Tahir Süleymanov: ”Yaxın zamanlarda ölkədə futbolun dəfn mərasiminə hazırlıq görüləcək”
Azərbaycan Premyer Liqası yekunlaşdı. Medalçılar və Avropaya gedəcək komandalar müəyyənləşdi. İndi futbol ictimaiyyətinin əsas müzakirə mövzusu Azərbaycan klublarının avrokuboklardakı çıxışıdı.
“Ya bu il, ya da heç vaxt” qorxusu
İctimaiyyətin müzakirəsində bir narahatlıq da hiss olunur. Bu narahatlıq isə əbəs deyil. Ötən il Azərbaycanı Avropa Liqasının qrup mərhələsində 2 komanda təmsil edib. Təbii, belə nəticədən sonra hər kəs yüksəliş gözləyir. İndi futbol ictimaiyyəti iki il dalbadal Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış “Qarabağ”dan Çempionlar Liqasının qrupunda oynamağı tələb edir. İctimaiyyətin buna haqqı da çatır. Azərbaycandan çox sonralar UEFA-ya qəbul olunmuş Qazaxıstanın komandası ötən il qitənin ən nüfuzlu turnirinin qrup mərhələsində mübarizə aparıb. UEFA isə bu ilin sonunda Çempionlar Liqasının formatını dəyişmək niyyətindədir. Format dəyişsə, Çempionlar Liqasının qrup mərhələsində 32 yox, 16 komanda mübarizə aparacaq. 32 komandanın mübarizə apardığı turnirdə təmsil oluna bilmiriksə, deməli, 16 komandanın arasında da bizə yer olmayacaq. Futbol ictimaiyyəti dəyişikliyi nəzərə alaraq, “ya bu il, ya da heç vaxt” qorxusu qarşısında qalıb.
Vəziyyətin acınacaqlı olmasını sübut edən fakt
Ancaq yayda bizi Avropada uğurun gözləyəcəyinə də güman yoxdur. Bu da Azərbaycan çempionatının səviyyəsinin kəskin şəkildə aşağı düşməsilə bağlıdır. Ötən ilə qədər iddialı klublardan sayılan bir neçə komanda bu gün ağır durumdadır. “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı. “İnter” FİFA tərəfindən cəzalanıb. “Neftçi” maliyyə böhranından çıxa bilmir. Vəziyyətin acınacaqlı olmasını sübut edən fakt: Ötən il birinci dəstədə 7-ci yeri tutub, AFFA-nın “güzəşti” sayəsində Premyer Liqada mübarizə aparan “Zirə” çempionatı 2-ci pillədə başa vurdu. Amma qəsəbə komandasının lisenziyası olmadığı üçün Avrokuboklarda mübarizə apara bilməyəcək. Hətta ötən il Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış “Qəbələ” də “Zirə” ilə bacarmadı. Ötən il birinci dəstədə mübarizə aparmış komanda qısa müddətdə bu qədər güclənib? Yox, əslində “Qəbələ”, “Neftçi” həddindən artıq zəifləyib. “Neftçi” çempionatı 6-cı pillədə başa vurub. “Ağ-qaralar” yalnız “İnter”in və “Zirə”nin avrokuboklara buraxılmamasına görə Avropaya vəsiqə əldə edib. Ancaq bu komandadan kimsə ciddi uğur gözləmir. Futbol mütəxəssisləri “Neftçi”nin ən yaxşı halda bir mərhələ keçəcəyini güman edir. “Neftçi” ötən il avrokuboklarda elə ilk mərhələdə mübarizəni dayandırıb. Heyət isə demək olar ki, dəyişməyib. O heyətlə çempionatda 6-cı pilləni (10 komandanın arasında) tutan “Neftçi” bu il avrokuboklarda nəyə ümid edə bilər?
Tale Heydərovun imkanları tükənib?
“Qəbələ”nin durumu daha acınacaqlıdır. Komanda rəhbərliyi bu mövsüm çempionluq uğrunda mübarizə aparacağını bildirmişdi. Ancaq “Qəbələ” yalnız son turda Gəncədə “Kəpəz”ə qalib gəlib, bürünc medala sahib çıxdı. Komanda çempion “Qarabağ”dan 25 xal geri qaldı. Avrokuboklarda mübarizənin başlamasına bir aydan da az vaxt qalıb. “Qəbələ” isə nəinki heyəti gücləndirir, heç qoruyub saxlaya da bilmir. Artıq komandanı 8 futbolçu tərk edib. gələn isə yoxdur. Özü də komandanı tərk edənlər klubun təklif etdiyi maliyyə şərtləri ilə razılaşmayanlardı. Hiss olunur ki, “Qəbələ”də maliyyə çatışmazlığı var. Klub prezidenti Tale Heydərovun komandaya kifayət qədər vəsait ayırmaq üçün imkanlarının tükəndiyi bildirilir. Hadisələrin bu cür gedişi “Qəbələ”nin də Avropada fiaskoya uğrayacağından xəbər verir.
Azərbaycanı Avroliqada təmisl edəcək digər komandadan – Gəncənin “Kəpəz” klubundan isə heç danışmağa dəyməz. Bu komanda çempionatda AFFA-nın ayırdığı cüzi maliyyə ilə iştirak edib. İndi avrokuboklara vəsiqə qazanılıb və heyəti gücləndirmək mütləq vacibdir. Bunun üçün isə vəsait yoxdur. Komandanın bel sütunu sayılan Junior Osvaldo artıq klubu tərk edib. “Kəpəz”in baş məşqçisi Şahin Diniyev isə onu məhz pulsuzluğa görə komandada saxlaya bilmədiklərini etirtaf edib. Deməli, “Kəpəz” də bu şərtlər altında avrokuboklarda mübarizəni elə ilk mərhələdə dayandrımağa məcbur olacaq.
“Qarabağı” zəiflədən rəqabətsizlik
Futbol ictimaiyyəti yenə də gözünü “Qarabağ”a dikib. Qurban Qurbanov “Qarabağ”da sabitliyi qorumağı bacarıb. Komandanın ötənilki heyəti demək olar ki, yerindədir. Maliyyə problemi də yoxdur. Ancaq bu, o demək deyil ki, “Qarabağ” Çempionlar Liqasının qrupunda oynaya biləcək. Yox, “köhlən atlar”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi də sual altındadır. Səbəb nədir? Rəqabətsizlik. Rəqabət olmayan yerdə inkişaf yoxdur. Bu mövsüm Azərbaycan Premeyer Liqasında rəqabət olmadı. “Qarabağ” rəqiblərini tam üstələyərək, asanlıqla çempion oldu. Rəqabətsizliyin komandaya ziyan verdiyini baş məşqçi Qurban Qurbanov da hiss edir. Mütəxəssis bu problemi qismən də olsa aradan qaldırmaq üçün avrokuboklardan əvvəl keçiriləcək təlim-məşq toplanışında güclü rəqiblərlə oynayacaqlarını deyib. Ancaq qısa müddətdə 3-4 komanda ilə keçiriləcək oyun mövsümboyu yaşanan rəqabətsizliyin gətirdiyi ziyanı çətin ki aradan qaldırsın. Bütün bunları nəzərə alsaq, Azərbaycanı bu yay Avropada fiaskonun gözlədiyini iddia edə bilərik.
Tahir Süleymanov: “Yaxın zamanlarda ölkədə futbolun dəfn mərasiminə hazırlıq görüləcək”
Futbol eksperti, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun klublarımızın avrokuboklardakı perspektivi ilə bağlı fikirləri də nikbin deyil: “Bu məsələni dolğun cavablandırmaq üçün məsələyə kompleks yanaşmaq lazımdır. Çempionatın səviyyəsi çox aşağı düşüb. AFFA rəhbərliyi bunu qəbul etmək istəmir və hər dəfə inkişafda olduqlarını dilə gətirirlər. Əgər son 1-2 ildə bunu jurnalistlər, az sayda haqqı deyən mütəxəssislər və sıravi azarkeşlər bildirirdisə, millinin son biabırçı oyunları fonunda yığmanın baş məşqçisi Robert Prosineçki də çempionatın səviyyəsinin aşağı düşdüyünü söylədi. Baxmayaraq ki, Prosineçki AFFA rəhbərliyilə eyni komandada təmsil olunur. Klubların Avropada necə çıxış edəcəklərinə analiz vermək üçün 3 il öncəyə nəzər yetirmək lazımdır. 2013-cü ildə AFFA İcraiyyə Komitəsi bütün beynəlxalq futbol qanunlarını pozaraq, klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul etdi. Bu qərar “Neftçi” və “Qarabağ”ın Avropada tarixi uğurlar qazanmağa başladığı vaxtda qəbul edildi. Niyə 2005-2012-illərdə – komandalarımızın 1-2 mərhələ adlamasının “toy-bayramla” qeyd olunduğa zamanda AFFA klubların işinə müdaxilə edib, bu qərarı qəbul etmirdi? Çünki belə durum millinin fiaskosu fonunda federasiyaya sərf edirdi. Hər dəfə “biz nə edək , çempionatımız çox zəifdir, Avropada heç bir uğur yoxdur” deyib, yığmanın zəif nəticəsinə haqq qazandırırdılar. Prosineçkinin son açıqlaması da oxşar ssenaridir. Məlum şuralaşma qərarı klubları ələ alıb zəiflətmək və millinin biabırçı məğlubiyyətlərinə, milliləşdirilmiş legionerlərə bəraət qazandırmaq məqsədi güdürdü. Ona görə də komandalarımız qrup mərhələsinə vəsiqə qazanandan sonra məqsədli qərar qəbul olundu. Hələ ki, “Qarabağ” və “Qəbələ” bu hala dözür.
İndiki durumda “Neftçi” rəhbərliyinin “1-2 mərhələ adlamaq uğur sayılacaq” deməsi (klub reytinqinin yüksək olmasına baxmayaraq), “Kəpəz”in eyni ideoloji nəzarətdə olması, “Qəbələ”də isə sabitliyin olmaması ötənilki nəticəni qazanmağın çətin olacağını diqtə edir. Ümid özünü AFFA müdaxiləsindən qoruyub saxlaya bilən “Qarabağ”adır. “Qarabağ”ın puşkatmada bəxt gətirərsə, Çempionlar Liqasını da hədəfləmək olar. Ehtiyatla danışmağımın əsas səbəbi “Qarabağ”ın heç bir müqavimət görmədən çempionluğu qazanması və sanki “yatmış” vəziyyətdə olmasıdır. Rəqabətsizliyin yaratdığı kəm-kəsiri hazırlıq dönəmində güclü rəqiblərlə oyunlarda da aradan götürmək çox çətin olacaq. Ən azından Avroliqanın qrupu təmin olunmalıdır. Ölkə futbolunun yarıtmaz idarəçilik sayəsində məhvə sürükləndiyini nəzərə alsaq, “Qarabağ”ın üçüncü dəfə qruplara qalması da uğur sayılmalıdır. Növbəti mövsümdə oynamaq üçün klub tapılmadığını nəzərə alsaq, yaxın zamanda Avropada qruplara yox, ölkədə futbolun dəfn mərasiminə hazırlıq görüləcək”.