XİN-in həbsdəki məmurları azadlığa buraxılmadı

Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Source:


Apelyasiya Məhkəməsi şikayətə yox dedi

İyulun 9-da Bakı Apelyasiya Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) həbs olunan məmurlarının şikayətinə baxılıb. Nazirliyin İşlər İdarəsinin müdiri, eyni zamanda, Tender Komissiyasının sədri olan Fərhad Mollazadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev Səbail Rayon Məhkəməsinin iyulun 5-də onların haqqında çıxardığı həbs qərarından şikayət vermişdilər. Qərara əsasən, F.Mollazadə, onun rəhbərlik etdiyi idarənin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və N.Abdullayev barələrində istintaq getdiyi dövrdə həbsdə saxlanacaq.

XİN əməkdaşlarının şikayətinə hakim İlqar Murquzovun sədrliyilə baxılıb. Onların həm özləri, həm də vəkilləri istintaq dövründə həbsdə qalmalarına etiraz edib, barələrində ev dustaqlığı və ya başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilməsini istəyiblər. Lakin məhkəmə şikayətlərini təmin etməyib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib.

DTX-nın bu həbslərlə bağlı məlumatında deyilir ki, dövlət büdcəsindən XİN-in fəaliyyətinə, o cümlədən təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün ayrılan vəsaitlərin bir hissəsi F.Mollazadə və S.Əlizadə vasitəsilə vasitəsilə mənimsənilib. Tanış adamların köməyilə saxta şirkətlər yaradıb, onları tenderdə qalib elan edərək, büdcəsən ayrılan vəsaiti həmin şirkətlərin hesabına köçürüblər. Vəsaitin 4-5 faizi şirkəti yaradanlara verilib, qalan məbləğ isə XİN-in səlahiyyətlilərinə geri qaytarılıb.

N.Abdullayev isə xarici ölkə vətəndaşlarına Azərbaycana gəlmək, burada qalıb işləmək üçün rüşvətlə viza düzəltməkdə ittiham olunur.

Həbs olunanların iş otaqlarında və evlərində axtarış aparılıb. DTX iddia edir ki, axtarış zamanı mənimsəmə, rüşvət hallarını təsdiqləyən əlyazmalar, qeydlər tapılıb.

DTX-nın yaydığı videoda həbs olunan şəxslərin əlbir olduqları şirkətlərin nümayəndələri, viza üçün rüşvət verdiyini iddia edən xarici ölkə vətəndaşlarının ifadələri də yer alıb.

Təqsirləndirilən şəxslərdən F.Mollazadənin ilkin ifadəsinin də bir hissəsi yayılıb.

“İstədiyimiz şirkətlərə imkan yaratmışıq. Tender proseduru ilə Səlim məşğul olurdu. Mən də komissiyanın sədri idim. Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən bir hissəsini geri almışıq. 10 faiz özümə götürürdüm, 10 faiz Səlimə verirdim. Qalan vəsaiti də nazirliyin işlərinə sərf edirdik. Heyfslənirəm ki, belə addım atmışam. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”, – deyə F.Mollazadə ifadəsində bildirib.

Ana səhifəSiyasətXİN-in həbsdəki məmurları azadlığa buraxılmadı