Xof

Sən müxalifətçisən, qorxuram

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl
Orxan Adıgözəl-Banner


Bir axşam şəhərin mərkəzindən evə dönərkən binamızın önündən keçən cavan bir oğlandan xahiş etdim ki, mənə kömək etsin. Əlil arabasından istifadə etdiyim üçün Sovet vaxtı inşa olunan qeyri-müəssər infrastruktura malik binaya sərbəst daxil olmağım və çıxmağım müşkül məsələdir. Hər zaman yaşadığım evə giriş-çıxışım mütləq kiminsə fiziki dəstəyi ilə baş verir. Mən də hər dəfə belə “unikal” həyat tərzinə görə Sovet quruluşunu adekvat olaraq elə ən unikal söyüşlərlə yad edirəm.

Cavan oğlandan kömək istəyim çarəsizlikdən oldu. Həmin gün valideynlərim evdə yox idi. Yoxsa yad adamlara zəhmət verməyi xoşlamıram. 22-24 yaş arası gənc can-başla məni qapımıza qədər müşayiət elədi. Arabamla təkbaşına adlaya bilməyəcəyim maneələrdən keçirdi. Liftdə 6-cı mərtəbəyə qalxana qədər tanış olduq. Məndən soruşdu ki, video-blogger Mehman Hüseynovla birgə avtobusun qarşısını alan oğlan deyilsən?

Dedim ki, həmin oğlanam. Sonra yenə soruşdu ki, Mehman yeni videolar çəkib, yerləşdirir öz facebook səhifəsinə? Mən də oğlandan soruşdum ki, özü daha izləmir? Cavab verdi ki, “Yox, bir dövlət kollecində təhsil alıram. Elə şeylər izləyə bilmərəm”. Qapının ağzına çatanda təşəkkür etdim, içəri keçib, çay içməyi təklif elədim. Üzündə təşviş və həyəcan ifadəsi ilə “Yox-yox, sağ ol. Hələ səninlə bura qədər gəlməyim təhlükəlidir. Sən müxalifətçisən, mən kollecdən qovulmaq istəmirəm” dedi və iti addımlarla pilləkanlarla aşağı düşdü.

Öz-özümə gülməyə başladım. Qapının ağzında dayanıb həmin sözlərin mənasını dərk etməyə çalışırdım. Əslində gülməyim təəccübün yaratdığı kiçik şokun təzahürü idi. Özümü bir anlıq Suriyada hakimiyyətə qarşı vuruşan müxalifət liderlərindən biri kimi təsəvvür etdim. Sonra düşündüm ki, bəlkə yadımdan çıxıb, son prezident seçkisi vaxtı Milli Şuranın sədrliyini etmiş və mitinqlərdə odlu-alovlu çıxışları mən etmişdim?

Bu hadisə MTN ətrafında baş verən son olaylardan öncə baş vermişdi..

Xatırladım ki, mən müxalifətçi deyiləm, heç bir siyasi təşkilatın üzvü də deyiləm. Sadəcə, vətəndaşam. Təbii olaraq da, vətəndaş mövqeyinə sahibəm. Mən “paytaxt sakini” deyiləm. “Paytaxt sakini” bu ölkədə sanki kirayədə qalan, hər şeyə göz yuman, haqqını tələb etməyən, hüquqlarından xəbərsiz, başını aşağı dikib, “bir tikə çörək” sevdalısı olan şəxsə deyilir. Vətəndaş isə haqsızlığa seyrci qalmır, müzakirə edir, fikirini bildirir. Tələb edir, dartışır, sorğulayır.

İnsanlarımızın bu qədər də qorxaq olması anlaşılan deyil. Ölkədə azad şəkildə sözünü dediyi üçün tutulan şəxslər var. Amma bizim ölkə Şimali Koreya da deyil. Bir çox hallarda konstitusion və digər haqlarımı tələb edib, istəyimə normal şəkildə çatmışam. İnsanlarımızın çoxu sadəcə hüquqların bilmir və belə olan halda tələbkarlıq nümayişindən söhbət gedə bilməz.

Beynəlxalq kəşfiyyat və agentura ən maraqlandığım sahələrdən biridir. SSRİ kimi qapalı rejimlər insanları xof içində saxlamaq üçün həmişə “KQB” vasitəsi ilə cəmiyyətə gizlin və açıq mesajlar ötürürdülər ki, sanki onların hamısını izləyirlər. Bu, nəzarətin bir formasıdır. Bir neçə il qabaq ABŞ və Avropa arasında da eyni problem yaşanmışdı. Sanki ABŞ xarici kəşfiyyatı Avropada gizlin telefon dinləmələri aparır. Bu bir müddət mətbuatın əsas xəbərinə çevirilmişdi. Əslində bu bir propaqanda növüdür və faktiki olaraq hər kəs üzərində total dinləmə və nəzarət aparılması real deyil.

İndi bizim insanların da şüur altına həmin xof hakim kəsilib. Ölkədə problem o qədər çoxdur ki, kiminləsə söhbət edərkən istər-istəməz söhbət gəlib siyasətə çıxır. Siyəsət onsuz da hər yerə sirayət edir. Əgər yaşadığımız cəmiyyəti əkin sahəsi ətrafında qazılıb, hazırlanmış kanallara bənzətsək, o zaman əkin sahəsinin kənarında yerləşən axar çayı ölkəmizdə siyasəti formalaşdıran əsas struktur və orqan saymaq olar. Hər dəfə suvarılma vaxtı qazılmış kanal vasitəsilə çayın suyu əkin sahəsinə doğru irəliləyir və oraları lazımi su ilə təmin edir. Yəni siyasət qaçılmazdır.

Sosial şəbəkələrdə və eyni ilə real həyatda hökumətə ən kiçik irad bildirən şəxsə kənardan əks rəy gəlir ki, “amandır belə danışma, gəlib səni apararlar”. Niyə axı? Mənim söz haqqım var. İndiki durumda bir az populist səslənməsin, amma ax bu ölkə də, dövlət də mənimdir. Dövlətimin, ölkəmin bu gününə, gələcəyinə laqeydmi yanaşım?! Narazı insanların sayı-hesabı bilinmir. Hər kəsi tutmaq olar?! Nə yaxşı hələ MTN kimi reketləşmiş qurum ləğv olundu. İnsanların qanına susamışlar indi özləri həbsdə yatır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəXof