Əkrəm Həsənov: ”Heç kəs borcu ödəyə bilmədiyinə görə məsuliyyətə cəlb edilə, o cümlədən həbs oluna bilməz”
Borcunu qaytarmayan 82 nəfərin saxlanıldığı bildirilir.
27 iyul – 1 avqust
tarixlərində ümumilikdə 86 nəfər iqtisadi cinayət törətdiyinə görə saxlanılıb. Həmin şəxslər arasında mülki-hüquqi öhdəliklərdən yayınanlar, borclu şəxs qismində saxlanılanlar olub.
Ötən ayın 27-si mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
28 iyul borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
29 iyul borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
30 iyul borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
31 iyul mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avqust ayının 1-i mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, heç kəs borcu ödəyə bilmədiyinə görə məsuliyyətə cəlb edilə, o cümlədən həbs oluna bilməz. Belə həbslər həm milli qanunvericiliyimizə, həm də qoşulduğumuz beynəlxalq müqavilələrə, o cümlədən İnsan Haqları üzrə Avropa Konvensiyasının 4-cü Protokolunun 1-i maddəsinə ziddir:
“Yalnız məhkəmə qərarı ilə borcu ödəməli şəxs üzrsüz və ya qərəzli olaraq ödənişdən yayınırsa, yəni imkanı ola-ola borcu ödəmirsə, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən 30 günədək, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən isə 3 ilədək azadlıqdan məhrum edilə bilər. Burada əsas məsələ imkanın olmasıdır. Yəni məhkəmədə sübut edilməlidir ki, şəxsin imkanı var, amma ödəmir. 2012-ci ildə Konstitusiya Məhkəməmiz də bu məsələni xüsusilə vurğulamışdı. Lakin təəssüf ki, təcrübədə bəzi icra məmurlamız və hakimlərimiz bu tələbə riayət etmir və sadəcə borcunu ödəyə bilməyəni həbs edirlər”.
Əkrəm Həsənov deyir ki, bu gün yüz minlərlə insan borcunu ödəyə bilmir:
“Nəinki kredit borcunu, həmçinin alimenti və s. Məgər hamısını həbs edirlər? Xeyr! İcra məmurları yalnız onlara məlum olan meyara əsasən bəzi borclulara dair məhkəməyə təqdimat verir, məhkəmə də həbs edir. Özü də əsasən bu, bank kreditləri üzrə deyil, fərdi sələmçilərin verdiyi borclar üzrə olur. Yəni burada bizə məlum olmayan hansısa subyektiv meyar var. Təbii, təxminlərimiz ola bilər. Hesab edirəm ki, hüquq-mühafizə orqanları belə icra məmurlarının ayrı-seçkiliyinin səbəbləri ilə maraqlanmalıdır. Faktiki olaraq bu borclular şantaj edilir: hardan pul tapırsan, tap ödə, yoxsa səni həbs edərik! Məsələn, humanist qanunvericiliyimiz vətəndaşın yeganə yaşayış yerinə borca görə tutma yönəltməyə imkan vermir. Amma həbs təhlükəsi ilə üz-üzə qalanda məcburən satır. Zatən kreditorların, əsasən də sələmçilərin marağında hərəkət edən bəzi icra məmurlarının və hakimlərin də istəyi də elə budur”.
Ə.Həsənov bildirir ki, belə hallar üzrə həbs edilmiş 3 vətəndaşla bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət edib:
“Həmin şikayətlərə hazırda orada baxılır. Ümid edirəm ki, tezliklə qərar veriləcək və ölkəmizdəki bu vəhşi və hüquqazidd yanaşmaya son qoyulacaq”.