”Yarımcan əsgər aparıblar, indi sığortamı ödəmirlər”

Gədəbəy sakini əsgərliyə yararsız olduğu halda ön cəbhəyə aparıldığını deyir

Source:
Asif Orucov
Asif Orucov


Gədəbəy sakini əsgərliyə yararsız olduğu halda ön cəbhəyə aparıldığını deyir

“Məni 1 il 2 ay cəbhə xəttində hərbi xidmətdə saxlayandan sonra müxtəlif xəstəliklərimlə əlaqədar orduya yararsız kimi tərxis etdilər. Ancaq sığortamı ödəmirlər, pensiya ödəmirlər”.

Bunu Meydan Tv-yə Gədəbəyin Slavyanka kəndində yaşayan Asif Orucov deyir. O, ötən ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, orduya yararlı kimi qeydə alınıb və hərbi xidmətə göndərilib.

1 il 2 ay zülm çəkdim

Şikayətçi danışır:

“Xidmətimin 1 il 2 ayı tamam olanda məni hərbi həkim komissiyasına göndərdilər. Orda müayinələrdən sonra məndə çoxlu xəstəliklər aşkar edildi. Halbuki, bu xəstəliklər məndə əvvəldən vardı və nəzərə alınmamışdı. Sadəcə, artıq səhhətim kritik vəziyyətə çatmışdı. Məni orduya yararsız kimi sənədləşdirdilər, göndərdilər hərbi hissəyə, orda da sənədlərimi verib evə buraxdılar”.

Asif deyir, hələ uşaqlıqdan bir neçə xəstəlikdən əziyyət çəkib. Hər iki ayağının yastı pəncəliyinə, ayaqlarındakı revmatizmaya, hər iki böyrəyindəki və belindəki problemlərə baxmayaraq onu hərbi xidmətə aparıblar. Lakin vəziyyətinin dözülməz olduğunu görəndə tərxis ediblər.

Gördülər ağrılara dözə bilmirəm…

“İş orasındadır ki, bu qədər xəstəliklərimə baxmayaraq, məni arxa cəbhəyə yox, ön cəbhəyə aparıblar. Bu, səhhətimdəki problemləri artırıb. Görəndə ki, artıq ağrılara dözə bilmirəm, məcbur qalıb tərxis etdibər”.

Asif əsgərlik müddətinin çox hissəsini çəkib yararsız kimi tərxis olunandan sonra ailəsi sığorta üçün müxtəlif qurumlara müraciət edib. İndi hökumətdən sığorta tələb edir. Buna görə müxtəlif qurumlara müraciət edib. Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə cavab alıb ki, bu işlə Dövlət Sığorta Kommersiya Şirkəti məşğul olmalıdır. Hətta ona quruma müraciət etmək üçün arayış da verilib.

Qurumlar nə deyir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, Asif Orucov dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı sayılır və bu səbəbdən də bu il yanvarın 12-də ordu sıralarından ehtiyata buraxılıb. Şöbədən bildirilib ki, onun xəstəlikləri hərbi xidmət dövründə yaranıb. Ona Gədəbəy rayon Sığorta Şöbəsinə müraciət etmək üçün müvafiq arayış verilib. Pensiya təminatına gəlincə, bunun üçün keçmiş əsgərə əlillik dərəcəsi təyin olunmalıdır və bununla bağlı o, sosial təminat orqanlarına müraciət etməlidir.

Elə Müdafiə Nazirliyi də keçmiş əsgərə yazdığı cavab məktubunda eyni ünvanlara müraciət etməsini tövsiyə edib.

Dövlət Sığorta Kommersiya Şirkətindən Meydan TV-yə bildirilib ki, keçmiş əsgərin sənədləri quruma daxil olmadığı üçün məsələyə münasibət bildirə bilməzlər.

Ana səhifəReportaj”Yarımcan əsgər aparıblar, indi sığortamı ödəmirlər”