XİN: Ermənistan rasizm meylli təhlükəli siyasətə son qoymalıdır

“Azərbaycan Respublikasının dövlət atributlarının, o cümlədən bayrağının təhqir edilməsi yolverilməzdir”.

Source:

“Azərbaycan Respublikasının dövlət atributlarının, o cümlədən bayrağının təhqir edilməsi yolverilməzdir”.

Bu sözləri APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Gürcüstandakı erməni ictimai təşkilatları və erməni apostol kilsəsinin yeparxiyası tərəfindən gənc ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərləri çərçivəsində Azərbaycanın dövlət atributlarının təhqir edilməsi faktı ilə bağlı deyib.

Onun sözlərinə görə, mənəvi və etik çərçivədən kənar olan bu kimi davranış bir daha onu göstərir ki, Ermənistan və erməni diaspor təşkilatları tərəfindən gənclər arasında irqi ayrı-seçkilik, ksenofobiya, etnik nifrət, “ASALA” terrorçularından “qəhrəman” obrazının yaradılması, terrorizm və ekstremizmin ideoloji təbliğatı siyasəti aparılır: “Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu barəsində rasizm meylli fikirlər söyləmiş, Ermənistan prezident Serj Sarkisyan isə erməni gəncləri qarşısında çıxış edərək, ermənilərin “üstün genetik xüsusiyyətləri” və qonşu dövlətləri nəzərdə tutaraq, erməni gəncləri qarşısında “tarixi erməni torpaqları”nı azad etmək kimi missiyanın durması barəsində çağırışlar etmişdi.

Ermənistanda dövlət səviyyəsində irqi ayrı-seçkilik, ekstremizm və terrorizm əsasında aparılan bu kimi ideoloji təbliğat, gənc nəsil, o cümlədən diaspordan olan gənclərin bu ruhda tərbiyə edilməsi və erməni apostol kilsəsinin yeparxiyasının da bu proseslərdə iştirakı bütün regionu ciddi potensial təhlükələr qarşısında qoyur. Ermənistan və erməni diaspor təşkilatları rasizm meylli bu təhlükəli siyasətə son qoymalı, gənc nəsli radikalizm, ekstremizm və terrorizm meyllərindən çəkindirməli və qonşu xalqlar və dövlətlərlə barışığa, dostluğa və sülhə səsləyən siyasət yürütməlidir”.

Erməni əsilli Gürcüstan vətəndaşları mediada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri, orada Azərbaycanın dövlət atributlarını, o cümlədən bayrağını təhqir etmələri ilə bağlı faktlar, fotolar paylaşıblar.

Ana səhifəXəbərlərXİN: Ermənistan rasizm meylli təhlükəli siyasətə son qoymalıdır