Sadələşdirilmiş vergi üzrə olan 4 faiz bir çoxları üçün 5 faizə qədər artırılır
Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində 2019-cu il yanvarın 1-dən sadələşdirilmiş vergi üzrə olan 4 faiz bir çox vergiödəyiciləri üçün 5 faizə qədər artırılır.
Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
O bildirib ki, artım xidməti müqavilə ilə fəaliyyət göstərənlərlə aid olacaq.
“Əvvəllər xidməti müqavilə ilə 1000 manat gəlir əldə edən vətəndaşımız 66 manat ödəyirdi, yəni 40 manat vergi, 26 manat sosial vergi. Yeni qaydalara əsasən vergi 5 faizdir, yəni bu o deməkdir ki, xidməti müqavilə ilə 1000 manat əmək haqqı alan şəxs 40 manat deyil 50 manat vergi ödəyəcək”.
V.Bayramov qeyd edib ki, eyni zamanda, xidməti müqavilə ilə işləyənlər üçün sosial ödəniş məbləği də artıb.
“Yəni, təxminən əvvəl xidməti müqavilə üzrə 66 manat ödəniş edən vətəndaş gələn ildən 90 manata yaxın ödəniş edəcək”.