Xoşbəxt adamın gündəliyindən…

Qaldı ki, milli məclisdə müxalifət məsələsi…

Source:


Adama bir deputat!

Ölkənin coğrafiyasını gəzən seçki hadisələrində başvermə tarixindən savayı təzə heç nə tapmadım. İllərdir eyni səhnə, eyni məzmun, eyni iştirakçılar, eyni qutu. İstisna hallarda  aktyorlar dəyişir. O da kimsə “vurulsa”. Yoxsa ki, özlərinə zəhmət verib heç siyahını da yeniləmirlər. Dəfələrlə namizədlik prosesindən keçən veteran deputat ruhu incimədən, tükü tərpənmədən mandat alacaq. Məclisdən çöldəki oliqarxın birinci dərəcəli yaxını olaraq haram sərvətlərin qorunması üçün. Qardaşının deputatlıqdan məhrum edilməsi nahaq yerə el arasında nəqliyyat nazirini istefaya “göndərmədi” ki… Dedektivsevər saytlar hətta məmmədovların kütləvi repressiyalarına qədər gedib çıxdılar. Çox ola bilər ki, yaxınlarda ehtimallar gerçək olsun. Hələlik isə bütün bu dezinformasiyaların yeganə səbəbi və mənbəyi nazir qardaşına qoyulan deputatlıq qadağasıdır. Yəni, oliqarxlar üçün doğrudan da ən vacib şüar: – “Adama bir deputat!”dır. Seçicilər isə bütün hallarda adam yerinə qoyulmurlar.

Qaldı ki, milli məclisdə müxalifət məsələsi… Bundan ötrü noyabrın birini gözləməkdən başqa çarə yoxdur.

Məntiqlə seçkidən yazmalıydım. Növbəti seçki şousundan. Ondansa həyatdan yazım, dedim. Yaşadığım, duyduğum şeylərdən. Maraqlı olmasa da, heç deyilsə abırlı olar…


Birinci yazı

Təxminən üç il əvvəl Qəbələli köhnə nəslin “Saatın yanı” adlandırdığı mərkəzdə dilənmək üçün əlil arabasına ahıl, nurani bir qadın qoymuşdular. Qadın yolda-irizdə qırsaqqız olub adama yapışanlardan o qədər fərqlənirdi ki, bircə dəfə pul verməyə ona yaxınlaşa bilmədim. Günün birində həmin o ahıl qadın ordan təsadüfən keçən məni səslədi. Aptekdən çıxdığıma görə cibimdə heç pulum qalmamışdı. Yolumu dəyişmək istədim, daha bərkdən çağırdı. Xeyli gərgin halda ona yaxınlaşdım. Mənə bir manat uzadıb titrək səslə dedi: – “İncimə, qızım, səndən başqa kimsəyə ərkim çatmadı, zəhmət olmasa mənə üç dənə isti qoğal al”. Çox halsız görünürdü. Hipnoz olunmuş kimi pulu götürüb tez-tələsik istədiyini alıb ona gətirdim. Xırdaları qaytaranda qadın üzümə elə mənalı baxdı ki, sanki “qalığı qalsın” demək istəyirdi. Baxışlarında o qədər hüzn, kədər, sevgi və çəkingənlik vardı ki, yanında kövrəlməyim deyə ondan demək olar qaçaraq özümü evə çatdırdım.

Əslində, mənim tərzim bu deyildi. Və indiyə qədər anlaya bilmirəm ki, mən o pulu o əlil qadından niyə götürdüm? Pulum yox idi, ona görəmi? Bu, səbəb ola bilməz. Çünki, üz-üzə gəldiyim hər altı-yeddi nəfərin birindən beş-üç manat borc almağa qədər etibarım çatardı. İndi düşünürəm ki, bəlkə də qadın halsızdı deyə qoğalları ona mümkün qədər tez çatdırmaq istədim. Çatdırmağına çatdırdım da, amma rahatlanmaq əvəzinə ağrılı bir boşluğa düşdüm.

O gecə yuxum ərşə çəkildi. Səhər açılan kimi kiçik bir boxça düzəldib onu görməyə getdim. Qadın yox idi. Nahardan sonra yenə soraqlaşdım, “gəlməyib” dedilər. Ertəsi gün də nə qədər axtardım bir nəticə olmadı. Elə bil yer yarılıb qadınla bərabər arabanı udmuşdu.

Təxminən yetmişi adlamış xəstə adamın məchul taleyi o gündən başqa dərdlərimin üstünə gəlib ürəyimdə nisgilə döndü. O gün-bu gün fikirləşirəm, sağından-solundan onlarla adamın keçdiyi yaşlı adam acından huşunu itirəcəyi anda niyə məhz məni seçdi? Həm də qoğalları ona istənilən birinin məndən tez çatdıra biləcəyi halda…

O vaxtdan bəri gözüm itikçidir. Əlil arabasında ağsaçlı, qara kəlağayılı bir qadın axtarıram. Nəsə vermək üçün deyil… Sadəcə o günləri mənə pul uzatdığı yorğun əllərini sığallayıb bir anlığa olsa da gözlərimin üstünə qoymaq üçün. Bu dünyanın bulanıq ab-havasından korlanmış gözlərimin…


İkinci yazı

Bizə daim dünyanın mənəvi dəyərlər üzərində dayandığını, хeyrin həmişə şərə qalib gəldiyini, sərvətin-dövlətin boş və heç olduğunu həzm etdirirdilər. Bu daha başqa söhbətdir ki, xalqa mənəvi dəyərlər təklif edən tribuna bülbüllərinin həyat menyusu dadlı və yağlı maddiyyatdan ibarət idi. Hərçənd bunu indiki kimi gözümüzə soxmadan, şəxsiyyətimizi görünən səviyyədə alçaltmadan və bizə çörək dərdi çəkdirmədən qapalı-gizli şəraitdə reallaşdırırdılar. Bəlkə və nə yaxşı ki, elə buna görə dünyadan xəbərsiz bizlər özümüzü xoşbəxt və qayğısız  hesab edirdik.

İndi isə artıq müstəqil və azad zamandır. Müstəqil ölkəmizin bütün dünyadan xəbərdar müasir adamı aldadılmaqdan, incidilməkdən yalnız yuxuda olduğu zaman azaddır. Elə ki, oyanır, baх, onda həmin dünyaya gəldiyinə peşman olur. Çünki, bu dünyanın bu ölkəsinin saatbasaat artan bank kreditləri, od tutub yanan dükanı-bazarı, dubinkalı polisi, məzhəkəli məhkəməsi, qaydasız ödənişli məktəbi-xəstəxanası, hərbidən bixəbər komissarı, aşağıdan-yuхarıya təpəgöz məmur ordusu, hələ bunlar azmış kimi saxta deputatı, oyuncaq bələdiyyəsi, nə bilim daha nəsi-nəsi var. Və bunların da hamısı adamın üzünə elə baхır ki, əyər olsa, ağzındakı tikəni də çıхardıb verməyə məhkumsan. Və əyər də olmasa və bu səbəbdən də verməsən onda allahın bu yaratdıqları yenə həmin olmayan şeyi səndən qoparacaqlar. Nədən ki, daha bu ölkənin ayağı bir balaca yer tutan hər canlısı özündən zəifin canına susayıb.

Müqayisəyə ehtiyac olmasa da, yenə özümü saxlaya bilmədim. Yoxsa hər an yaşanan şeyləri sadalamağın nə mənası var ki? Məqsəd artıq tarixə dönmüş yaxın keçmişə qısa səyahətdir. Həmin yaxın keçmişdə sovet humanizmi o yerə çatmışdı ki, qışda acından ölməsinlər deyə sovet məktəbliləri quşlara yuva qurub, dən verirdilər. Hətta həvəskar böyüklər də asudə vaхtlarında əllərinə çəkic, mıx və bir torba dən götürüb uşaqlara qoşulurdular. Qocalara, хəstələrə qayğı, təbiətə qulluq, cürbəcür dərnəklər, tədbirlər, sonatoriyalar, düşərgələr və sairələrin içində böyüyən bizlər bu qarmaqarışıqda öz yarıyoхsul vəziyyətimizi görmürdük.

Əslində, qapalı sovet idarəçiliyində bundan yaхşısı barədə heç təsəvvürümüz də yoх idi. Yəqin buna görə alababat durumumuzla belə, özümüzü hər cəhətdən təmin olunmuş  hiss edirdik. Həmin təminat bizə imkan verirdi ki, adicə poçt açıqcası ilə neçə-neçə insanı sevindirək, nəsə yardıma ehtiyacı olana əlimizi uzadaq. Xalqa ustalıqla aşılanan sovet ideologiyası ilə sadəlövh bizlər təmənnasız sevməyi, hörmət bəsləməyi, əziyyət çəkməyi öyrəndik. Aldadanlar nə niyyətlə aldatsalar da, biz ordan özümüzə ən vacib olanı götürdük…

Sovet dövrünün sonuncu nəsli ilə bərabər bu хatirələr də az vaxta unudulub gedəcək. Bizdən olsa-olsa internetli virtual nəsillər üçün əyər maraqlansalar toz basmış arхiv qalacaq. Əlbəttə, əyər maraqlansalar və əyər qalsa…

Ana səhifəMənim FikrimcəXoşbəxt adamın gündəliyindən…