Müsavat başqanın müşaviri, həbsdə olan Yadıgar Sadıqovun Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah məlumat verib ki, nəhayət ki, Pentensiar Xidmətdən dəqiq cavab almaq mümkün olub:
“Nəhayət 51 saat sonra Penitensiar Xidmət Yadigar Sadıqovun Qaradağın Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsinə gönderildiyini təsdiq etdi. Ancaq biz Yadigar bəy haqda məlumatın uzun müddət israrla gizlədilməsindən şüphələnirik. Vəkilləri onunla görüşənə qədər də bu şübhələrimiz davam edəcək. Həmçinin onun yaşayış yerinə yaxın çəzaçəkmə müəssisəsinə köçürülməsi qanunun tələbidir. 14 saylı CÇM-nə köçürülməsinin qanun pozuntusu oduğu aşkardır. Bu qanunsuzluğun aradan qaldırılması üçün hüquqi müstevide israrlarımız davam edəcək”.
***
“Artıq 48 saatdır ki, nə Yadigar Sadıqovun ailəsinə, vəkillərinə, nə də müdafiə komitəsinə onun harada olduğu hadqa məlumat verilir”.
Bu sözləri Meydan TV-yə Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquqşünas Elman Fəttah deyib: “Cinayət Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə görə, yeri dəyişdirilən məhkumun cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər. Lakin 48 saatdan çoxdur ki, Yadigar Sadıqovun yeri dəyişdirilib. 1 həftədir Şüvəlan təcridxanasının rəisi həm bizə, həm də Yadigar bəyin özünə məlumat verib ki, bölgü üzrə Yadigar bəy qeydiyyatda olduğu yerə yaxın olan, Salyanda yerləşən Xələc həbsxanasına düşüb. Avqustun 2-də saat 12-də “Yadigar Sadıqovu Xələcə aparırıq” adı ilə Şüvəlan təcridxanasından çıxarıblar. Ancaq Xələcə aparmayıblar. Hara apardıqları haqda nə vəkilləri, nə ailəsi məlumatlandırılır. İkincisi isə Cəzaların İcrası Məcəlləsinin heç bir bəndində məhkumun yerdəyişməsinin ictimaiyyətə açıqlanmasını qadağan edən bənd yoxdur. Biz də müraciət edirik, bizə də məlumat vermirlər. Telefonu qaldırmırlar. Nə ailəsinə, nə də bizə Yadigar Sadıqovun harada olduğu deyilir”.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Meydan TV-yə bildiriblər ki, AR CM-nin 16-cı maddəsinə əsasən məhkumun ailəsinə məlumat verilib: “Yadigar Sadıqovun saxlanılma yeri barədə qanunvericiliyə uyğun ailə üzvlərinə məlumat verilib. Özünü Yadigar Sadıqovun Müdafiə Komitəsinin sədri kimi təqdim edən Elman Fəttahın KİV-ə ötürdüyü məlumat isə yalnız ictimai diqqətin Yadigar Sadıqova ünvanlanması və gündəmdə saxlanılması məqsədi güdür. Cəza çəkən şəxsin yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsində saxlanılması barədə qanunvericilikdə müəyyən olunmuş müddəa direktiv xarakter daşımır və bir qayda olaraq buna əməl edilir. Azadlıqdan məhrum edilmiş şəxsin qeydiyyatda olduğu ünvanla yanaşı, bütün digər amillər də nəzərə alınmaqla məhkumun cəzaçəkmə müəssisələri üzrə yerləşdirilməsi qanunvericiliklə Penitensiar Xidmətin səlahiyyətindədir”.
Yadigar Sadıqov 2013-cü ilin iyununda həbs olunub. 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Yadigar Sadıqov ittihamları qəbul etmir, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir.