“Yadigar Sadıqov səhərdən axşama kimi kitab oxuyur”

“Məhkəmə qərarı Y. Sadıqovun işi üzrə siyasi sifariş əsasında çıxarılan əvvəlki qərarların davamıdır”

Source:


“Məhkəmə qərarı Y. Sadıqovun işi üzrə siyasi sifariş əsasında çıxarılan əvvəlki qərarların davamıdır”

Noyabrın 7-də 14 saylı koloniyada Qaradağ Rayon Məhkəməsinin səyyar iclası keçirilib. İclasda Müsavat Partiyası sədrinin müavini Yadigar Sadıqovun cəzasının yumşaldılması və şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb.

Müraciət Y.Sadıqovun 4 illik həbs müddətinin üçdə bir hissəsinin çəkilməsi ilə  əlaqədar edilib. Məhkəmə iclası Y.Sadıqovun vəkillərinə xəbərdarlıq olunmadan  keçirilib. Onun hüquqlarını dövlət vəkili  müdafiə edib və məhkəmə fəalın müraciətini təmin etməyib.

Məlumatı Yadigar Sadıqovun hüquqlarının Müdafiə Komitəsi yayıb.

Məlumatda daha sonra bildirilir ki, məhkəmə qərar qəbul edərkən 14 saylı koloniyanın administrasiyasının Y.Sadıqova verdiyi mənfi xasiyyətnaməyə  əsaslanıb. Sənəddə bildirilib ki, müxalifətçi “əməlindən peşman deyil, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur”.

Y.Sadıqovun tərəfdaşları heseb edirlər ki, hakimin sovet dövrünün ənənəsinə xas olaraq qəbul etdiyi qərar qanuna ziddir: “madam ki vətəndaş əməyə meylli deyil, deməli islah olunmayıb”.

“Bu məhkəmə qərarı Y. Sadıqovun işi üzrə siyasi sifariş əsasında çıxarılan əvvəlki qərarların davamıdır”, – deyə  Müdafiə Komitəsinin bəyanatında deyilir.

Bundan əlavə, sənəddə qeyd olunur ki, fəalın şərti olaraq azadlıqdan məhrum edilməsindən imtina həbsdə olan günahsız insanların buraxılması məqsədilə prezident İlham Əliyev və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın razılığı əsasında yaradılmış insan hüquqları üzrə  işçi qrupuna inamı itirir.

Yadigar Sadıqov 2013-cü il iyunun 2-də yerli sakin Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. R.Kərimov bildirib ki, iyunun 25-də Y.Sadıqov Lənkəranda çay evində onu döyüb. Y.Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib. Sonda Apellyasiya Məhkəməsi cəza müddətini 4 ilədək azaldıb.

Hüquq-müdafiə təşkilatları hesab edirlər ki, Y.Sadıqov müxalifət fəaliyyətinə və sosial şəbəkələrdəki fəallığına görə siyasi motivlərlə təqib olunur. Sülh və Demokratiya İnstitutu onu “İsaxan Aşurov” mükafatı ilə təltif edib.

Ana səhifəXəbərlər“Yadigar Sadıqov səhərdən axşama kimi kitab oxuyur”