”Yayın günündə susuz qalmışıq”

Borcu olmayan sakinlər suyun kəsilməsinə etiraz edirlər

Source:


Borcu olmayan sakinlər suyun kəsilməsinə etiraz edirlər

“2014-cü ildə binamız təhvil verildi. İstilik sistemini “Azəristiliktəchizat” ASC, su sistemini “Azərsu” ASC boynuna götürdü. Müqavilə bağlanıb, razılaşdırılıb. Müqaviləyə əsasən, bina 24 saat isti su ilə təmin olunmalıdır. Buna görə bütün sakinlər aylıq pul da ödəyirlər. Ancaq bir həftədən çoxdur ki, “Azəristiliktəchizat” isti suyumuzu kəsib. Bu yayın günündə qalmışıq susuz” – deyir, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 35 D binasının sakinləri.

Binanın komendantı Məhəmməd Məmmədov deyir ki, bina nə qədər “Neftçi” MTK-nın balansında idi, hər şey qaydasındaydı. Elə ki, “Azəristiliktəchizat” qazanxananı təhvil aldı, həmin vaxtdan problemlər başladı:

“Həmin gündən problem içindəyik. Deməli, qış vaxtı istiliyi 10 gün gec, 5 gün tez kəsirlər. 2-3 dəfədir ki, bu hadisəni başımıza gətirirlər. Binadan isti su üçün yığılan pulu “Azəristiliktəchizat” yığır. Ancaq bunun müqabilində xidmət göstərmir. Çünki “Azəristiliktəchizat” “Azəriqaz”a borcu var. Onu ödəmədiyinə görə də “Azəriqaz” qazanxananı bağlayıb. Biz də bir həftədir qalmışıq isti susuz. Mənzillərdə də nə kombi sistemi, nə da başqa nəsə var. Binanın sakinləri uzun illər neft sahəsində çalışanlardır. Xəstəsi var, yaşlısı var, körpəsi var. Nə edək, hara şikayət edək bilmirik”.

Məhəmməd Məmmədov deyir ki, bununla bağlı dəfələrlə “Azəristiliktəchizat”a müraciət ediblər. Heç bir təsiri olmayıb:

“Sakinlərin borcu yoxdursa, nə haqla onların suyu kəsilməlidir? Anlaşılan deyil.  Binada 303 mənzil var. 1000 nəfərdən çox insan yaşayır. Bir həftə ərzində bu qədər insanı susuz qoymaq bilirsiniz nə deməkdir? Yayın günü qalmışıq pis vəziyyətə”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. Onlar hazırda problem həll edə bilmədiklərini söyləyiblər:

“Borc çox böyükdür. Nazirlər Kabineti tərəfindən həll olunmalıdır. Bizlik nəsə yoxdur”.

Sakinlər isə bildirirlər ki, həmin borcun necə yaranmasını anlaya bilmirlər: “Biz hər ay lazım olan vəsaiti ödədiyimiz halda, bu qədər borc necə yaranır, anlamırıq”.

Ana səhifəXəbərlər”Yayın günündə susuz qalmışıq”