YAP-ın təşkilat sədrini şantajda ittiham olunan sayt rəhbərinin məhkəməsi yekunlaşır

Mahir Xəttab, Mənbə: Report.az

Prokuror Mahir Xəttaba 4 il iş istədi

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovu şəxsi həyatına aid görüntülərlə şantaj edib, pul tələb etməkdə ittiham olunan “azadinfo.az” saytının təsisçisi Mahir Ələkbərovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mahir Xəttab kimi tanınan sayt rəhbərinə prokuror 4 il həbs cəzası verilməsini təklif edib.

Yanvarın 14-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror bildirib ki, Mahir Ələkbərova qarşı Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb-etmə) maddəsilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilib. Təsdiqlənib ki, Ramiz Göyüşovun şəxsi həyatına aid, intim xarakterli görüntülər “azadinfo.az” və başqa saytlarda yayılandan sonra Mahir Xəttab YAP-ın Binəqədi rayon təşkilatının sədri ilə görüşərək, həmin videonun silinməsi üçün ondan 2000 manat pul alıb.

Lakin Mahir Ələkbərov ittihamı qəbul etmir. O, məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib və ittihamın əsassız olduğunu deyib.

2021-ci ilin sentyabrında – Ramiz Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan bir neçə gün sonra o, YAP-dan  xaric olunub.

Ana səhifəSiyasətYAP-ın təşkilat sədrini şantajda ittiham olunan sayt rəhbərinin məhkəməsi yekunlaşır