Əgər bəşəriyyət öz tarixini iyləsə, burnuna mütləq inkvizisiya tonqallarının hisi və yanıq ət qoxusu gələr. Əgər bəşəriyyət qulağını öz tarixinə söykəsə, zorlanan oğlan uşaqlarının, tonqallarda yanan qadınların, içalatı diri-diri siçovullara yedirilən insanların iniltisindən dəhşətə gələr. Bəli, dinlər arasında xristianlıq qədər əli, dişləri qana batmış, üzü inkvizisiya tonqalların hisinə boyanmış ikinci din tapmaq çətindir. Xristianların tarix uzunu elədiyi qəddarlığı, əxlaqsızlığı heç bir dinə etiqad edən insanlar eləməyib. Keşişlərin xoşuna gəlməyən, hansısa səbəbdən sərf eləməyən, problem yaradan kişili-qadınlı hər kəs asanlıqla tonqala atıla, olmazın işkəncələrə məruz qala bilərdi. Heç kim diri-diri içalatı siçovullara yedirilmədən, cüzamlı xəstələrlə eyni otaqda yatırılmadan, zindanlarda aylar sürən aclıq və susuzuqdan sığortalanmamışdı. İnkvizisiyalar, işkəncələr, pedofiliya, kilsələrdə, monastırlarda baş alıb gedən əxlaqsızlıq…
Bunları tarixi kitablardan oxumaq çətin və yorucu ola bilər, amma Pazolininin «Dekameron», «Kenterberiya əhvalatları», Miloş Formanın «Qoyyanın kabusları»na baxa, Markiz De Sadın «Jüstin» romanını oxuya bilərsiniz.
Elə bilməyin ki, xristianlar bu gün İsa, Məryəm, digər müqəddəslər barədə çəkilən komikslərə, romanlarda, əsərlərdə öz peyğəmbərlərinin başına açılan oyunlara, ədəbiyyatın, kinonun, teatrın xristianlıqla istədiyi qədər və istədiyi şəkildə məzələnməyinə tolerantlığından dözür. Qətiyyən. Sadəcə Qərbin humanistləri, maarifçiləri onilliklər boyu xristianlığı elə ifşa edib, elə kompleksə saldılar ki, xristianlıq bu gün insanlığın qarşısında gözükölgəli, başıaşağı, alnıləkəli dayanmağa məcburdur. Çünki, Hüqo demişkən, qəzəblənmiş filosoflar ayağa qalxıb, keşişi, dini, kilsəni Tanrının yanında ifşa ediblər.
Roma Papasının inkvizisiyalara görə üzr istəməyi, ateistlərin də cənnətə düşə bilmə ehtimalının olduğunu asanlıqla deməyi xristianların geniş ürəkliliyindən, tolerantlığından-zaddan xəbər vermir. Sadəcə qərbdə xristianlıq sekulyarizmə, maarifçiliyə, tolerantlığı və insanı uca tutan dəyərlərə uduzub.
Bu gün kilsənin əlində hakimiyyət yoxdur. Budur xristianlığın tolerantlığının, geniş ürəkliliyinin, yumşaqlığının səbəbi.
İnanın ki, əgər bu gün kilsəyə, keşişlərə hakimiyyət verilsə, siz onların gözlərində inkvizisiya tonqallarının qığılcımlarını asanlıqla görə bilərsiniz. Tarix göstərdi ki, din Şərqindən, Qərbindən, kişisindən, qadınından asılı olmayaraq, hakimiyyətlə müşayiət olunursa, baş kəsməli, insan yandırmalı, edam etməli, diş-dırnaq çıxartmalı, işkəncələr verməlidir. Din – əqidələr, ideyalar arasıda insan qanına ən hərisidir.
Bütün bu sadaladıqlarıma rəğmən, mən xristian deyil, müsəlman ölkəsində doğulub böyüdüyümə, keşişlərlə deyil, mollalarla türklər demiş mühattab olduğuma görə çox məyusam. Söhbət dinlərin humanistlik səviyyəsindən, hansının sevgi və sülh dininə yaxın din olmağından getmir. Söhbət səviyyədən gedir. Mütaliə, təmkin, dünya görüşü, dialoq mədəniyyədindən, incəsənətə, ədəbiyyata, yeniliklərə münasibətdən gedir.
Bircə misal gətirim. Ötən il Tiflisdə oxucularla xudmani bir görüş keçirdik. Gürcü şairlər şeirlərimin bir hissəsini rus, bir hissəsini gürcü dilinə çevirdilər və sosial şəbəkələrdəə elan verdilər. Tədbirə 60 nəfərə yaxın adam gəlmişdi. Onlardan 3 nəfəri azərbaycanlı, qalanı gürcü idi. Gələnlərin arasında gözümə bir keşiş dəydi. Uzun, qara cübbəli keşiş. Özümü birtəhər hiss elədim. Fikirləşdim ki, indi dindən-zaddan axmaq-axmaq danışacaq. Nəsə, tədbir başa çatdı. Tədbir sonrası keşiş yaxınlaşıb, mənə xeyir-dua verdi, xaç çevirib, alnımdan öpdü. Dedi ki, şeiri çox sevir:
– Övladım, istənilən şair sözündə Tanrının nuru var, sadəcə onu görmək lazımdır…
Özümü birtəhər hiss elədim. Söhbəti uzatmadım. Qorxdum ki, indi mənə nəsihət-zad verəcək.
Aradan bir ay keçdi. Həmin keşişi küçədə gördüm. Məni tanıdı. Yaxınlaşıb, yenə xeyir-dua verdi, alnımdan öpdü. Bu dəfə özümü saxlaya bilmədim.
– Müqəddəs ata, mən xristian deyiləm axı. Ümumiyətlə, ateistəm. Xeyir-dua verməyiniz nə dərəcədə doğrudu..
Sözlərim onu qətiyyən çaşdırmadı. Gülümsədi.
– Mən bütün etirazçı gəncləri sevirəm. Çünki İsa da etirazçı idi. İsa da müxalifətdə idi. Bütün etirazçı gənclərdə İsadan nəsə var…
Dəhşətli şəkildə utandım. Ona görə utandım ki, o mənim tipik din adamı anlayşımı darmadağın eləmişdi. Amma mənim günahım yox idi. Mən heç vaxt şeir oxunan tədbirə gələn, ədəbiyyatdan danışan molla görməmişdim. Heç vaxt «ateistəm» deyən gəncə qəzəblə baxmayan, «allah sənə lənət eləsin», ya da «allah özü sənə hidayət versin» deməyi özünə borc bilməyən molla görməmişdim. Yəqin ki, siz də nə qədər çalışsanız, şeir məclisinə gələn, şairə qulaq asan, ədəbiyyatla, özü də müasir ədəbiyyatla maraqlanan molla göstərə bilməzsiniz.
O keşişin məqsədi isə məndə xristianlara rəğbət oyatmaq, xristianlığa gətirmək deyildi. Adam sadəcə səviyyə nümayiş etdirdi. Dialoq bacarığı nümayiş etdirdi.
Sonra Quram ata ilə feybukda dostlaşdıq. Olduqca məlumatlı, pozitiv və zarafatcıl adamdı. İstəsəniz, siz də ona dostluq göndərə və danışa, sonra da bizim mollalarla müqayisə edə bilərsiniz:
Profili