”Sosial yardım ləğv edilsin, uşaqpulu artırılsın”
“Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün də müavinətin artırılmasını vacibdir”.
Bunu Milli Məclisin komitə iclasında 2019-cu ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib. O bildirib ki, bu gün bir çox ailə yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır:
“Çünki hər birimizə məlumdur ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və üçüncü uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcmi artırılacaq. O, təklif edib ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin:
”Hətta bununla bağlı yeni qanun da hazırlana bilər”
İclasda “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirə edilib.
Yaşayış minimumu 190 manat olacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2019-cu ildə yaşayış minimumunun artırılmasını təklif edib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180, ehtiyac meyarı isə 143 manat müəyyən edilib.
Tahir Budaqovun çıxışından sonra isə Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 180 manat yaşayış minumumunun 190 manata çatdırılmasını təklif edib.
Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsun
Deputat Elmira Axundova ünvanlı sosial yardımın birdəfəlik ləğv olunmasını da təklif edib. O, yardımın özünüməşğulluqla əvəz olunmasını daha məqsədəuyğun sayıb. Deputat bildirib ki, ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər.
Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə deyib ki, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ümumi sosial yardım proqramına 172 milyon manat ayrılıb:
“Elə ailələr olacaq ki, onlar ünvanlı sosial yardım almaqda davam edəcəklər”.
Əlillərin pensiyas ilə bağlı sualı cavablandırarkən nazir müavini bildirib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir. Onun sözlərinə görə ki, əlillər də bu kateqoriyadan olan şəxslərdir:
“Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır. Əlillər pensiya ilə yanaşı müavinət də alırlar. Bu kateqoriyadan olan insanların sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.
Deputadan nazirə etiraz: “Azərbaycanı niyə Belarusla müqayisə etmək olmaz?”
Deputat Aytən Mustafazadə əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib. Deputat Aytən Mustafazadə bildirib ki, 50-60 manat olan müavinətlər artırılmalıdır:
“Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar? Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz? 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir. Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosialyönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.
Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, ildən-ilə rəqəmlər artsa da, təminatlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir.
Bu millətin nə qədər əlili, ələbaxımlısı var?
Deputat Yaqub Mahmudov isə veteranların sayının çoxluğundan narazılıq edib:
“Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib. Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır. Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Əlildirsə, əlillik, zəlildirsə, zəlillik-hər şeyə razıdır ki, nəsə qopara bilsin. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlilliyə çıxanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur”.
Nazir müavini İdris İsayev bildirib ki, ölkədə müavinətlərin sayı təqaüdlərin sayı ilə birlikdə 50-yə yaxındır.
“Bu il biz parlamentə müavinətlərin sosial inteqrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik. Söhbət 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artımdan gedir. Bunun üzərində hazırda işləyirik. Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bunu almalıdır”.
2019-cu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Növbəti il üçün yaşayış minimumun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.
2019-cu ilin büdcə zərfi ilə bağlı layihədə dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır.