Mənbə: Meydan TV

Yaxınları məhbusun öldüyünü iddia edir

Penitensiar Xidmət deyilənləri yalanlayır

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mikayıl Dəmirlinin xalası Mirnisə Dadaşova məhbusun öldüyünü iddia edir.

Məhbusun yaxınları onun iyunun 11-də işgəncələrə dözməyərək intihara cəhd etdiyini deyirdi.

Mirnisə Dadaşova Meydan TV-yə deyib ki, bacısı oğlu həbs olunandan sonra müəssisə rəhbərliyinin mənəvi və fiziki təzyiqi altındadır:

“Ora aparılandan onu döyüb pul tələb edirlər. Mikayılın atası sovet dövründə yükdaşıyan olub, onun nə qədər pulu ola bilər? Yeni rəis uşağı çağırıb deyir ki, torpağınız var, satın pul verin. Biz Balaxanı kəndində yaşayırıq, hər tərəfimiz neftdir, amma ərazi ekoloji baxımdan bərbad olduğundan bostan da əkə bilmirik. Mən sabiq prezident Heydər Əliyevin qızı Sevil xanımla universitetdə oxumuşam. Amma bacım oğluna qarşı özbaşınalığı kimsəyə çatdıra bilmirəm”.

Mirnisə Dadaşova deyir ki, Mikayıl Dəmirli iyunun 11-dən 1 həftə əvvəl valideynləri ilə görüşüb:

“Onda bədənində xəsarət izləri olub, anası yenı də görüşə cəhd etsə də, alınmayıb”.

Xalasının sözlərinə görə, Mikayıl Dəmirlinin ailəsinə bir məhkumun valideyni xəbər gətirib:

“Görüşdə dustaqlardan biri valideyninə deyib ki, Mikayılın ailəsini xəbər verin, o, intihar edib. Atası getdi, Mikayılı ondan gizlətdilər, əvəzində atası ilə yenə də torpaq söhbəti eləyirlər. Biz dərdimizi kimə deyək, kimə çatdıraq bilmirik. Artıq intihar olub. Mən Zakir Qaralovu xəbərdar eləmişdim, məktub göndərmişdim. Aylar əvvəl ərizə vermişəm ki, intiharın qarşısını alın. İndi isə Mikayılın nə ölüsündən, nə də dirisindən xəbər yoxdur. Mənə elə gəlir ki, o artıq ölüb. Atası gedir, ona açıq demirlər, amma eyham vururlar ki, torpağı satın, pulunu verin. Halbuki torpaq yoxdur, babası rəhmətə gedəndə pul lazım olub, satılıb. Məhkumun pulu yoxdursa, ölməlidir? Nə söhbət olursa, gətirirlər torpaq məsələsinin üstünə. Mikayıla bir şey olmayıbsa, o, məhkum valideyninə deməz ki, belə bir intihar olub. Bizə heç nə demirlər. Mənə elə gəlir ki, uşaq orada ölüb. Gizlədirlər, demirlər”.

Mirnisə Dadaşova deyir ki, dəfələrlə Mikayıl Dadaşovu məcbur edib ailəsindən pul alıblar.

“Mikayıl zəng edirdi, türmə müdiriyyəti ona poçtun indeksini də verib. 500, 700 pul köçürürdük. Gözləmirdilər ki, atası səhər aparsın, deyirdilər ki, elə indi köçür. Pul alanda onu döyməmək əvəzinə əksinə döyürlər, incidirlər, qeyri-insani rəftar göstərirlər. Biz bunlara pul verdikcə, harınlaşırlar, azğınlaşırlar, daha da çox pul istəyirlər. Hər yerə yazmışıq, gedib demişik. 1 ay əvvəldən məlumat vermədiyimiz yer qalmayıb. Yazdıq, Mikayılı bir az döymədilər, rəis dəyişdi, yenidən döyürlər. Rəisi dəyişəndən sonra əməliyyat üzrə müavin Cavid onu yenə döyməyə başladı. Cavid Mikayılı döyür. Mikayıl deyirdi ki, əllərinə qara əlcək geyinib döyürlər. Təsəvvür eləyin ki, uzandığı yerdə Mikayıla hucum ediblər, əllərini qandallayıblar, döyə-döyə sürüyüb aparıblar rəisin otağına, elə bil ki, erməni tutublar. Bunlar Azərbaycan xalqına qarşı qəddarlıq edirlər. Bizim nəyimiz var, vermişik. Mikayıl cılız uşaqdır, onu döyüb intihar həddinə çatdırdılar. İndi də yalan danışırlar, deyirlər guya valideyni ilə görüşə buraxıblar. Belə şey yoxdur. Mikayıl işgəncələrə dözməyib özünə qəsd edəndən sonra ona tibbi yardım da göstərilməyib. Biz Mikayılın orada öldürüldüyünü düşünürük”.

Mirnisə Dadaşova bildirib ki, bacısı oğlu 2017-ci ilin sentyabrında Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) ittiham ilə 12 il azadlıqdan məhrum edilib. Amma Apelyasiya Məhkəməsi cəzasını 6 ilə endirib.

“Adam ölməyib, sağdır, hətta həmin adamın atası şikayətçi olmadıqları barədə məhkəməyə müraciət də göndərib”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyilənləri yalanlayıb. Onun sözlərinə görə, Mikayıl Dəmirli daxili intizam qaydalarını pozduğu üçün cərimə kamerasına salınıb:

“Onun ölümü haqda deyilənlər şayiədən başqa bir şey deyil, məhkum sağ-salamatdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cbhuic

Ən çox baxılan