Xaçmaz İcra Hakimiyyətinin nümayəndəsi: “Ümid edirik ki, bu tədris ilində olmasa da, gələn ilə mütləq məktəb təmir ediləcək”
Xaçmaz rayonunun Yalama kənd orta məktəbində təhsil alan şagirdlərin valideynləri məktəbin təmirsiz, övladlarının təhsil almaları üçün yararsız vəziyyətdə olmasından şikayətçidirlər. Onlar bu barədə Meydan TV-yə məktubla müraciət ediblər.
Bildirirlər ki, qış aylarında, ümumiyyətlə, övladlarını məktəbə göndərə bilmirlər:
“Yazda birtəhər gedib-gəlirlər. Havalar soyuyandan vəziyyət daha da ağırlaşıb. Pəncərələr sınıq, tavan damır, istilik sistemi isə ümumiyyətlə yoxdur. Sinif otaqları buz kimi olur. Uşaqlar tez-tez xəstələndiklərindən çox vaxt məktəbə qoymuruq. Nəticədə, təhsildən geri qalırlar”.
Valideynlər bildirirlər ki, onların dövründən bu yana məktəbə bir mismar da vurulmayıb:
“Sovet dövründən qalma məktəbdir. Biz oxuyandan bu yana məktəbdə təmir-tikinti işləri görülməyib. İndi özünüz fikirləşin ki, bu gün məktəb daha da pis vəziyyətə düşüb. Burdan aidiyyatı qurumlara müraciət edərək xahiş edirik ki, bizim balalarımızın təhsil aldığı məktəbə tərəf də baxsınlar. Hər il dövlət büdcəsindən ayrılan vəsaitlərlə yüzlərlə məktəb təmir edilir, tikilir. Növbəti tədris ilində biz də yadlarında olaq”.
Hər il dövlət büdcəsi və investisiya xərcləri istiqamətində məktəblərin təmir və tikintisinə müəyyən vəsaitlər ayrılır. Bir neçə il öncəsinə qədər təmir, tikinti işlərini Təhsil Nazirliyi həyata keçirirdi. 2012-ci ildə bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin balansına verilməsi ilə bərabər bütün bu vəsaitlərin istifadəsi, təmir-tikinti işləri də müvafiq icra hakimiyyətlərinə həvalə edildi.
Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai siyasi şöbəsinin baş məsləhətçisi Yaqut Mənsimova bu gün Yalama kənd orta məktəbinin əsaslı təmirə ehtiyacı olan məktəblər sırasında olduğunu deyir. Baş məsləhətçi məktəbin elə də pis vəziyyətdə olmadığını vurğulayır:
“Deyildiyi kimi də pis vəziyyətdə deyil. Aprel ayında olmuşam orda. İkimərtəbəli, böyük həyətyanı sahəsi olan məktəbdir. Düzdür, sovet dövründə tikilib. Bu gün təmirə ehtiyacı olan məktəblərimiz sırasındadır. Respublikada bu gün üç mindən artıq məktəbin əsaslı təmirə ehtiyacı var. Təkcə Yalama məktəbi deyil ki… Bilirsiniz, son on ildə Xaçmaz rayonunda dövlət tərəfindən 40-dan yuxarı məktəb inşa edilib. Ümid edirik ki, bu tədris ilində olmasa da, gələn ilə mütləq təmir ediləcək”.