İlk və tək parlament spikeri, ilk qadın partiya lideri
Takako Doi – böyük siyasətdə böyük uğur qazana bilmiş ilk yapon qadın, Yaponiya Sosialist Partiyasının ilk qadın sədri və Yaponiya parlamentinin ilk və tək qadın spikeridir.
Takako 1928-ci ildə, Kobe şəhərində anadan olmuşdu, atası uşaq həkimi, anası müəlliməydi; 3 bacısı, 2 qardaşı vardı. Gəncliyi müharibə illərinə təsadüf etmişdi. Müharibə vaxtı üçmərtəbəli evlərinə bomba düşmüş, ailə məhv olmaqdan son anda qurtulmuşdu. Bir dəfə də Takako yaralı bir vətəndaşın qolunu kəsmək məcburiyyətində qalan atasına kömək etməli olmuşdu. O illərin acı xatirələri onun həyatında dərin iz buraxmışdı, Yaponiyanın müharibədən sonrakı konstitusiyasının pasifist ruhuna hər hansı müdaxiləni Takako, ola bilsin, həm də buna görə yolverilməz hesab edirdi. O, partiya sədrliyinə seçki kampaniyasında da bu məsələyə toxunmuş, antimüharibə mövqeyini heç vaxt dəyişməyəcəyini vəd etmişdi.
****
Uşaq vaxtı daha çox oğlanlarla oynayan, bir çox oyunda, hətta güləşdə də çox vaxt onlara qalib gələn Takako həm də yaxşı oxatanıydı, məktəbin idman komandasının üzvüydü. O, karaoke klublarında yoldaşlarıyla birlikdə mahnı (əsasən Amerika caz bəstələrini, populyar fransız şansonlarını) oxumağı da xoşlayırdı. Ağıllı, intizamlı və bir qədər konservativ olan bu qadın ərə getməmişdi, amma özü istəyərək yox, necə deyərlər, taleyi belə gətirmişdi. “Konstitusiyaya sevgim o qədər böyükdür ki, həmişə ona sadiq qaldım və ona görə də tək qaldım” – bir dəfə ailə qurmaqla bağlı suala Takako yarızarafat-yarıciddi belə cavab vermişdi.
1949-cu ildə özəl qadın kollecinin ədəbiyyat şöbəsini bitirib Dosisa Universitetinə (hüququ fakültəsinə) qəbul olunan Takako o il bunu bacarmış iki qızdan biri olmuşdu. 1956-cı ildə magistr dərəcəsi alandan sonra universitetdə hüquqdan dərs deməyə başlamış, sonrakı illərdə Kvansi Universitetində və Şoua qadın kollecində də işləmişdi. Həmin illərdə o, Konstitusiya Araşdırmaları İnstitutunun baş katibi və Konstitusiyanın müdafiəsi üzrə milli koalisiyanın prefektura rəhbəri vəzifələrində, sosial təminat və kadr komissiyaları, Əmək Şurası kimi yerli dövlət orqanlarında da çalışmışdı. 1.70 boyu, hökmlü səsi, sərt açıqlamaları, opponentlərinə qarşı amansızlığı onu digər yapon qadınlardan fərqləndirirdi.
****
İlk dəfə 1969-cu ildə Yaponiya Sosialist Partiyasının (YSP) üzvü kimi parlamentin Nümayəndələr Palatasına seçilən Takako ard-arda sonrakı 12 seçkidə də mandat qazanmışdı. O, palatanın xarici işlər komitəsinin daimi üzvü kimi əsasən xarici siyasət və müdafiə məsələləri üzrə ixtisaslaşmış, Yaponiya-Cənubi Koreya münasibətləri, Afrikada aclıqdan əziyyət çəkənlərə yardım, Yaponiya hökuməti və Ferdinand Markos (Filippin) arasındakı korrupsiyaya əlaqələri, vətəndaşlıq haqqında qanuna dəyişikliklər kimi ciddi məsələlərdə YSP-nin mövqeyini ifadə edən əsas fiqur olmuşdu. Qarışıq nikahlardan doğulan uşaqlara Yaponiya vətəndaşlığı verilməsilə bağlı qanun layihəsinin geniş müzakirə edilib parlamentdə təsdiqlənməsində onun xüsusi əməyi olmuşdu. Yaponiyanı “iqtisadiyyatda nəhəng, insan haqlarında dovşan” adlandıran Doi cinslərarası hüquqi ayrı-seçkiliyə qarşı da ardıcıl kampaniya aparmış, bu, onu xeyli məşhurlaşdırmış və Qadınlara qarşı bütün növ diskriminasiyaların ləğv edilməsi haqda Konvensiyanı parlametndə təsdiqlətməsilə nəticələnmişdi.
Haşiyə:
Əslində, Takako Doinin siyasətə gəlişini təsadüf də saymaq olar. 1969-cu ildə yerli qəzet onun seçkiyə qatılacağı barədə xəbər dərc edibmiş. Bunu təkzib etmək üçün şəhər meriylə görüşən Takakoya mer belə deyir: “Qələbə şansınızın olmadığı seçkidə iştirak etmək axmaqlıq olmazdımı?” Bu seksist yanaşmadan qəzəblənən xanım Doi namizədliyini irəli sürür və qalib gəlir.
İctimai və siyasi nüfuzunun artması 1984-cü ildə onu YSP-nin sədr müavini, 1986-cı ildə isə partiyanın sədri postuna yüksəltmişdi – bu, Yaponiya siyasi tarixində ilk belə hadisəydi. “Sosialist Partiyası üçün Madonna” (və ya “Madonna strategiyası”) adı almış bu qızğın kampaniya ərzində Takako elektoratıyla da əlaqəni kəsməmiş, yaxınlıqdakı karaoke klublarına gedib onlarla birlikdə mahnılar oxumuş, pinbol oynamışdı.
Haşiyə: Seçkidən məğlub çıxıb (1983) zəifləmiş, getdikcə kiçilərək ciddi reytinq itkisinə məruz qalmış YSP-yə sədr olmasını Doidən partiya yoldaşları xahiş etmişdilər, həm də israrla. O, üç günlük iztirablı tərəddüdlərdən sonra buna razılıq vermiş, təqribən 5 dəfədən artıq səs toplayaraq rəqibinə qalib gəlmişdi. Özündən əvvəlki doqquz sədrdən fərqli olaraq Doi daha öncə təşkilatda heş bir komitə və şöbəyə rəhbərlik etməmişdi, partiyadaxili fraksiyalarla bağlılığı yox idi, üstəlik, partiyadan maaş da almırdı. Partiya daxilində və partiyadan kənarda heç bir maraq qrupuyla işbirliyində olmaması o illərin Yaponiyası üçün çox önəmli faktoruydu və bu, Doiyə xalqın nümayəndəsi imici qazandırmışdı.
1986-cı ildəki seçkilərdə YSP ciddi məğlubiyyətə uğramışdı. Ona görə də Doi sədr seçilən kimi indiyə qədər yalnız yalnız həmkarlar ittifaqının dəstəyinə arxalanan partiyanın bazasını genişləndirmiş, artıq həm də qadınları böyük siyasətə cəlb etmək xətti yürütməyə başlamışdı. Onun YSP sədri seçilməsi xəbəri partiyanın reytinqini bir gün ərzinədə 5 pillə artırmış, xroniki maliyyə problemləri olan partiya sonrakı bir il ərzində Doinin şəkli və avtoqrafı olan telefon kartlarının satışından təqribən 500 min dollar gəlir əldə etmişdi. Bu, ona YSP-nin xilaskarı imici qazandırmış, mətbuat Doini “Paponiyanın Janna Darklı” adlandırmışdı.
****
Sədr postunda Doinin praqmatik və çevik siyasəti YSP-yə ciddi uğurlar qazandırır. Məşvərətçilər Palatasına seçkilərdə (1989) sosialistlər qalib gəlirlər, ölkə siyasətində ciddi dönüş yaranır. 30 ildən çox hakimiyyətdə olmuş Liberal-demokrat Partiyası (LDP) parlamentdəki səs çoxluğunu itirir. Bu, ilk növbədə YSP sədri Takako Doinin populyarlığı sayəsində mümkün olur. Doi seçkinin nəticəsini “Dağ yerindən tərpəndi” deyə şərh edir və tezliklə bu fikir zərb-məsələ çevrilir.
Doğrudur, bu nəticəyə liberal-demokratların yeni vergi siyasətindən əhalinin narazılığı və partiya rəhbərliyinin “Rekrut” şirkətilə dərin korrupsiya əlaqələrinin üzə çıxması, LDP sədrinin seks qalmaqalında iştirak etməsi də təsir edir, amma Doinin seçicilərə, o cümlədən, qadınlara səslənməsi; partiyanın siyahısında qadınlara həmişəkindən daha çox yer verməsi YSP-nin qələbəsini şərtləndirən əsas amillərdən olur. Takako seçkilərdən sonrakı çıxışına məhşur şairə-feminist Yosano Akikonun şeirindəki misralarla başlayır:
“Dağın yuxusu müvəqqətiydi/Keçmişdə bütün dağlar alova sarı gedərdi/Amma buna inanmaq lazım deyil/Ey insanlar, ancaq buna inanın ki/Bütün yatmış qadınlar oyandılar və artıq hərəkət edirlər”. Doğrudur, bu hərəkəti ilk başladan Takako Doi deyildi, amma yapon qadınlarının fəallaşmasında onun böyük rol oynadığı etiraf olunmuş faktdır.
Qadınlarla görüşlərinin birində Takako onlara belə deyir:
“Yapon qadınları həmişə öz atalarına və ərlərinə tabe olublar, onlardan bir neçə addım arxada gediblər. Amma artıq buna son qoymaq zamanı gəlib çatıb. Qadınlar ayağa qalxmalı və kişilərə deməlidirlər ki, indi siz bizim arxamızca gəlin”. Kişilər də, qadınlar da onun arxasınca getməyə hazırıydılar, onlar Takakonun baş nazir olmasını istəyirdilər. Evdar Qadınlar Assosiasiyasının rəhbəri Kii Nakamura da onun namizədliyini dəstəkləyirdi. Özü öz nailiyyətlərini yüksək qiymətləndirməsə də, bu sərt və cəsarətli qadını Yaponiyanın Marqaret Tetçeri hesab edənlər kifayət qədər çoxuydu.
****
YSP üçün böyük uğurla başa çatmış bu seçkilərdən sonra Məşvərətçilər Palatası Doini baş nazir təyin edir, amma LDP-nin hələ də üstün olduğu Nümayəndələr Palatası onun namizədliyini dəstəkləmir və post LDP-çiyə “qismət olur”.
Çox keçmir ki, sosialistlər bu palataya keçirilən seçkilərdə də (1990) irəliləmə əldə edib mandat sayını 136-ya çatdırırlar – bu, son 20 ilin ən yüksək göstəriciydi və bu nailiyyətlərə görə Takako Doi nümunəsi hələ də Yaponiya siyasəti üçün unikal hadisə hesab olunur.
Belə ciddi uğurdan cəmi bir il sonra Doi partiya sədrliyindən istefa verir – Körfəz müharibəsində Yaponiyanın İraqa qarşı koalisiyaya qoşulmasına mane ola bilmədiyi üçün. Nümayəndələr Palatasına 1993-cü il seçkilərində YSP 66 yer, LDP isə səs çoxluğunu itirir deyə 8 partiyadan ibarət koalisiya yaradılır, Takako Doi spiker seçilir və 3 il bu vəzifəni icra edir.
1996-cı ildə (T.Murayama partiya sədrliyindən istefa verəndən sonra) YSP-də parçalanma baş verir, Doi partiyanı xilas etmək üçün yenidən partiyaya rəhbərlik etməyə başlayır. Onun təşəbbüsüylə artıq Sosial-demokrat Partiyası (YSDP) adlandırılan təşkilat marksizmdən nisbətən uzaqlaşaraq daha mülayim siyasət yürüdür. Amma həmin il keçirilən seçkidə sosialistlər yenidən LDP-yə məğlub olurlar.
1998 –ci ildə keçmiş YSP-çilər də daxil, digər partiyalar birləşib Yaponiya Demokratik Partiyasını yaradırlar, sosialistlərin elektoratı bu təşkilata meyllənir və YSDP üçüncü dərəcəli müxalifət partiyası səviyyəsinə enib sürətlə kiçilməyə başlayır.
2003-cü ildə YSP-nin Nümayəndələr Palatasındakı üzvlərinə qarşı korrupsiya ittihamı irəli sürülür, Doinin katibi həbs edilir. Partiya ciddi səviyyədə nüfuz itkisinə məruz qalır, Takako məsuliyyəti öz üzərinə götürüb sədrlikdən istefa verir. Həmin ildə onun şəxsən özünə qarşı da kampaniya aparılır – Şimali Koreyanın heç vaxt Yaponiya vətəndaşlarını oğurlamadığını deməsi (1977-83-cü illərdə bir neçə belə hadisə olub, KXDR xüsusi xidmət orqanlarının 80-nə yaxın şəxsi oğurladığı iddia edilib, 2002-də Kim Çen İr 13 faktı rəsmən təsdiqləyib) və 1987-ci ildə Kim İr Senin ad günündə dediyi sözlər (“YSP üzvləri Koreya Xalq Demokratik Resbuklikasının böyük lider Kim İr Senin rəhbərliyi altında qazandığı uğurlara sayğıyla yanaşır”) ictimailəşdirilir. Takako Doi KXDR hökumətinin onu aldatdığını bildirərək xalqdan üzr istəyir, amma xalq onu bağışlamır: 2005-ci il seçkilərində həmişəkindən xeyli az səs yığan Doi palatadakı yerini də itirir. Hərçənd o, sonrakı illərdə də konstitusiya islahatlarına qarşı mübarizəsini dayandırmır, pasifist və feminist məzmunlu kampaniyalarda iştirak edir.
****
Takako Doi 85 yaşında vəfat edir. YSDP-nin ondan sonrakı sədri, Məşvərətçilər Palatasının üzvü Midzuxo Fukusima onun haqqında vida sözləri yazır:
“1998-ci ildə seçkiyə qatılmaq lazım olduğuna məni o inandırdı və mən düşündüm ki, gedib konstitusiyanı müdafiə etməliyəm. Onun ölümü məni çox sarsıtdı, sanki siyasətdəki anamı itirdim”.
P.S.
Takako Doi: “Həyatımızın nüvəsi ümiddir, bir az ümidimiz olanda, yaşamağa davam edə bilirik. Siyasət onu artırmağa xidmət etməlidir. Amma, deyəsən, əksi baş verir, siyasətçilər xalqın ümidinə kölgə salmaqla məşğuldurlar”.