Xilas ədalətli cəmiyyət uğrunda ümumxalq hərəkatıdır

“Öncə ədalətli, azad və demokratik Azərbaycan” prioritetliyi daxilində, sivil qaydalar çərçivəsində xalqın bütün təbəqələrinin birləşməsi mümkündür

Foto: A.Əbilovun şəxsi arxivindən
Ataxan Əbilov
Ataxan Əbilov


“Öncə ədalətli, azad və demokratik Azərbaycan” prioritetliyi daxilində, sivil qaydalar çərçivəsində xalqın bütün təbəqələrinin birləşməsi mümkündür

Bu gün Azərbaycan cəmiyyəti iki hissəyə parçalanıb: bir tərəfdə İlham Əliyevin başçılıq etdiyi, ədalətin nə demək olduğunu unutmuş, sosialogiya elmində “dominant” adlandırılan hökmran bir qrup, digər tərəfdə isə ədalətsizliklə üz-üzə dayanan əzgin və faktiki hüquqsuz vəziyyətdə olan, şərti olaraq “əzilənlər” adlandırdığımız xalq (Azərbaycan xalqı, çoxluq). Xalq əsasında ədalətsizliyin durduğu əlverişsiz mövqedən ədalətli və bərabərhüquqlu bir mövqeyə can atır. Belə situasiyanı latınlar “emansipasiya” adlandırıblar.


1. Dominantlar və əzilənlər

Dominant qrup dövləti (hər iki mənada) inhisarına alıb, bütün institutsional hakimiyyət (parlament, hüquq mühafizə orqanları, məhkəmələr, ordu və s.) mövqeləri ələ keçirib, onlar vasitəsilə cəmiyyətə, onu nəzarətində saxlamaq üçün hər cür təsir etmə mexanizmlərinə malikdir. Cəmiyyətdə ədalətin rəsmən qiymətləndirilməsi və hüququn mühakiməsilə bağlı məsələlər onun inhisarındadır. Bu qrup Azərbaycan adından danışır, burada hökmran ideologiyanı, adi hüquq normalarından tutmuş bütövlükdə Azərbaycan cəmiyyətinin hansı tərəfə (məsələn, Avropa, yoxsa Avroasiya İttifaqına) üz tutmasını və hətta dövlətə aid olmayan məsələləri belə (məsələn, dinə münasibət, dini ayinlərin icrası və s.) müəyyən edir.

Dominant qrup öz xeyirlərinə olan mövcüd situasiyanı hər vasitə ilə saxlamağa çalışır, buna dövlətin bütün resurslarını cəlb edib. Qrup özü üçün müstəsna səlahiyyətləri normativləşdirib. Qrupun dominantlığı zaman baxımından uzandıqca, onun tələbatlarının dairəsi dayanmadan genişlənir. O, xalqdan fərqlənir. Onun üçün ənənəvi toy və yas adətləri xüsusi çalarlar kəsb edir və hətta qrupa mənsub olan fərdlərin mükafatlandırılması və çıxılmaz vəziyyətlərdə onların mühakiməsi ümumqəbul edilən hüquq normalarından kənara çıxır və s. və i.a. Sanki dominant qrupla xalq eyni yurisdiksiya altında deyil, eyni məkanda fərqli yurisdiksiyalar altında yaşayır…

Digər tərəfdə dayanan xalq (əzilənlər) küncə sıxışdırılıb, yəni marginallaşdırılıb. Onun cəmiyyətdə ədalətin məzmununa hər hansı formada təsiretmə gücü yoxdur. Xalq elə bir dairəyə salınıb ki, onun formal institutlara (məsələn, parlamentə və digər seçkili orqanlara) girişi yoxdur və o, sıxışdırılıb salınan küncdən çıxmaq üçün lazım olan heç bir hakimiyyət rıçağına və hakimiyyət mənsublarına – dominant qrupa təsiretmə imkanına malik deyil.

Eramızdan əvvəl V-III əsrlərdə Qədim Romada patrisilərlə plebeylər arasındakı münasibətlər belə situasiyalar üçün klassik misal hesab edilir.

Tarixin oxşar situasiyalar üçün ümumi qanunauyğunluğu belədir ki, xalq günlərin bir günündə dominant qrup tərəfindən özünə qarşı ədalətsiz münasibəti dərk edir və bu vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Fərdlərin və qrupların cəmiyyətdə rolunu öyrənən sosiologiya elmi buna “emansipasiya hərəkatı” adını verib. Xalq üz-üzə qaldığı ədalətsiz situasiyanı gördüyü, duyduğu və dərk etdiyi an emansipasiya hərəkatının başlanğıcı qoyulur. Beləliklə, xalqın əsasında ədalətsizliyin durduğu əlverişsiz mövqedən ədalətli və bərabərhüquqlu bir mövqe uğrunda fəaliyyəti, birləşməsi və təşkilatlanması emansipasiya hərəkatı adlandırılır.

“Görünən kəndə bələdçi lazım olmur”- deyirlər. Odur ki, bu yazıda nə İlham Əliyevin başçılıq etdiyi qrupun dominantlığını, nə də Azərbaycanın və Azərbaycan xalqının malik olduğu geniş təbii sərvətlərin müqabilində dilənçiliklə üz-üzə dayanması da daxil, ağır ədalətsiz bir situasiyada yaşamasını sübut etməyə cəhd etməyəcəyik. Xalqın iradə ifadəsinin rəsmiləşdirməyin mümkün olmadığı və dominantın qanuni yolla hakimiyyətdən getməsi qeyri-mümkün olan bir vəziyyətdən yazmaq ümumqəbul edilənin lüzumsuz çeynənilməsi, həm də bunun əlavə vaxt itkisi ola biləcəyini nəzərə alaraq, birbaşa emansipasiya hərəkatlarının özü haqqında söhbət açılmasını vacib hesab edirik.

Şübhə edilə bilməz ki, Azərbaycan xalqının xilası bu gün emansipasiya hərəkatından, bu hərəkatın təşkilindən, düzgün istiqamətləndirilməsindən və müvəffəqiyyətlə sona çatdırılmasından keçir. Bu növ hərəkatlar xronoloji olaraq hansı mərhələlərdən keçir? Bu barədə sosiologiya elmi nə deyir? Beləliklə, bu yazıda emansipasiya hərəkatının mərhələləri, onu qələbəyə və ya iflasa aparan yolları, qarşısında durduğu vəzifələri və digər xüsusiyyətləri barədə danışacağıq.


2. Ədalətsiz situasiyanın dərki

Ümumən emansipasi hərəkatının üç mərhələsini (fazasını) ayırırlar. İlk mərhələ, qeyd etdiyimiz kimi, xalqın üzləşdiyi ədalətsiz situasiyanın dərki ilə başlayır. Bu zaman şüurlarda “vəziyyət belə davam edə bilməz, o dəyişilməlidir” fikri artan xətt ilə gedir. Bu mərhələdə hərəkatın qarşısında iki sual dayanır:

1) arzuedilən (təklif olunan) bərabərlik (ədalətli cəmiyyət) nələri ehtiva edir;

2) ona çatma yolları nədən ibarətdir.

Yəni hərəkəta qoşulan hər bir şəxs üçün aydın olmalıdır ki, o, hansı məqsəd uğrunda mübarizəyə atılır və həmin məqsədə necə çatmaq olar.

Əzilən xalqın indentifikasiyası

Bu zaman dominant qrupla üz-üzə dayanan əzilən xalqın identifikasiyası, yəni onun bütün üzvlərini birləşdirən ümumi xüsusiyyətləri ön plandadır. Həmin əlamətlər əsasında xalqın hər bir üzvünün özünü dominantlarla müqayisə etmək imkanı yaranmalıdır. Məsələn, sinfi mübarizədə olduğu kimi fəhlələr onları birləşdirən əlamətlər əsasında özlərini burjuaziya ilə müqayisə edir və onun kimi eyni imkanlara (hüquqlara) malik olmasını istəyir. Şübhəsiz ki, sıravi Azərbaycan vətəndaşı da dominant qrupun üzvləri kimi eyni şəraitə malik və onlar kimi genişimkanlı və bərabərhüquqlu olmaq istəyir.

Azərbaycan şəraitində dini, etnik və digər ələmatələrə görə yekcins olmayan, əzilən xalqı hansı ümumi əlamətlər birləşdirə bilərsə, onlara vurğu edilməlidir. Məsələn: əzilənlər (xalq) Azərbaycanın bir şirkət kimi dominant qrup tərəfindən idarə edilməsinə qarşıdır; əzilənlər sosial-iqtisadi hüquqlarını tələb edir (işsizlik, səhiyyənin və təhsilin bərbad vəziyyəti, rüşvətxorluq və korrupsiya, yoxsulluq, xalqın varidatının talan edilməsi, gömrük, vergi orqanlarında biabırçılıqlar və s.); onlar siyasi hüquqların realizə imkanlarının olmamasından (siyasi özünüifadənin qeyri-mümkünlüyü, saxta seçkilər, söz və mətbuat azadlığı, toplaşma, vicdan azadlığına qoyulan məhdudiyyətlər, müstəqil məhkəmə hakimiyyətin olmaması) şikayətçidirlər; onlar kollektiv hüquqlardan məhrum olunması ilə barışmayacaqlar (vətəndaş cəmiyyəti institutların sıradan çıxarılması, total şəkildə izlənmə və nəzarət mexanizmi) və s. bu kimi çoxlu sayda birləşdirici əlamətlər var ki, onlar əzilənlərin (xalqın) ədalət və bərabərlik uğrunda başladıqları hərəkatın ana xəttini təşkil etməlidir. Hər gün, sıravi üzvlərdə bu əlamətlərə görə dominantlardan fərqliliklə bağlı düşünmə qabiliyyəti yaranana qədər, bu məsələlər aydın və konkret şəkildə xatırlanmalıdır.

Hesab edirəm ki, Azərbaycan xalqına münasibətdə bu istiqamətdə görülməli işlər hələ var. Belə fəaliyyətin nəticəsi olaraq xalqın hər bir sıravi üzvü cəmiyyətin üz-üzə dayandığı ədalətsizliyə söykənən problemi görməli, onun mahiyyətini dərk etməli, ondan çıxış yolunu (problemin həllini) istəməli və onun üçün mübarizəyə könüllü qoşulmalıdır.

İlk aksiyalar

İkinci sualla (ədalətli cəmiyyətə çatma yolları nələrdən ibarətdir) bağlı məsələdə ilk addım kimi əzilənlərin (xalqın) təmsilçilərinin dominant qrupa mesajları göstərilir. Mesajların məzmunu dominant qrupu inandırmaq və onun tutduğu yoldan çəkinməyi tövsiyə etməklə bağlıdır. Bu vəziyyət sosiologiya elmində “doyma mədəniyyəti” ifadəsilə adlandırılır. Yəni dominant “yeyib doyubsa”, xalqın qabağında gedənləri eşidir və özünü yığışdırmağa cəhd edir. Lakin tarixi təcrübə göstərir ki, ilk çağırışdaca dominant malik olduğu mövqeləri verməklə razılaşmır. Bu zaman müxtəlif dinc aksiyalar işə düşür.

İlk addım kimi ədalətli cəmiyyətdə ideyaların daha geniş kütləni əhatə edilməsi barədə düşünmək məsləhət görülür. Məsələn, az resursla, az insan qüvvəsilə məqsəd üçün daha çox informativ diqqət: məqsədi ifadə edən müxtəlif afişa və plakatlardan istifadə, elektron vasitələrdən yararlanma, insan kütləsinin çox olduğu yerlərdə nümayişanə şəkildə şüarlar qaldırma və s.

Doyma mədəniyyətindən uzaq olan dominant qrup da əlində olan geniş imkanlarla sakit dayanmaq fikrində deyil. O, sərəncamında olan bütün resursları üz-üzə dayandığı xalqı parçalamaq, onun arasında etibarsız toxumu salmaq üçün işə salır.

Bu mübarizədə emansipasiya hərəkatın ilk mərhələsi aşağıdakı üç variantın birilə başa çatır:

1) ya dominant qrup tələblərlə razılaşır;

2) ya dominant qrup əzilənləri sıradan çıxarır; 3) ya da mübarizə açıq konflikt mərhələyə daxil olur.


3. Açıq konflikt və mübarizə

Bu mərhələdə artıq bərabərhüquqluluq deyil, dominant qrupun yaratdığı rejimdən, qurduğu mexanizmlərdən azad olma tələbləri önə çıxır. Bütövlükdə siyasi rejimə etimadsızlıq elan edilir. Hüquq sistemi, hüquq qaydası ədalətsiz hesab edilərək hakim qüvvələrlə məsafə saxlanılır və dominantlara qarşı açıq mübarizə elan edilir. Paralel olaraq bu mərhələdə üz-üzə dayananlar artıq sub-mədəniyyətlərə (eyni növ, amma fərqli) deyil, contra-mədəniyyətlərə (bir-birinə əks) malik olur. Bu mərhələdə bütün narazıların birləşməsi əsas hədəflərdən biri olmalıdır.

Xarizmatik lider

Mübarizənin açıq konflikt mərhələsində tərəflərdə bir-birinə əks mədəniyyətlərin formalaşması zorakılıqa müşayiət oluna bilər. Bunun alternativi isə yalnız ədalətli cəmiyyət uğrunda hərəkatın geniş vüsət alması ola bilər. İkinci üçün xalqın içində xarizmatik liderlərin meydana gəlməsi vacib şərtdir. Bu zaman xarizmatik liderin üç başlıca vəzifəsi göstərilir: 1) aksiyalar üçün xalqın müxtəlif təbəqələrinin təmsilçilərindən güclü təşkilatı strukturun qurulması; 2) əzilənlərin (xalqın) identifikasiyasının möhkəmləndirilməsi (hər cür parçalanmaya qarşı tədbirlər); 3) tərəfdarların genişləndirilməsi.

Hərəkat özünün etimad etdiyi dəyərləri, ümumqəbul edilən normalara və prinsiplərə sadiqliyini ardıcıl olaraq bəyan edir, özünün bütün xalqı birləşdirə biləcək ideologiyasını formalaşdırır və məqsəd uğrunda mübarizəni açıq şəkildə aparır.

Bu arada dominant qrupla liderlərin münasibətləri ən həssas məsələ hesab edilir. Sıravi üzvlərin qarşısında liderlərin məsuliyyəti, dominant qrupla apardığı danışıqların hesabatı inam mühitin ayaqda dayanması üçün çox vacibdir.

Subqruplar və fraksiyalar

Bu mərhələdə hərəkatın daxilində bir sıra subqrupların və fraksiyaların meydana gəlməsi tendensiyası baş verir. Hərəkatın supqrupları arasında etimad və inam vacib məsələdir. Bu bəzən ümumi identifikasiya üçün problemli görünür. Məsələn, dini qruplarla münasibət necə olmalıdır? Onların mövcüdluğu dünyavi dövlətə təhlükə olmazmı? Etnik mənsubiyyətlə bağlı qruplar sonradan etnik separatizmə səbəb olmazmı? Sağçılarla solçular arasında münasibət necə qurulmalıdır? İranmeyillilərlə rusiyameyillilər və onların hər ikisi ilə qərbmeyillilər hansı nöqtədələrdə birləşə bilərlər? Yeri gəlmişkən hərəkatın kütləviliyi və ümumxalq vüsəti üçün bu məsələlərin hamısı bu gün Azərbaycan şəraitində aktual olaraq qalır. O da qeyd edilməlidir ki, onların müzakirəsi və həlli “Öncə ədalətli, azad və demokratik Azərbaycan” prioritetliyi daxilində, sivil qaydalar çərçivəsində mümkündür. Şübhə yoxdur ki, belə müzakirələrin ümumi dəyərlər və ümumqəbul edilmiş normalar çərçivəsində aparılması hər bir elementi öz yerinə qoya bilər. Həmin məsələlərin hər hansı birinin açıq qalması isə dominant tərəfə və onun trollarına əl-qol açmasına əlavə imkanlar verir.

Eyni zamanda digər sosial hərəkatlarla koalisiya vacib məsələdir.

Dominant qrup bu mərhələdə özünü necə aparır?

Təcrübədən bir neçə alternativ variantlar mövcuddur:

1) Dominant qrup mövqelərini əldən verməmək üçün hərəkata qarşı sərəncamında olan müxtəlif vasitələrə əl atır: aksiyaya çıxanları alçaltmaq üçün xoşagəlməz ifadələrdən istifadə edir (İlham Əliyevin ədalət tələb edənləri “ünsür” adlandırmasını yəqin hamı xatırlayır); onları lağa qoyur (trolların əsas funksiyası elə budur); ictimai maraqları vurğulayır (məsələn, “erməni dəyirmanına su tökmə”, ermənipərəstlik, ruspərəstlik və s); hərəkatı ictimai qayda əleyhinə cevrilən kriminal hərəkət kimi qələmə verir (ictimai fəalların narkotika, xuliqanlıq ittihamlarıyla həbsi); repressiv tolerantlıq (hakimiyyətləri üçün təhlükəli olan vaxta qədər dözümlülük) göstərir və s.;

2) Repressiv tolerantlıq arzu edilən nəticəni vermədikdə dominant qrup fiziki repressiyalara əl atır;

3) Üçüncü variant isə dominant qrupun təzyiqlərdən zəifləməsi, taqətdən düşməsi, nəticədə mövcud sistemin böhran yaşaması və onun yeni münasibətlər sisteminə uyğunlaşmasıdır. Bunun nəticəsi fundamental dəyişiliklərlə müşayiət oluna bilər.

4) Siyasi institutlara yürüş.

Emansipasiya hərəkatına həm də cəmiyyəti yenidən quran bir hərəkat kimi baxılır. Hərəkat ayaqda qalmağı bacardıqda, o, ictimai rəydə alternativə çevrilir. O, hakimiyyətə gəlməsə belə, siyasi-mədəni spektrin bir hissəsi olaraq rəsmi siyasi institutlara giriş imkanı qazanır.

Ağılla qurulan emansipasiya hərəkatları hakimiyyətə leqal yolla gəlməyi bacarır. Bunun alternativi isə qeyri-leqal yol hesab edilən dövlət çevrilişidir. Ən azruolunmaz variant hesab edilən dövlət çevrilişləri zamanı ölkə repressiyalar, zorakılıqlar, dağıntılar, daha dərin iqtisadi və sosial böhranlarlarla üz-üzə dayanır. Buna isə qətiyyən yol vermək olmaz.

Əlbəttə ki, bütün emansipasiya hərəkatlarında məqsədə çatma, onu pozitiv nəticələrlə başa vurma imkanları mövcuddur.

Ana səhifəAnalitikaXilas ədalətli cəmiyyət uğrunda ümumxalq hərəkatıdır