Yaşıl ayın başında, qırmızı çərşənbədə

Rusiyanın xarici işlər naziri Bakıya gəldi, prezident Əliyevlə görüşdü, heç bir açıqlama vermədi, yollandı Yerevana prezident Sarkisyanla görüşə

Source:
Sergey Lavrov və Elmar Məmmədyarov
Sergey Lavrov və Elmar Məmmədyarov

Rusiyanın xarici işlər naziri Bakıya gəldi, prezident Əliyevlə görüşdü, heç bir açıqlama vermədi, yollandı Yerevana prezident Sarkisyanla görüşə.

Bakıda siyasətşünaslar başladılar “vəziyyəti” təhlil etməyə, yozmağa. Aya, görəsən nə üçün görüşdən sonra heç nə demədilər, Lavrov niyə Xocalı abidəsinə çiçək qoymadı, amma Yerevanda qondarma soyqırım abidəsinə gül qoydu? Bu səfər Putinlə Ərdoğanın görüşünün nəticəsidirmi? Türkiyə prezidenti Putini nəyə razı salıb?

Görəsən beş rayonu qaytaracaqlar, yoxsa yeddi? Rus sülhməramlıları gələcək, ya yox? Gəlsələr, tək gələcəklər, yoxsa qoşma da olacaq?.. Və sairə, və ilaxıra.

Bizim yerli siyasətşünasların dərin təhlillərinin nəticələrini öyrənmək üçün xaricdə xüsusi mərkəzlər açılıb, yeni elm yaranıb, adı “siyasi psixiatriya”dır.

“Ac toyuq yuxusunda darı görər”. Cibinizi gen tutun, bu dəqiqə Rusiya və Türkiyə cibinizi ləbləbi qarışıq kişmişlə dolduracaq.

Hakimiyyət nə ilə məşğuldur? Nöyüt satır, qaz satır, vəzifə satır, torpaq satır, rüşvət yığır, cərimə toplayır, canım sənə nə desin, cibini doldurur. Buna şübhə edən varmı? Varsa, dillənməsin, onu dünyadan bixəbər sayarlar.

Bunu hamı bilir. Bilir, lakin demir. Deyənin dilini boğazından çıxarırlar. Buna “avtoritar milli demokratiya” deyirlər.

Təğyiri-libas üçün hakimiyyət gecə-gündüz xalqın qeydinə qalır, vətəndaşların rifahının yüksəldilməsinə çalışır, dərin məzmunlu çıxışlar edir, müşavirələr keçirir, bu müşavirələri TV ilə göstərib teletamaşaçı kütləni əmin edir ki:

1.Hakimiyyət var gücü ilə dövlətin ərazi bütövlüyünü bərpa etməyə çalışır-əlləşir.

2.Hakimiyyət non-stop rejimdə Azərbaycan dövlətini möhkəmləndirmək, onu bəd xarici təsirlərdən qorumaq və şənini göylərə qaldırmaq barədə düşünür.

3.Hakimiyyətin işi-gücü xalqın qayğısını çəkməkdir.

4.Azərbaycanın siyasi səhnəsində müxalifətə yer yoxdur.

Həqiqətən də, əgər birinci üç bənd düzgündürsə, müxalifət hakimiyyət-xalq izdivacında üçüncü tərəf kimi artıqdır. Burada ya Sərvər artıqdır, ya Məşədi İbad.

Xalqa aramsız danışılan bu şirin nağılların sırasında ən qaçılmazı Qarabağ barədə olanlardır. Zira Qarabağın 30 ildir işğal altında olması elə bir faktdır ki, bunu müxalifət desə də, deməsə də, hamı bilir. Başqa mövzularda hakimiyyət mübahisə edə bilir, fəqət Qarabağ mövzusu gələndə, deməyə inanılası söz qalmır.

Fərz edək ki, müxalifət deyir: hakimiyyətdəkilər xalqın malını oğurlayır. Baxın nazirlərin, ali məmurların var-dövlətinə. Hakimiyyət cavabında deyir ki, oğurluq cinayətdir və onu edən canidir. Ay özünü qanunpərəst demokrat adlandıranlar, bəsdir böhtan atdınız, götürün Konstitusiyanı, baxın 63-cü maddəyə, orada yazılıb ki, “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır”. Hanı bizim cinayətimizi sübut edən və qanuni qüvvəyə minmiş məhkəmə hökmü?

Müxalifət də mızıldanır ki, “sizin hakimlərin hamısı sizin müti qulunuz və sizdən biridir”. Hakimiyyət şaqqanaq çəkib gülür və deyir ki, bu, sizin şübhələrinizdir, həmin 63-cü maddədə isə deyilir ki, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir”.

Xülasə, AXC-nin gətirib xalqın belinə mindirdiyi bu hakimiyyətlə ənənəvi müxalifət arasında 25 ildir beləcə siyasi məzələnmə gedir və əhalinin bir hissəsi hətta onu siyasi mübarizə sayıb aludəçiliklə izləyir və şərh edir.

Sözümün canı bu deyil. Sözümün canı Lavrovun Bakıya və Yerevana səfərinin cövhəridir.

Qarabağ münaqişəsinin mahiyyəti nədir?

Ermənistanın əsl erməni torpağı Qarabağı Azərbaycandan qoparıb özünə qatmaqdırmı? Nırç!

Azərbaycan xalqının öz doğma vətəninin ayrılmaz hissəsi olan Qarabağın qaytarılması uğrunda apardığı qəhrəman mübarizədirmi? Nırç!

Əsla yox! Qulluğunuza ərz edim ki, Qarabağ münaqişəsinə nə Azərbaycanın, nə də Ermənistanın dəxli var.

Onlar sadəcə təsadüfən bu çoğrafi xəritəyə düşmüş yarısiyasi, yarıfantastik vücudlardır ki, onlardan heç nə asılı deyil. Qarabağ münaqişəsi Rusiyanın ciddi-cəhdlə özü üçün yonub düzəltdiyi bir qarmaqdır ki, onun vasitəsilə Cənubu Qafqaz dağlarına dırmaşıb və orada özünə düşərgə salıb. İndi bu düşərgənin yan-yörəsində yerli adamlar peyda olub, ora-bura gedib-gəlirlərsə, bu, o demək deyil ki, onların hamısını “zapretnaya zona”ya girduiklərinə görə qırıb-çatmaq lazımdır. İndi keçən əsrlər deyil, humanizm əsridir. Ona görə Kreml siyasi dramaturqlara bir tamaşa sifariş edib. Tamaşanın adı “Qarabağ sülh danışıqları”dır. Bu tamaşada yerli camaat da, dəvət edilmiş xarici aktyorlar da rol alıblar. Və çox yüksək honorarın müqabilində bir-birini əvəz edərək 25 ildir ki, aktyorluq edirlər. Qurban olduğumuz Məhəmmədin şəriətinin işlədiyi vaxtlarda babalarımız demişkən: it oynadırlar.

Qaldı cənab Lavrovun səfərinə, onun bir məqsədi ola bilər : qarmağı möhkəmləndirmək və onu Cənubi Qafqaz dağlarının qayalarına daha dərin sancmaq. Başqa məqsəd yoxdur və ola da bilməz.

İndi buna əgər ABŞ və Fransa mane olub öz qarmaqlarını sancmaq istəyirsə, və bu zaman Rusiya onları neytrallaşdırmaq üçün Türkiyədən istifadə etməyə çalışırsa, onların diplomatik məharətinə min alqış. Bacarana can qurban! Əgər Türkiyə Qarabağ qarmağının təmirinə şərait yaradıb Rusiya ilə bir köynək yaxınlaşırsa və öz bəzi-bəzi iqtisadi və siyasi məqsədlərini gerçəkləşdirirsə, türk diplomatiyasına da min əhsən, qazanmayan əfəldir və özündən küssün!

Mən sadəcə bu təmiz siyasi alverə tamaşa edib, guya ki, Azərbaycanın qanuni hüquqlarının tam və ya qismən bərpasını gözləyən sadəlövh insanlara acıyıram və düşünürəm ki, Ermənistanda oturub erməni xalqının qanuni hüquqlarının tam(!) bərpasına ümid edən insanlara da yazığımız gəlsə, insafdan olar. Zira biz onlarla birlikdə bir qəfəsdə oturmuşuq və bir qandalla bu münaqişəyə pərçim olunmuşuq.

Qaldı Qarabağ münaqişəsinin ədalətli həllinə, onu gözləmək lazımdır. Nə vaxt? Yaşıl ayın başında, qırmızı çərşənbədə.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəYaşıl ayın başında, qırmızı çərşənbədə