”Yaş artımı pensiyaçıların sayını azaldacaq”

2016-cı ildə hər min nəfərdən 61-nin yaşı 65-dən yuxarı olub

Source:


2016-cı ildə hər min nəfərdən 61-nin yaşı 65-dən yuxarı olub

Milli Məclis pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər etmək istəyir. Gündəmin əsas müzakirə mövzlarından biri də layihədə əksini tapan Azərbaycanda əhalinin ömrünün uzanması məsələsidir.

Martın 6-da prezident İlham Əliyev də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki “Ürək Mərkəzi”nin açılışı zamanı bu məsələyə toxunub:

“Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır”.

İqtisadçı Rövşən Ağayev müzakirələri daha maraqlı etmək üçün öz “Facebook” səhifəsində statistik məlumatlar paylaşıb:

“1959-cu ildə ölkə əhalisinin hər 1000 nəfərindən 58 nəfəri 65 yaşdan yuxarı əhali qrupuna aid olub. 2016-cı ildə də bu göstərici çox cüzi dəyişib – 61 nəfər. Ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb – 65 nəfər.

BMT-nin ən son statistikasına görə, bu göstəricinin ən yüksək səviyyəsi Yaponiyadadır – 260 nəfər. Yerdə qalan inkişaf etmiş ölkələrdə həmin rəqəm 140-200 nəfər intervalında dəyişir”.

İqtisadçı deyir ki, yaşlı əhalinin ümumi əhalidə yüksək paya malik olmasının 2 səbəbi var: doğumun yüksək olması səbəbindən 0-14 yaşlı uşaqların, həmçinin15-30 yaşlı yeniyetmə və gənclərin ümumi əhaliyə nisbətinin yüksək olması. İkinici səbəb əhalinin uzunömürlülüyüdür. İnsanların nə qədər az hissəsi əmək qabiliyyətli yaşda və pensiyaya çıxandan sonrakı ilk 5 ildə vəfat edirsə, nə qədər çox hissəsi 70 yaşdan sonra uzun ömür sürürsə, ölkə üzrə orta ömür uzunluğu da bir o qədər yüksək olur.

Pensiya yaşının məsələsinə hələ ötən ilin sonlarında toxunan Rövşən Ağayev bu barədə öz

bloq

unda yazıb.

“Hökumətin düşdüyü vəziyyəti anlamaq çətin deyil. Bu gün Sosial Müdafiə Fondunun təxminən 75 faizi dövlət sektoru hesabına formalaşır. Söhbət dövlət büdcəsinin Fonda transfertlərindən, büdcə işçilərinə görə Fonda məcburi ayırmalar, qeyri-büdcə dövlət təşkilatlarının Fonda sosial sığorta ödəmələrindən gedir. Yəni, 3.3 milyard manatlıq Sosial Fondun ən yaxşı halda 25 faizi və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalnin 80 faizə qədəri özəl sektorun payına düşür. Yəni əgər bu gün 1.3 milyon pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsa, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi” – iqtisadçı vurğulayır.

Onun sözlərinə görə,  inkişaf etmiş iqtisadiyyatlarda 1 pensiyaçıya orta hesabla 4 nəfər sosial sığorta ödəyici düşür. Yəni 4 nəfər işləyir, 1 pensiyaçını saxlayır:

“Azərbaycanda vəziyyət çox katostrofikdir: 1 pensiyaçıya təxminən 1 nəfər sosial sığorta ödəyici düşür. Bu cür maliyyə bazası ilə Pensiya Fondu uzun müddət davam gətirə biıməz. Nəzərə alaq ki, əslində bizim Sosial Fondu son illər Neft Fondu saxlayıb. Çünki dövlət büdcəsi Neft Fondundan böyük transfertlər almasa idi, Pensiya Fondunun ən azı 40 faizini transfertlər hesabına formalaşdırmaq da çətin olardı. İndi isə Neft Fondunun imkanları tükənir, büdcəyə transfertləri kəsir. Bu ixtisarla Sosial Müdafiə Fondunun yaxın perspektivi mütləq nəzərə alınmalıdır. Məlumat üçün deyim ki, Neft Fondunun büdcəyə ən yüksək transferi (2013-cü ildə 11.3 milyard manat) ilə müqayisədə 2017-ci ildə təxminən 2 dəfə ixtisar var (6.1 milyard manata enib)”.

Rövşən Ağayevin fikrincə, beynəlxalq standarta görə pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər:

“Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70 faizi 70 yaşdan sonra vəfat edir, cəmi 30 faizi əmək qabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə vəfat edirlər.

Bəs bu göstərici ilə bağlı Azərbacanda vəziyyət necədir? Heç bir rəsmi və qeyri-rəsmi mənbədə bu cür hesablama yoxdu. Hətta Azərbaycan hökuməti beynəlxalq praktikadan fərqli olaraq 70-75 yaş, 76-80 yaş və 80 yaş üzərində olan əhalinin sayı ilə bağlı ayrıca statistika təqdim etmir. Bu rəqəm əldə olsa, 70-80 yaş inrevalında olan insanların doğum tarixindəki sayları əsasında ahıl insanların pensiyaya çıxdıqdan sonrakı orta yaşama dövrünü təxmini də olsa hesablamaq probem olmaz”.

 Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilib. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldilib.

Rövşən Ağayev deyir ki, bu addım öz nəticəsini verib:

“2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alınıb. Pensiya yaşının orta hesabla 2.5 il artırılması 6 son ildə yaşa görə pensiyaçıların sayının 10 faiz azalmasına şərait yaratdı.  Deməli, pensiya yaşının növbəti dəfə orta hesabla 2.5 il artımı yaxın 10 ildə yaşa görə pensiyaçıların sayını yenidən ən azı 10-12 faiz azaldacaq.

Ana səhifəXəbərlər”Yaş artımı pensiyaçıların sayını azaldacaq”