Yayda toz-torpağa, qışda bataqlığa çevrilən Hacıbəbirli yolu

Foto: Meydan TV

Sakinlər aidiyyəti qurumların diqqətini bu yollara çəkmək istəyir

Sabirabadın Hacıbəbirli kənd sakinləri Meydan TV-yə danışırlar ki, 12 kəndi birləşdirən yol tamamilə dağılıb. Kəndiçi yollar da keçilməz vəziyyətdədir. Əsasən də indi – yağış, qar mövsümündə bu yollarda hərəkət etmək mümkün deyil.

Kənd sakini Ədilə Əkbərova deyir, məktəblilər evdən çıxanda özləriylə mütləq ehtiyat ayaqqabı götürürlər:

“Bu kənddə yağış yağdı, adam küçəyə çıxa bilmir. Yol yoxdur, topuğa qədər palçıq var. Uşaqlar məktəbə çətinliklə gedib gəlir. Bir əllərində məktəb çantası, o biri  əllərində içərisində ehtiyat ayaqqabı olan torba aparırlar. Məktəbə çatanda ehtiyat ayaqqabını geyinirlər ki, sinif otaqları palçıq olmasın”.

6 il əvvəl asfalt döşənmişdi

Məsələ təkcə kəndiçi yollar deyil. Kəndin çıxışından sonrakı ümumi yol da yararsızdır. Baxmayaraq ki, bu yol 6 il əvvəl asfaltlanıb, artıq istismara yararsız vəziyyətdədir. Sakinlər deyir, gün ərzində yüzlərlə insan kənd yollarından gediş-gəliş üçün istifadə edir. Bu yolda minik avtomobilləri ilə yanaşı ağır texnikalar da hərəkət edir, eləcə də yoldan kənd sakinlərinin mal-qarasını örüş sahələrinə aparıb-gətirməsində istifadə olunur.

Kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər:

“Uzun illər əvvəl küçənin asfalt örtüyü ərazidə intensiv hərəkətin (ağırtonalı maşınların, texnikaların və mal-qaranın) mövcud olması səbəbindən dağılıb. Buna görə də yay aylarında toz-torpağın qalxmasına, qış aylarında isə keçilməz bataqlığa səbəb olan bu yol insanların da gündəlik həyatına mənfi təsir göstərir. Dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etmişik, yolun bu vəziyyətdə olması avtomobillərin qəzaya düşməsinə səbəb olur”.

Sabirabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndarası yolların əsaslı təmiri istiqamətində layihə hazırlanır. Bu işlə bələdiyyə məşğul olur. Yaxın zamanda həm Hacıbəbir kəndinin, həm də bələdiyyənin ərazisindəki digər kəndlərin yollarında əsaslı təmir işləri gözlənilir.

Ana səhifəBölgəYayda toz-torpağa, qışda bataqlığa çevrilən Hacıbəbirli yolu