YAP 700 mininci üzvünü qəbul etdi

”Ya tamamən zombilərin yaşadığı Türkmənistana, Şimali Koreyaya çevriləcəyik, ya da Gürcüstan, Avropa yolu gedəcəyik”

Source:


”Ya tamamən zombilərin yaşadığı Türkmənistana, Şimali Koreyaya çevriləcəyik, ya da Gürcüstan, Avropa yolu gedəcəyik”

Mayın 6-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) 700 000-ci üzvünə – YAP-ın Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Məmmədova Xatun Fərhad qızına partiya vəsiqəsi təqdim edilib.

Trend-in məlumatına görə, vəsiqənin təqdim edilməsi mərasimində çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin doğum günü ilə təxminən eyni vaxta düşdüyünü xatırladıb.

Heydər Əliyevin doğum günü ilə əlaqədar bir çox tədbirlərin keçirildiyini deyən Ə.Əhmədov bildirib ki, 700 mininci vəsiqənin verilməsi partiyanın sıralarının getdikcə genişləndiyini göstərir: “Bu, Prezident İlham Əliyevin siyasətinə ehtiramın nəticəsidir. Bu gün Prezident İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olduğu məlumdur”.

Partiyanın sədr müavini deyib ki, YAP-a ildə 25 min nəfər yeni üzv daxil olur. Bunların sırasında gənclər üstünlük təşkil edir: “Bu bizi sevindirir. Bu gün YAP sıralarında gəncləşmə gedir. Bu, partiyanın parlaq gələcəyindən xəbər verir. Bu gün Prezident də özünün kadr seçimində gənclərə üstünlük verir. Azərbaycanın gəncləri YAP sıralarında özlərinin inkişafı üçün çox gözəl mühit görürlər”.

YAP-ın parlamentdə ən çox təmsil olunan partiya olduğunu xatırladan Ə.Əhmədov bildirib ki, gənclərin YAP-ı seçməsinin əsas səbəblərdən biri onların Prezident İlham Əliyevin siyasətinə inanmasıdır: “Təbii ki, bu gənclərin sıralarında Azərbaycanın görkəmli xadimləri olacaq şəxslər yetişirlər. Əminəm ki, gənclər bu addımlarında yanılmırlar”.

Tarixçi-alim Altay Göyüşov YAP-ın 77 mininci üzvünü qəbul etməsini öz Fcaebook səhifəsində şərh edib.

Altay Göyüşov “700 min YAP-çı məsələsinin mahiyyəti nədir” sualından sonra əlavə edib ki, totalitar rejim, diktatura qurmaq istəyənlər bir tərəfdən qorxu, digər tərəfdən beyin yumaq vasitəsilə insanları mütiləşdirir, zombiləşdirir: “İndi bizdə elədir ki, bir qismin də internet vasitəsilə, yaxud ölkədən gedib təhsil almaqla (qayıtmaq şərtilə) gözləri açılır, zombiləşməkdən qurtulur. Hər iki proses paralel gedir. Son nəticə bu iki prosesdən hansının daha böyük kəmiyyəti əhatə edəcəyindən asılıdır. Qanunauyğun olaraq, kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə rəvac verəcək. Ya tamamən zombilərin yaşadığı Türkmənistana, Şimali Koreyaya çevriləcəyik, ya da Gürcüstan, Avropa yolu gedəcəyik. İlk baxışda belə görünə bilər ki, rejimin gücü daha böyükdür və daha böyük kütləni əhatə edib, zombiləşdirə bilib. Bu hardasa düzdür”.

Altay Göyüşov
Altay Göyüşov

Amma Göyüşov bir neçə nüansın rejimə problem yaratdığını və dinamikanın iqtiqamətini elə də birmənalı olmağa qoymadığını düşünür: “Birincisi, internetin getdikcə daha böyük kütləni əhatə etmək imkanları var və prosesə qoşulanlar əsasən gənclərdir. Yeni nəfəs onlardan gəlir. Düşünürəm ki, indiki zamanda onları zombiləşdirmək də elə asan baş vermir. İkincisi, demokratiya istiqamətində keyfiyyət dəyişikliyi üçün lazım olan kəmiyyətin kritik həddi, totalitarizm istiqamətində keyfiyyət dəyişikliyi üçün tələb olunan kəmiyyətin kritik həddindən çox-çox kiçikdir. Totalitarizm üçün demək olar ki, bütün azərbaycanlıların, milyonların “şimali koreyalılara” çevrilməsi lazımdır. Ona görə YAP 97 faiz dəstəkdən, 700 min YAP-çıdan, filandan danışır. Demokratiya üçün isə bizdə onminlərlə açıq fikirli, azad cəmiyyət istəyən aktiv insanın olması kifayət edir. Ona görə YAP belə dözümsüzdür, onun totalitarizm istəyinə mane olacaq, bu istəyi darmadağın edə biləcək kritik kəmiyyətin çox da böyük olmadığını bilir”.

Ana səhifəXəbərlərYAP 700 mininci üzvünü qəbul etdi