“Yaltaqlara dur deməyək?!”


Əbdül Əbilovun işi ilə bağlı üç ay ərzində heç bir istintaq hərəkəti aparılmayıb. Onun həbsi bir ay da uzadılıb.

Facebookda “Yaltaqlara dur deyək” səhifəsinin admini olmuş Əbdül Əbilovun həbs müddətinin uzadılması ilə bağlı 6 martda mətbuat konfransı keçirilib.

Gənc fəalın anası Nurcahan Əbilova oğlunun narkotik istifadəçisi olmadığını deyir. O, Əbilovun sosial şəbəkədəki fəallığına görə həbs edildiyini düşünür. “Evdə axtarış aparanda dedilər ki, oğlumun gödəkçəsində nəsə var. Dedim, qoy mən baxım. Bir də gördüm ki, ciblərindən nəsə çıxarıb gödəkçəyə qoymaq istəyirlər. Halbuki kamera əllərində çəkirdilər. İndi mən o kameranı tələb edirəm. Kameranı ortalığa çıxarmırlar. Orada oğlumun gödəkçəsinə narkotiki necə qoyurlar, çəkilib”-Nurcahan Əbilova deyir.

Nurcahan Əbilova hər həftə “Quran” kitabını götürərək müstəntiqin qəbuluna gedir. O, müstəntiqdən övladının şərlənmədiyinə and içməsini istəyir. “Bizim prezidentimiz “Quran”- a əl basdı ki, xalqıma xidmət eləyəcəm. Mən də “Quran” ı aparıram ki, kim mənim uşağımın cibindən narkotik çıxarıb gəlib bu kitaba and içsin. Gələn yoxdur”.

Vəkil Xalid Bağırov Əbilovun həbs-qətimkan tədbirinin uzadılması üçün heç bir əsasın olmadığını deyir. O, üç ay müddətində heç bir istintaq hərəkətinin aparılmadığını da əlavə edir. “Biz hesab edirik ki, müstəntiq ilkin həbs müddəti olaraq 3 ay ərzində istintaqı qurtarmaq üçün heç bir cəhd göstərməyib. Bu baxımdan həbs müddətinin uzadılmayacağını düşünürdük. Lakin məhkəmə qətimkan tədbirini 1 ay uzatdı. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

Gənc fəalın qohumu Telman Əbilov bu həbsi internet azadlığının pozulması kimi dəyərləndirir. “Əbdül deyib ki, yaltaqlara yox deyək. Bəs biz yaltaqlara hə deməliyik?”

22 noyabrda həbs olunan Əbdül Əbilovun fevralda həsb-qətimkan tədbiri 1 ay uzadılıb. O, narkotik alverində ittiham olunur. Əbilov həbs edilərkən onun kompyüteri də müsadirə olunub. Ailəsi düşünür ki, onu admini olduğu “Yaltaqlara dur deyək” səhifəsinə görə həbs ediblər.

Ana səhifəVideo“Yaltaqlara dur deməyək?!”