Beyləqanda məktəblilər qış olanda dərsə gələ bilmir
Beyləqanın Milabad kənd orta məktəbində təhsil alan şagirdlərin valideynləri şikayətçidir. Onlar Məktəbin təmirsiz, şəraitsiz olduğunu, uşaqlarının buna görə əziyyət çəkdiyini söyləyirlər. Valideynlər Meydan TV-yə bildiriblər ki, xüsusən də qış aylarında vəziyyət daha acınacaqlı olur.
“Əvvəla istilik yoxdur. İkincisi də, məktəbin pəncərələri, qapıları bərbad vəziyyətdədir. Sinifə külək əsir, yağış yağanda su damır. Əşyaları pis gündədir. Stulları, partaları bərbad vəziyyətdədir. Baxan, maraqlanan yoxdur. Dəfələrlə müraciət etmişik, yazmışıq, demişik, xeyri yoxdur. Bu boyda kənddir, bir dənə də məktəbdir, niyə bu vəziyyətdə olmalıdır?”
Harda görülüb ki, valideyn məktəb təmir etdirsin?
Valideynlərdən Vüsalə Nəsirzadə deyir ki, məmurların heç biri övladını o cür məktəbə göndərməz. Amma onlar məcburdurlar, başqa çarələri yoxdur:
“Nə edək, təhsilsiz böyüdək? Adlarını yaza bilməsinlər? Məcburuq, göndəririk, xəstələnib üstümüzə qayıdırlar. Çətindir, istiliyi yox, şəraiti yox. Qışda məktəbin içində külək əsir. Biz nə qədər pul toplayıb, istilik tədarükü görməli, nə qədər məktəbin orasını-burasını düzəltdirməliyik? Heç işə də yaramır. Bir yerini düzəltdirirsən, digər yeri üstümüzə tökülür. Bunu biz etməli deyilik, dövlət bir çarə tapmalıdır. Harda görülüb ki, valideyn məktəb təmir etdirsin”.
Uşaqlarımız məktəbdə yox, elə bilin xarabada təhsil alırlar
V.Nəsirzadə deyir ki, Milabad kəndindəki məktəb müstəqil Azərbaycana yaraşan vəziyyətdə deyil:
“Uşaqlarımız məktəbdə yox, elə bilin xarabada təhsil alırlar. Biz milyorder deyilik ki, 10 minlərlə vəsait qoyub məktəbi yaxşı təmir edək. Vallah imkanımız olsa, uşaqlarımıza görə edərik. Çünki soyuqda uşağın başına heç dərs də girmir. Elə yalandan gedib-gəlirlər. Bizim topladığımız pul 300-500 manatdır ki, bununla da ancaq başaldadan, yüngülvari işlər görülür. Bu məktəbə əsaslı təmir lazımdır. Heç bəlkə də təmir də lazım deyil, məktəb sökülüb, yenidən tikilməlidir”.
Belə məktəbdə uşaq nə öyrənsin, necə gəlsin dərsə?
Meydan TV əməkdaşı Milabad məktəbində olub. Birmərtəbəli məktəbin qapı-pəncərəsi köhnə, damı uçuq-sökük idi. Orada olanda məktəbin müəllimlərindən Tamella Fərzəliyeva ilə danışmaq imkanı oldu. O da məktəbin şəraitsiz, təmirsiz olduğunu təsdiqlədi:
“Hələ əvvəl daha pis vəziyyətdə idi. Uşaqlar panelin üstündə otururdular. Valideyn və müəllim kollektivi aralarında pul toplayıb, döşəməni düzəltdirdi. Ancaq yenə də şəraitsizlikdir. İstilik yoxdur, divarları, şəraiti bərbad vəziyyətdədir. Bir baxın, pəncərələri də qırıq-qırıqdır. Özü də dar, balaca. Belə məktəbdə uşaq nə öyrənsin, necə gəlsin dərsə?”
Soyuq olan kimi valideynlər uşaqları məktəbə buraxmırlar
T.Fərzəliyeva şəraitsizlik ücbatından şagirdlərin tez-tez məktəbdən qaldıqlarını da söyləyir. Deyir, nəsə demək də olmur:
“Deyə də bilmirsən ki, niyə dərs buraxırsan. Valideyn nə etsin? Bütün qışı uşağı həkimlərdədir. Birtəhər soba yandırır, otağı isidirik. Vay o günə ki, başın dərsə qarışa, soba sönə. 2 dəqiqənin içində otaq buz kimi olur. Odur ki, soyuq olan kimi valideynlər uşaqları məktəbə buraxmırlar. Müəllimlərin də dili qısadır, deyə bilmirik ki, gəlin, dərsdən qalmayın”.
Məktəb təmir etmək icra hakimiyyətinin işi deyil
Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən də Milabad məktəbinin təmirsiz, şəraitsiz olduğunu təsdiqləyiblər. Bildiriblər ki, hər il ölkədə yeni məktəblər tikilir və ya yenidən qurulur. Tezliklə Milabad məktəbi ilə bağlı da bir tədbir görüləcək:
“Bəli, Milabad məktəbi bir az köhnədir. Biz bununla bağlı yuxarılara müraciət edəcəyik. Məktəb təmir etmək icra hakimiyyətinin işi deyil, böyük maliyyə tələb edir. Eynilə də məktəbin yenidən qurulması. Müraciət ediləcək. Ümid edirik, tezliklə həmin məktəbin təmiri üçün vəsait ayrılar və problem aradan qalxar”.