Yanıq – Avropa yazıları 3

Azərbaycanda niyə camaat işini gücünü atıb meydana çıxmadı, İlhamı devirmədi. Ciddisiniz?

Source:

Başlığa aldanmayın, sui-zənn etməyin. Yanığı nazlı türkcəmizin iş, hərəkət feli mənasında, özünüyandıran adamlar kontekstində işlətmişəm.

Özünüyandırma müxtəlif kültürlərdə olub, vardır, bəlkə də nə vaxtsa olmayacaq. Hindistanda dul arvadların özünü odlaması məşhurdur. Tibetdə bu fəaliyyətə meylliliyin milli idman növünə çevrildiyini demək olar. Erkən xristianlıq dövründə, elə Rusiyanın özündə olan özünüyandırmalar.

Söhbət ciddi özünüifadə formasından gedir.

Şübhəsiz ağır intihar növüdür, əzablı ölümdür. Proses uzun çəkir, alov dərinin qatlarına nüfuz etdikcə yanma-ərimə şiddətlənir, piyli suluqlar üzə çıxır, çoxalır, böyüyür. Qan dövranı, tənəffüs, maddələr müdaləsi – hamısı ölümcül zədə alır. Yandıqca yanırsan, yandıqca yanırsan, hər saniyə artan acını hər bir hüceyrənlə duyursan. Acı kulminasiyaya çatır və ölürsən. Sonra da vücudunun küllənməsi başlayır. Artıq cansız vücudun.

Xoş mənzərə deyil, mənə yaddır, bizə yaddır. Yad olmalıdır. Nədənsə işin bu tərəfini düşündüm daha çox. Hansı psixi vəziyyətdə, əlacsızlıq və çarəsizlik anında edilirsə edilsin – başa düşə bilmirəm. Bu təbii ki, sinik və təkəbbürlü mız qoyma yox, çox dərin acıma hissidir. Burada günahkar axtarmağa da yer qalmır, çünki hər şey çox qarışıqdır. Mən heç bir fransızı məsəlçün Strasburq perfekturası qarşısında özünü yandıran təsəvvür etmirəm. Nə üçün ilin-günün bu vaxtı, belə sadə şeylər bu cür çətinliklə həll olunur? Torpaq, sənəd, icazə hər nədirsə nə üçün bu qədər qəliz məsələdir? Ən əsası – bu nə ictimai münasibətlərdir, dəyərlər sistemidir ki, axırda adam özünü yandırır?

“Nə qoyub nə axtarırsan”, “Tipa sən bomba oğlansan, Avropalı olmusan”, “Buna bax bizə ağıl öyrədir”, “Toxun acdan nə xəbəri” osturaqçılığı bir qırağa, sağlam ağılla bir düşünək – bir adam nə üçün dünyanın düz vaxtı üstünə benzin töküb çaxmağı çaxsın? İlham Əliyev də özünü elə aparır ki, guya bu yevropeyski oğlandır, belə vəhşi adamları idarə etməyə məcburdur. Amma genişürəkli İlhamdır. Yanan adama yüz min manat verdi, ailəsinə də aylıq təqaüd verəcək. Min beş yüz manat. İlham Əliyev məsələləri belə həll edir.

İlham Əliyev sanki Buxarin-Trotski xətti üzrə gedir. Öz inqilabını da artıq edib. Azərbaycan dünya kapitalizminin xammalıdır, o da oyun qaydalarını qəbul edib, oyanıyır. Bu oyun qaydalarını dəyişmək bizim kimi xammallara düşməz. Seçim böyük deyil – mövcud iki oyundan birini oynamalısan.

Bu hadisənin sonrasında dərin təəssüf hissi keçirənlər, məyus olanlar da var. Nə imiş, Tunisdə camaat özünü yandıran göyərti satan üçün qalxıbmış da, bizimkilərsə küçəyə çıxa bilmirmiş. Əlbəttə çıxmaz. Axı Tunisdə də özünü yandıran adam qəzəb doğurmadı. Oyun qaydalarını təyin edənlər, bu bədbəxtin ölümünü uğurlu hekayəyə çevirdilər. Biz bu oyunları Birinci Dünya müharibəsindən üzü bəri izləyirik. Artıq üsyanlar da idarə olunmalıdır və olunur. Yoxsa Türkiyədən tutmuş Çin səddinə qədər zaman zaman, müxtəlif sıxlıqla adamlar bu coğrafyada özlərini yandırıb etiraz bildirirlər. Ona qalsa gərək hər gün hardasa inqilab olaydı. İnqilabın olması üçün kimlərsə “ya bismillah” deməlidir, bu ki, çox sadədir. “Banal açıqlamadır” deyib keçməyin, həqiqət elə banallıqlarda gizli deyil.

Azərbaycanda niyə camaat işini gücünü atıb meydana çıxmadı, İlhamı devirmədi. Ciddisiniz? O maldan mənə də verin. Kim atmalı idi işini? Kim axışmalıdır küçələrə, məhsul stadionuna? Bakının bər-bəzəkli plazalarında, banklarda, sığorta şirkətlərində, neft sənayesində yayda sərin, qışda isti ofislərdə yüksək və orta maaşla işləyən, Park Bulvarda Argentinasayağı steyk, yanında artişok yeyən, gecə klublarında Mafiya oynayan, korporativ gecələrdə “Пошлю его на… небо за звездочкой…» mahnısına rəqs edən, ağ Lexuslarda gəzən bahalı qızlar və oğlanlar? O adamlar ki, sizin hamınıza “kakoy ujas” deyirlər? Onların nə vecinədir Anar, Ramiz Rövşən, İbrahimbəyov, Milli Şura. Sanmayın ki, kordurlar, tupoydurlar – onlar hər şeyi çox gözəl bilirlər, başa düşürlər. İlhamı da yaxşı tanıyırlar. Amma stimulları yoxdur, nəyisə dəyişməyi zəruri hesab etmirlər, başlarını aşağı salıb həyatlarını yaşayırlar.

Yoxsa bölgələrin ayağa qalxmasını istəyirsiniz, ya gözləyirsiniz? O da olmayacaq.

Özünüyandırma demişkən, o gün bir xəbər oxudum ki, “Ukraynada Ruslana var, Yanukoviç hökuməti getməsə Maydanda özümü yandıracam deyir. Bizdə niyə Ruslana yoxdur?” Birincisi, hara yandırırsan özünü? Sən özünü yandıran zibilsən? Söhbət çıxan kimi, bizimkilərə də girəvə düşdü. “Bizdə də Ruslana olsun”.

Flora Kərimova dalınızca on il süləndi, küçədə tutub üç dəfə maşınını ştrafnoya apardılar, səhnədən uzaqlaşdırdılar, evini izlədilər, olmazın basqı altında yaşadı illər uzunu. Axırda da söhbəti başa düşüb getdi işinin-gücünün dalınca. Və oldu satqın, xain, nə bilim pozğun kadın? Ruslana kimi həm söz verib, həm də özünü yandırsaydı sizə ləzzət edəcəkdi, hə? Sizə tamaşa lazımdır?

Söhbət bitib. Normallaşmağı isə tək hakimiyyət yox, hər kəs geciktirir. Bir deyil, iki deyil, üç deyil.

Növbəti yazıda etiraflar gecəsi vəd edirəm. Biz harda düz eləmədik? Bu haqda danışarıq.

Ana səhifəMənim FikrimcəYanıq – Avropa yazıları 3