Yaşıl köynəyimin xatirəsinə

Və ya qara paltarların tarixçəsi…

Source:

1993-1998-ci illər. Yurd-yuvalarından didərgin düşmüş adamlar ölkənin nədənsə daha çox aran rayonları boyu səpələnmiş çadır düşərgələrində yaşayırdılar. Əslində, düşərgələrin tarixçəsi daha uzundu, sadəcə mən o hadisələrə yalnız 98-ci ilə qədər şahid ola bildim.

İldə bir neçə dəfə Avropadan, Amerikadan gətirilmiş ikinci əl paltarlar düşərgə sakinlərinə paylanırdı. Ailə üzvləri hərəsi öz əyninə uyğun olanı seçir, minimum şərtlərdə belə zirəkliyini, təmizkarlığını qorumağa çalışan qadınlar bu paltarları qaynadır, yuyur, spesifik qoxusunu müxtəlif sabunlarla, yuyucu tozlarla, havaya verməklə qovur, sonra da ailə üzvlərinə geyindirirdilər. Yardım paltarlar gələn ərəfədə düşərgədə hamı alabəzək tutuquşuya oxşayırdı. Rənglər bir-birinə qarışırdı. Amma insanların əyinlərindəki bu gözəl, qarışıq, müxtəlif rənglər zövqün deyil, kasıblığın nişanəsi idi. Gənc oğlanlar və qızlar bu paltarları geyinəndə xeyli utanırdılar. Gecələr gizlin görüşən sevgililər belə paltarları geyinməməyə çalışırdılar. Həm qoxuya görə, həm də heç kim istəmirdi ki, sevgilisi onun yardım paltara ehtiyacı olduğunu bilsin.

Bilmirəm, o gənclər kimi aldadır,daha doğrusu, aldatmağa çalışırdılar? Məgər o düşərgədə hamı eyni aqibəti yaşamır, hamı eyni ehtiyacı bölüşmürdümü? Bu o illər, o şərait idi ki, dar çadırlarda bişən yeməklərin iyi hamının üstünə hopduğundan, sevgililər görüşəndə üstlərindən gələn qoxudan belə bir-birinin günorta nə yediyini o dəqiqə bilirdilər. Bu qədər mərhəmliyin, bu qədər oxşarlığın içində yad, ikinci əl, rəngli və qoxulu paltarlardan hələ də utananlar vardı. Bəlkə də, paltarlardan gələn o yad, qəribə, uzaq ellərin qoxusu idi onları bir-birindən utandıran? Bilmirəm.

O yardım paltarların içində bircə rəng olmurdu. Qara. Olsa da, tək-tək olurdu, bunlar da, adətən qadın alt paltarları olurdu. Buna görə də, düşərgədə qara paltar geyinmək bir növ şıq sayılırdı. Qara paltar geyinən sanki özünün başqalarından daha varlı olduğunu, yardım paltar deyil, öz pulu ilə gedib, dükan-bazardan paltar alıb, geyindiyini göstərirdi. Hərçənd, həmin illərdə kiminsə «öz pulu, öz qazancı» söhbəti ola bilməzdi. Hamı sonuncu qəpiyə, son dilim çörəyə, son ədəd kartofa qədər dövlətdən, ya da xaricdən gələn yardımlardan asılı idi.

Düşərgə adamları qara paltarlarını əlamətdar günlər üçün saxlayırdılar. Toya, nişana, bayrama qara paltarlar geyinirdilər. Sevgililər görüşə qara paltarda gedirdilər. Bir-birilərinin evinə gedəndə qara geyinirdilər. Qara paltar geyinməklə bu adamlar o qədər də ehtiyac içində olmadıqlarını, əyinlərinə  paltar almağa imkanları olduğunu bildirmək istəyirdilər. Qara paltar düşərgə sakininin ehtiyacını gizlətmə simvolu idi.

Mənim o illərdə sevgilim də vardı, yardım gələn yaşıl köynəyim də. O yaşıl köynək mənə elə yaraşırdı ki, ona vurulmuşdum. Üstündə xırdaca ağ damaları, düz mərkəzdə pişik yatmış səbəti aşırmağa çalışan iki siçan balasının şəkilləri vardı. Çitdən idi, sərin idi, çox sərin. Aranın göz dağlayın, adamın gözünün içinə qədər tərlədən qızmarında bu köynəyin əvəzi yox idi. Mən o köynəyi toya da, nişana da, görüşə də geyinməkdən utanmırdım. Əksinə, ona o qədər bağlanmışdım ki, yay günlərində hər gün yuyub, sərir, təzədən geyinirdim. Aran günəşi çit köynəyi iki dəqiqəyə qurudurdu.

Beləcə, bu ucuzvari çit köynəyi 3 ya 4 il geyindim. İsti aylarda hər gün yuyub-qurutmaq, daimi istifadə – köynək üzülüb-getmişdi, cunaya dönmüşdü, burdan baxanda, o biri tərəfi görünürdü. Amma yenə də geyinirdim onu. Günlərin birində böyütkən koluna ilişdim. Tozlu tikanlar on-on beş yerdən canı onsuz da getmiş çit köynəyə ilişdi. Köynək o qədər köhnəlmişdi ki, böyük bir hissəsi kolda, tikanlarda qaldı. O köynəyin cırılmağına bu gün də heyifsilənirəm.

Ucuz, yardım paltarların arasında böyüsəm də, sonralar bahalı, şıq, brend paltarlara heç vaxt marağım, hərisliyim olmadı. İkinci əl paltarlara da münasibətim yaxşıdır. İkinci əl paltarlar həm qənaətdir, həm də gələcək nəsillərin resurslarını qorumaqdır. Pulun, imkanın olduğun halda, ikinci əl paltar geyinmək, artıq pul, qənaət dərdi çəkmək deyil, bəşəriyyətin qayğısına qalmaqdır. Sırf brenddir, bahalıdır deyə paltara ağzının suyu axanları da heç vaxt başa düşmədim. Mən hansısa xatirəsinə, sevdiyim kimsəninsə hədiyyə elədiyinə görə, ovqatlı, tarixçəli olan paltarlarımı sevdim, onlara bağlandım. Yaxınlarda qaynanam həyat yoldaşımın büküldüyü bələyi, ilk papağını, ilk köynəyini, ilk ədyalını oğluma gətirəndə, bu nəcib qadının oğlu ilə bağlı xatirələrə belə önəm verdiyinə xeyli kövrəldim. Bircə-bircə əllərimlə əzizlədim bu əşyaları, qoxuladım və oğluma geyindirdim.

İndi, yazar dostlarım, başqaları, özüm «qarakurtkalı» sözünü işlədəndə, qara paltar geyinənləri qınayanda, üzə vurmasam da, xeyli pis oluram. Düşünürəm ki, yəqin hələ də insanların kasıblıqlarını, imkansızlıqlarını gizlətməyi üçün yeganə vasitədir qara paltarlar. Qara paltar gizlədilməyə çalışan ehtiyacdı, kasıblığa görə yaşanan utancdı.

İnsanlara münasibətim, xüsusilə də sevdiyim, bağlandığım insanlara münasibətim o yaşıl köynəyim kimi olub. Bütün qüsurlarına, çirklənmələrinə, köhnəlmələrinə həmişə xoşgörü ilə yanaşıram. Utanmıram onlara görə. Çünki xatirələrim var bu insanlarla. Nələrsə bağlayır məni onlara. Heç vaxt, köhnə paltar kimi büküb, lazımsız, köhnə bilib, bir kənara buraxmıram onları. Ta ki, bir gün özləri canlarına daraşan tikanlara qoşulub, cırılıb məndən getməyənə qədər…

Ana səhifəMənim FikrimcəYaşıl köynəyimin xatirəsinə