“Uşağa bir araba verməmişdilər ki, taksiyə oturub evə gəlsin. Mən bunu şöbə rəisinə də dedim. Hətta qayıtdı ki, “mənim üstümə gəlirsən? Mənə xox gəlirsən?” Dedim, xox gəlmirəm, sən burada isti kreslonda oturmusan, o gedib canın, qanın töküb orada. Əsgəri elə yola salarlar? Bir mənim uşağım olmasın, qeyrisi olsun…Heç olmasa ona bir araba verərdiniz, taksiyə oturdardınız ki, evə gələrdi”.
Bu sözləri oğlu Suqovuşan uğrunda gedən döyüşlərdə onurğasından 4 qəlpə yarası alan Mərdan Bayramov deyir.
Rahul Bayramov oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. O, onurğa sütunundan 4 qəlpə yarası alıb. Həkimlər rəy verib ki, qəlpələrin çıxarılması onun sağlamlığı üçün risklidir. Onlar fizioterapiya vasitəsilə Rahulun 1 ilə yaxın müddətə ayağa qalxacağını deyiblər.
Ailə bir otaqlı bu mənzildə yaşayır.Bu evi həyət-bacasına baxdığı mülk sahibi ona müvəqqəti yaşamaq üçün verib. Maddi çətinliklərlə yaşayan ailə övladının dərmanlarını da şəxsi vəsaiti hesabına alır. Oğlunun sağlamlığına qovuşması üçün ata hökumətdən dəstək gözləyir.