Tibb Baş İdarəsinin rəis müavini siyasi məhbusun ambulator şəraitdə müalicə olunduğunu bildirir
Siyasi məhbus Yadigar Sadıqova “ürək ritminin pozulması” diaqnozu qoyulub. Bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov Meydan TV-yə məlumat verib. O deyib ki, Y. Sadıqov səhhətində yaranmış problemlə bağlı müalicə müəssisəsinə köçürülüb və vəziyyəti kafi hesab olunandan sonra müalicəsini ambulator şəraitdə davam etdirməsi məsləhət görülüb. “Mütəxəssis tibbi sənədlərdə onun tam müalicə olunduğu barədə münasibət bildirib. Kardioloq onun həyatına təhlükə yaradacaq heç bir əlamət aşkar etməyib. Yadigar Sadıqov kafi vəziyyətdə cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun səhhəti həkim nəzarətindədir. Xəstənin tibbi sənədlərində müalicə necə davam etdirilməlidir, o da qeyd olunur. O, ambulator şəraitdə müalicə almalıdır”- İftixar Qurbanov bildirib.
Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi bəyanat yayaraq bildirib ki, siyasi məhbusun müalicəsi yarımçıq dayandırılıb. Onlar Y. Sadıqova təyin olunan iynə və dərmanların yarısının istifadə olunduğunu, digərlərinin məhbusda qaldığını vurğulayıblar. Müdafiə Komitəsi baş verənləri Y. Sadıqovun sağlamlığına qarşı qərəzli qəsd hadisəsi hesab edir və Penitensiar Xidmətdən tələb edir ki, bu işgəncələri durdursun.