Yağın qiyməti niyə artır?

İqtisadçı: “Dövlət gömrük rüsumunu 15 faizdən 5 faizə çəksə, qiymətlər həmən 30 faiz düşər”

Foto: arxiv
Yağ, arxiv foto
Yağ, arxiv foto
Yağ, arxiv foto
Yağ, arxiv foto


İqtisadçı: “Dövlət gömrük rüsumunu 15 faizdən 5 faizə çəksə, qiymətlər həmən 30 faiz düşər”

Bir neçə gündür Azərbaycanda yağın qiymətinin qalxması müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlər bunu gömrük rüsumlarının yüksək olması, bəziləri isə yerli bazardakı monopoliya ilə əlaqələndirirlər.

Son iki ayda “Anchor” yağının qiyməti 13 manatdan 17, “Westgold” yağı isə 15 manat 20 qəpikdən 18 manat 40 qəpiyə qədər yüksəlib. Ekspertlər bildirirlər ki, kərə yağıları arasında bundan da baha satılanlar var.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsi (DGK) yağın qiyməti ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Azərbaycana yağ, əsasən, Almaniya, Yeni Zelandiya, Rusiya Federasiyası, Ukrayna və Belarusdan idxal edilib.

DGK vurğulayır ki, kərə yağının bu ilin sentyabr ayı üzrə orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir:

“İdxal əməliyyatları zamanı gömrük dəyəri xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri və göndərmə şərtləri əsasında hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Gömrük Komitəsinin açıqlamasında deyilən 5.20 dollar – 8.84 manata bərabərdir.

Bu da kifayət qədər böyük rəqəmdir:

“Buna 15 faiz idxal rüsumu (yeri gəlmişkən, hər hansı dövlət öz əhalisini daxili istehsal hesabına təmin edə bilmirsə, həmin məhsula maksimum idxal vergisi qoymaq absurddur) – 1.32 manat əlavə edək. Üstəlik, 18 faiz ƏDV – 1.83 manat (Gömrük 15 faiz rüsumu qiymətə əlavə etdikdən sonra 18 faiz hesablayır). Beləliklə, cəmi – 11.99 manat. Logistika və yol xərcləri hər kq yağa heç 0.50 dolları keçmir, daha aşağı olur. Deməli, logistika 0.50 dollar – 85 qəpik. Ümumi xərclər – 12.84 manat. Satışda isə Avropa, Avstraliya və Yeni Zelandiyadan gələn yağ 18-20 manat arasıdır”.

Natiq Cəfərli

İqtisadçı sual edir: Belə qazanc harada var ki?!

“Pərakəndə satış edənlər lap az qoyur, 50 qəpik də onlar artırsalar, yenə də qiymət 16 manat civarında sabitləşər. Mən dövlətin qiymətlərə hər hansı bir müdaxiləsinin qəti əleyhinəyəm. Amma dövlət ədalətli hakim olmalı, əlində olan vergi və rüsum kimi alətlərdən ağılla istifadə etməli, normal rəqabətli mühit yaratmalıdır. Dövlət gömrük rüsumunu 15 faizdən 5 faizə çəksə, kərə yağına ƏDV-ni dünyada qiymət enənə qədər (ilkin olaraq 6 aylıq) ləğv etsə, qiymətlər həmən 30 faiz düşər. Hələ, rəqabətli mühit yaratsa, kərə yağının qiyməti 10-11 manat olar. Necə ki, Gürcüstanda indi elədir”.

Oktyabrın 2-də Milli Məclisdə payız sessiyasının qanunvericilik işlərinin planı müzakirə edilərkən Çingiz Qənizadə də yağın bahalığından danışıb. Əhalinin banklardan və bahalıqdan narazı olduğunu deyib.

“Mütləq faiz dərəcələri aşağı salınmalıdır. Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdən gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb? Yeddi-səkkiz ay bundan əvvəl 10 manat idi. Axı aztəminatlı ailələr bundan yararlana bilmirlər. İnsanları sıxmaq olmaz. Əgər kimsə pul qazanmaq istəyirsə, bunu halal yolla etsin. İnsanları narazı salmaq lazım deyil. Eyni zamanda ətin də qiyməti qalxıb”, – deyən deputat İqtisadiyyat Nazirliyi və Nazirlər Kabinetinin müvafiq qurumlarıan müraciət edərək, məsələyə baxılmasını istəyib.

“Axı bizdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var. Onlar bu qiymətlərə nəzarət etsin. Qiymətlər tənzimlənsin. Xahiş edirəm, müvafiq qurumlar bunu nəzərə alsınlar”, – Ç.Qənizadə deyib.

Ana səhifəXəbərlərYağın qiyməti niyə artır?