkiyədəki hadisələri necə qiymətləndirirsiniz?

– Türkiyədə demokratiya qalib gəldi, xalq küçələrə çıxıb qanuni seçdiyi prezidentini müdafiə etdi, bununla da hər şey bitdi.


– Siz Gülənin terrorçu təşkilata rəhbərlik etdiyinə inanırsınızmı?

– Elə sual verirsiniz ki… Mən nə bilim Gülən hansı təşkilatın rəhbəridir? Əgər Türkiyə belə hesab edirsə, görünür, nəsəyə əsaslanıb deyir də. İndi mən düz, yaxud yalan dediyklərini söyləyim? Bunun mənə nə aidiyyatı var?


– Ancaq Azərbaycanda da cinayət işi açılıb, AXCP sədrinin köməkçisini və partiya üzvünü həbs ediblər…

– Məni onlara qarışdırmayın, xahiş edirəm. Sualınızı verdiniz, cavab verdim.

Ana səhifəVideoYazıçı Anar: Həbslər mənim problemim deyil