Rövşən Hacıbəyli
Yaxud bir həbsin tarixçəsi
Apelyasiya Məhkəməsinin vəsatətləri təmin etmək, üstəlik, həbs müddətini azaltmaq səlahiyyəti də varmış…
6 ay qabaq şərti azadlığa çıxan İmran Ağayev noyabrın 13-də Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji klinikasının direktor müavini vəzifəsinə təyin edilib. Çoxları bu təyinatdan təəccübləndi. Təəccüb səbəbsiz deyildi. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev 2021-ci il aprelin 2-də tutulmuşdu. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüşdü.
Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı açıqlama da yaymışdı:
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib…”.
İstintaq yekunlaşandan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi.
“…İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib”.
Həqiqətən ağır cinayət idi. O günləri yada salın, hər gün hər birimizin yaşadığı binanın həyətinə Təcili Yardım maşınları gəlirdi, küçələrdə bu maşınlar aramsız olaraq sağa-sola şütüyürdü. Adamlar çarəsiz durumda, ölüm gözlə qaş arasındaydı. O vaxtlar, demək olar, çoxu doğmasını, yaxınını, dostunu itirdi. Yaddaş üçün xatırladaq: koronovirus 10 min 361 vətəndaşımızın həyatına son qoydu. Adətən belə ağır günlərdə hamı bir-birinə dayaq olmağa çalışır, əlindən gələn köməyi edir; həmişə belə görmüşük. Ancaq həkim adı daşıyan bəzi fürsətcillər, eyni zamanda əczaçılar xalqın ağır günündən də qazanc götürməyə başladılar. Dərmanların qiyməti kəllə-çarxa çıxdı, Təcili Yardım maşınları xəstələri ya “ölüm korpusuna” (bəzi xəstəxanaları o vaxt belə adlandırırdılar) aparır, ya da rüşvət qarşılığında yaxşı müalicə ümidi verən xəstəxanalara çatdırırdılar. FHN-in Modul Tipli Hospitalı, İmran Ağayevin baş həkim olduğu hospital belələrindən idi. Dostum Şahvələd Çobanoğlu və qardaşım Xaliq Bahadır o hospitalın tibbi personalının qayğısı sayəsində ölümdən qurtuldu. Hə, İmran Ağayevin rüşvət alanına çevirdiyi hospitaldan sağ çıxdılar…
Baş həkim İmran Ağayevsə başının dəstəsiylə o ağır günlərin sınağından çıxa bilmədi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay müddətinə azadlıqdan məhrum edildi.
“İttihama görə, İmran Ağayev hospitalın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilmək üçün xəstələrdən 10 min 500 manat rüşvət alıb. Bundan başqa, İ.Ağayevin 140 koronavirus xəstəsinin direktoru olduğu “Medi Style” klinikasına məxsus təcili yardım avtomobilləri ilə FHN hospitalına aparılması müqabilində həmin şəxslərdən 51 min 600 manatı almasına, həmçinin hospitalın ayrı-ayrı əməkdaşlarından 5 min manat rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib”.
Hamı bu hökmü ədalətli saydı, məhkəmə araşdırmasının yekunu olaraq qərar verildiyini düşündü. Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə 2022-ci il martın 17-də oxunmuşdu. Yeri gəlmişkən, 2021-ci ilin oktyabrında bu hakim də koronavirusa yoluxmuşdu…
Elə həmin il avqustun 23-də, hökmdən 5 ay sonra Apelyasiya Məhkəməsində bu dəstənin apelyasiya şikayətinə baxılıb. Həmin iclasla bağlı mediada gedən xəbərə baxaq: “…vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər maddələrlə həbs edilən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, keçmiş baş həkim İmran Ağayevin cəzası 4 ilə, Rüfət Əlizadə və Taleh İmanlının cəzası 3 il 6 aya endirilib.
Hökmə əsasən, məhkəmə istintaqı zamanı polis nəzarəti altında olan Qulu Orucov isə 2 il dövlət orqanlarında vəzifə tutması qadağan edilməklə 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib”.
Rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, CM-in bir neçə maddəsi ilə ittiham Apelyasiya Məhkəməsinin qərarına təsir etməyib. 5 ayda nələr baş verib, dəymiş ziyan qaytarılıb, rüşvət vermədiyinə görə xəstəxanadan çıxarılan, ya rüşvət vermədiyinə görə bu xəstəxanaya qəbul edilməyən xəstələr kompensasiya alıb? Məhkəmənin bu barədə qərarı olub-olmadığı bilinmir. Bunu, görünür, heç araşdıran da olmayıb. Heç İmran Ağayevin vəkili Ceyhun Yusifov da bununla bağlı hər hansı açıqlama verməyib. Bəs Apelyasiya Məhkəməsi hansı arqumentlərlə təqsirləndirilən şəxslərin cəzasını birdən-birə 4 ildən də çox endirib?
Ölkədə hələ də davam edən pandemiya ilə paralel koronovirus cinayətkarlarının da məhkəmə prosesləri bir instansiyadan başqasına ötürülüb. Onlar ədaləti bu dəfə Ali Məhkəmədə axtarıblar. Axtarış nəticəsi uğurlu olub. Ali Məhkəmənin hakim Vidadi Cəfərovun sədrliyi ilə 2 mart 2023-cü ildə keçirilən iclasda hospitalın keçmiş vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 il 6 aydan 2 il 6 aya endirilib. Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin başqa vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasının 1 il endirilməsinə qərar verib.
Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il 3 ay iş verdiyi İmran Ağayev Apelyasiya Məhkəməsində cəzasının 4 il 3 ay, Ali Məhkəmədə isə 1 il endirilməsinə nail olub. Onun 3 ilə endirdiyi cəza müddətinin üçdə ikisi aprelin 22-də başa çatıb. Azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciətinə mayın 2-də baxılıb və o, elə həmin gün cəzaçəkmə müəssisəsindən şərti olaraq vaxtından əvvəl azad edilib. Göründüyü kimi, bütün proseslər çox sürətlə baş verib. 17 mart 2022-ci ildə 8 il 3 aylıq cəza, 2 may 2023-cü ildə azadlıq…
Maraqlıdır, bu proseslərdə hansı hakimin qərarı ədalətli olub: 8 il 3 aylıq həbs cəzası verən Faiq Qəniyevin, onun hökmünü 4 il 3 ay azaldan Elmar Rəhimovun, yoxsa işi daha 1 il azaldan Vidadi Cəfərovun?..
Böyük səs-küy yaradan həbslər sonda məhkəmələrin sayəsində səs-küysüz azadlıqla nəticələndi… İctimai-siyasi fəallarla bağlı məhkələrdəsə həmişə başqa mənzərənin şahidi oluruq: vəsatətlər təmin olunmur, həbs müddəti ya artırılır, ya da olduğu kimi saxlanılır. Məsələn, Qiyas İbrahimovun məhkəməsində dövlət ittihamçısı ona 9 il iş istəsə də, hakim Ənvər Seyidov Qiyasa 10 il iş verdi… Apelyasiya Məhkəməsi Qiyasın və Bayramın şikayətini təmin etmədi. Elə Ali Məhkəmə də…
Bu faktlardan bir daha şahidi olduq ki, qanunlarımız heç də hamıya qarşı sərt deyil, xüsusilə korrupsionerlərə və rüşvətxorlara qarşı, ona əməl etməmək də olar, gərək olanda yanından keçmək də…