XİN erməni komandaların festivalda iştirakına etiraz etdi

”Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış komandaların dəvəti Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir”

Source:


”Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış komandaların dəvəti Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılan və “Dağlıq Qarabağ Respublikası” adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət almalarına etiraz edir.

XİN bəyanatında КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin həmin komandaları dəvət etməsindən təəssüf və narazılığını ifadə edir. Bəyanatda qeyd olunur ki, Azərbaycan ictimaiyyəti, çoxsaylı KVN sevərləri və KVN həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının bu festivala dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirir.

Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir və ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. “КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq KVN festivalında “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakına şərait yaratmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir. Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb.

Ümid edirik ki, “КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi separatizmin təbliğini qarşısına məqsəd qoyan və KVN-in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcək”.

Festival 10-23 yanvar 2017-ci il tarixində Soçidə keçiriləcək.

Ana səhifəXəbərlərXİN erməni komandaların festivalda iştirakına etiraz etdi