Xolesterol nədir?

Qida ilə qəbul etdiyimiz, eləcə də öz bədənimizdə istehsal olunan yağlar necə daşınırlar?

Source:

Sağlamlığı ilə maraqlanan insanlar xolesterol adını çox eşitmiş olmalıdırlar. Qədim vaxtlardan etibarən insanlar qida ilə sağlamlıq arasında əlaqə olduğunu bilirdilər. Yaxşı və müntəzəm qidalanan insanların daha sağlam olduğuna və daha uzun yaşadığına inanırdılar. Sizə bir sirr deyim – əslində haqlıdırlar. Doğrudan da, zəif qidalanan insanlar daha çox xəstələnirlər, daha az yaşayırlar. Kasıb qidalanan insanların nəinki sağlamlığı zədələnir, boyları da daha qısa olur. Azərbaycanda 20 il əvvəl yoxluq illərində əhalinin ortalama boyu aşağı düşmüşdü. Bunun qida rasionunda zülal və yağ çatışmazlığından olduğunu çağdaş elm kifayət qədər ətraflı izah etmişdir.

Yaşadığımız son 100 ildə insanlar “çox” yeməyin də zərərli olduğuna əmin oldular. Yaxşı qidalanan – hətta artıq qidalanan insanlarda köklük, piylənmə, şəkərli diabet, ürək xəstəlikləri, xərçəngin daha çox görüldüyü elmə məlum oldu. Elə isə qidalanma mədəniyyətinin qızıl ortasını necə tapmalı?


Qida nədir?

Gözəl sualdır. Çoxumuz bu suala cavab vermək üçün çörək, ət, yağ, tərəvəz və s. adını çəkərdi. Əlbəttə haqlıdırlar. Onları haqsız çıxarmaq istəmirəm. Lakin məsələyə belə yanaşmağın başa düşmək üçün faydalı bir yol olacağını düşünmürəm. İş daha dərindir.

Canlı bədənində hər şey kimyəvi maddələrdən təşkil olunmuşdur. İnsan kimyəvi reaksiyalar nəticəsində əmələçgəlmiş qidalarl qəbul edir, eləcə də özü bu maddələri yenə kimyəvi yolla sintez edir.

Təbiətdə bütün hər şey atom və molekullardan ibarətdir. Mendeleyevin dövri cədvəlini yəqin ki xatırlayırsınız. Bax, oradakı atomlar gördüyünüz hər şeyi formalaşdırır: daş, ot, su və s. Mendeleyecin cədvəlində gördüyünüz atomlar təbiətdə istirahət halında heç vaxt sadə atom şəklində rastlanmazlar. Dəmir təbiətdə tək atom şəklində görülür, amma o belə atomların kristallar şəklində birləşməsi kimi rastlanır. Bir sözlə – təbiətdə sadə element və ya maddə yoxdur. Hər şey mürəkkəbdir.

Canlı bədəni müəyyən maddələrdən təşkil edilmişdir. Biz, evləri daşdan, qumdan, sementdən, dəmirdən tikirik, deyil mi? Bunları birləşdirmək üçün sudan istifadə edirik, deyil mi? Canlı da eynilə – su və yağ yardımı ilə birləşdirilmiş müəyyən maddələrdən, yəni molekullardan təşkil edilmişdir. Yağ dedim də, insan bədəninin əksəriyyəti sudan ibarətdir. Buna görə də, insanı binalara deyil, dənizlərə bənzətmək daha doğru olardı. Bir canlı olaraq insan sulu ortamda “yığılmış” müxtəlif molekullardan təşkil edilmişdir.

Qida, canlının öz quruluşunu, vücudunu sürdürməsi, inkişaf etdirməsi və fəal maddələr mübadiləsi -metbolizmasını idarə etmək üçün tələb edilən maddələrdir.

Canlı bədəni bəzi təməl maddələrdən təşkil edilmişdir. Qısaca bunlar

  • Zülal
  • Karbonhidrat
  • Yağ

Canlılar müəyyən bir formaya, vücuda malikdirlər. Amma cansız əşyalardan fərqli olaraq fəal surətdə maddələr mübadiləsi aparırlar – bir növ, alış-veriş içərisindədirlər. Aşıq bildiyini çalar misalı, canlılar da elə təşkil olunduqları maddələrin alış-verişini, yəni mübadiləsini edirlər.

Qida, canlının öz quruluşunu, vücudunu sürdürməsi, inkişaf etdirməsi və fəal maddələr mübadiləsi -metbolizmasını idarə etmək üçün tələb edilən maddələrdir. Hər qida növü müəyyən qrup mürəkkəb molekullardır. Təbiətdə sadə qida maddəsinə rastlanmır. Hər qida maddəsi kimyəvi birləşmədir. Yəni, kimya sözünü pis mənaya yozmaq lazım deyil – özümüz daxil, bütün qida maddələri kimyəvi birləşmələrdir.

Qida maddələri də elə bədən quruluşunda iştirak edən maddələr olduğu üçün, zülal, karbonhidrat və yağlardan, eləcə də vitamin və mikro-maddələrdən ibarətdir.


Xolesterol

Canlı bədənində yağlar çeşidli funksiyalara malikdirlər. Xolesterol bunlardan bir qrupudur. Hüceyrələrin zarlarının quruluşundan tutmuş müxtəlif hormonlara qədər – hamısı xolesteroldan təşkil olunmuşdur. Məsələn, məşhur cinsiyyət hormonları testosteron və estrogenlər. Hələ stres hormonları olan kortikosteroidlər. Bir sözlə – xolesterol həyatın təməl daşıdır.

Xolesterol insan tərəfindən heyvan mənşəli qidalardan və palma yağı kimi nadir bitki mənşəli yağlardan qida olaraq qəbul edilməkdədir. Lakin insan bədənində xolesterolun əksər hissəsi bizim öz qaraciyərimiz tərəfindən istehsal edilməkdədir.

Siz, yəqin ki yağın suda həll olmadığını bilirsiniz. Suya tökülmüş yağ ya səthə ləkə kimi toplanacaq, ya da kiçik damcılar şəklində suyun içərisində üzəcəkdir. Dünyada yağ ilə suyu qarışdıra biləcək yeganə vasitə Səthi Fəal Maddələrdir. Qısaca desək, sabun. Bütün yuyucu vasitələr bir tərəfi suya, o biri tərəfi isə yağa yapışan, sevən maddələrdir.

Xolesterol yağ olduğuna görə, suda necə həll olur, görəsən? Axı, xolesterol səthi fəal maddə ğ, yəni sabun deyil, elə mi? İnsan bədəninin əsas hissəsi, xüsusilə də maddələri orqanlar arasında daşıyan qan sudan təşkil olunmuşdur. Xolesterol yağ olaraq suda, yəni qanda necə həll olunur?

Ağlın yolu birdir. Xolesterol damcıları suda həll olan, susevən digər bir maddə – zülal ilə əhatə edilərək qanda daşınır. Yağ yunanca lipos, zülal isə protein deməkdir. Əmələ gələn birləşmə isə lipoprotein adlanır.


Lipoprotein növləri

Xolesterolun heyvan orqanizminin hüceyrə membranını formalaşdıran, müxtəlif steroid maddələrini əmələ gətirən yağ olduğunu gördük. Lipoproteinin isə bu xolesterolu qanda daşınması məqsədinə xidmət edən mürəkkəb birləşmə olduğunu anladıq. Elə isə, lipoproteinin hansı növləri vardır? Bu qədər mürəkkəb birləşmənin yəqin ki birdən çox variantı olmalıdır, deyil mi?

Tamamilə haqlısınız. Lipoproteinlər böyük və az sıxlıqda (daha seyrək və ya gövşək), eləcə də kiçik və daha sıx ola bilərlər. Lipoprotein daxilində yağ nisbət olaraq zülaldan daha çoxdursa, əmələ gələn birləşmə daha böyük və daha gövşək alınır.

Sadələşdirilmiş şəkildə lipoproteinləri sıxlığına görə bir neçə yerə bölürük.


  1. Xilomikronlar

    triqliseridləri (yağ) bağırsaqlardan qaraciyər, skelet əzələləri və yağ toxumasına daşıyırlar.

  2. Çox Aşağı Sıxlıqlı Lipoprotein

    -lər (Very-low-density lipoprotein – VLDL) yeni istehsal edilmiş triqliseridləri qaraciyərdən yağ toxumasına daşıyırlar.

  3. Orta Sıxlıqlı Lipoprotein

    -lər (Intermediate density lipoprotein – IDL) VLDL və LDl arasında sıxlığa malikdirlər. Aclıq sırasında alınmış qanda təsbit edilə bilmirlər. Bütün qan yağları təhlilləri aclıq sırasında aparıldığı üçün heç bir kliniki əhəmiyyəti də mövcud deyildir.

  4. Düşük Sıxlıqlı Lipoprotein

    -lər (Low density lipoprotein – LDL) sayı 3 000 – 6 000 arasında dəyişən yağ molekullarını bədəndə müxtəlif yerlərə daşıyırlar. Əsasən “Pis” yağlar olaraq tanınırlar. Qanda yüksək LDL səviyyəsi ilə müxtəlif “pis” xəstəliklər arasında əlaqə tapılmışdır.

  5. Yüksək Sıxlıqlı Lipoprotein

    -lər (High density lipoprotein – HDL) yağ molekullarını (fosfolipid, xolesterol, triqliserid və s.) bədənin hər tərəfindən toplayaraq qaraciyərə geri gətirirlər. Əsasən “Yaxşı” yağlar olaraq tanınırlar. Ateroskleroz kimi “pis” xəstəliyi olmayan insanların qanında HDL səviyyəsi daha yüksək görülür.

İnsan bədənində maraqlı hadisələr cərəyan etməkdədir. Onları öyrənmək həyatı daha rahat və daha sağlam yaşamağa yardım edir. Bir də, dostlarınızın arasında xolesterol, yağların bədəndə hərəkət qaydalarını bilməyinizlə öyünmək nə qədər yaxşı olardı, deyil mi?

Ana səhifəXəbərlərXolesterol nədir?