Xəzərdə müharibə proqnozu – Təhlil

Rusiya İrana silah daşımağa başlayıb

Source:


Rusiya İrana silah daşımağa başlayıb

Rusiya Müdafiə Nazirliyinin Suriyadakı hədəfləri Xəzərin cənubundakı gəmilərindən raketlə vurmasından sonra regionda təhlükəsizlik durumu ciddi gərginliklərlə müşayiət olunur. Rusiyanın regionda hərbi-siyasi hegemonluğu ələ keçirmək cəhdləri Azərbaycan və İran istisna olmaqla Qazaxıstan, Türkmənistan siyasi rəhbərliklərinin etirazı ilə müşayiət olunur. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun əldə etdiyi məlumatlara görə, son bir ay ərzində qeyd edilən istiqamətdə narazılıqlar qeyri-rəsmi olaraq Moskvanın diqqətinə çatdırılıb. Azərbaycanın hərbi-siyasi rəhbərliyi Moskvanın hərəkətlərinə etiraz etməkdən çəkinir, İran isə son 10 il ərzində ilk dəfə olaraq yenidən Rusiyadan Xəzər vasitəsilə hərbi-texniki avadanlıq yardımı almağa başlayıb. Sözsüz ki, buna səbəb Tehranın Rusiyanın Xəzərdəki hərbi fəaliyyətlərinə göz yummasıdır. Suriyaya yönəlik raketlər məhz İranın ərazi sularından atılmışdı. İndi Xəzər dənizində tədricən Rusiya və İran – hərbi-texniki əməkdaşlıq dəhlizi yaranır, halbuki buna qədər bu, Qərbin Rusiyaya və İrana ciddi hərbi-siyasi təzyiqləri nəticəsində minimuma endirilmişdi. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin dəstəyi nəticəsində Qazaxıstanın və Azərbaycanın Xəzərdə hərbi müşahidə imkanları güclənmiş, nəticədə Rusiya və İran arasında Xəzər vasitəsilə hər hansı hərbi-texniki (xüsusilə də nüvə komponentlərinin daşınması istiqamətində) gizli əməkdaşlıq demək olar ki, dayanmışdı. İndi Rusiya gəmiləri Qazaxıstan və Azərbaycan sularından keçərək İrana aid sulara daxil olur və oradan Suriyadakı hədəflərə raket tuşlayırlar. Azərbaycan hərbi-siyasi hakimiyyəti Xəzər vasitəsilə Rusiyadan İrana doğru hərbi daşımaları görür, amma səsini çıxartmır.

Sözsüz ki, bu, regionda çox ciddi hərbi gərginliyin yarana biləcəyinin əsas göstəricilərindən biri hesab edilə bilər. Niyə? Çünki Xəzərdə vəziyyət tamamilə dəyişib, Moskva Xəzəryanı ölkələrin narazılıqlarını nəinki görməzliyə vurur, hətta eyni zamanda Xəzərdə tam hərbi hegemonluğu ələ keçirmək istiqamətində davamlı fəaliyyətlərini həyata keçirir və bu zaman heç kimlə hesablaşmır. Son müşahidə olunan proseslər bir sıra nəticələri və proqnozları çıxarmağa əsas verir. Bizim araşdırmalar göstərir ki, Rusiyanın Xəzərdəki hərbi siyasi fəaliyyətləri ilə əlaqədar regionda mövcud olan təhdidlər aşağıdakı kimi göstərilə bilər:

– Rusiya və İranın (qarşılıqlı yardım və eyni zamanda müstəqil şəkildə) intensiv silahlanması səbəbindən Xəzərdəki qüvvələr və döyüş imkanları balansının Azərbaycan, Türkmənistan və Qazaxıstanın xeyrinə olmayan şəkildə dəyişməsi, nəticədə qonşu dövlətlər tərəfindən silahların qanunsuz yayılması ilə bağlı beynəlxalq müqavilə və sazişlərin birtərəfli şəkildə pozulması;

– Moskvanın son hərəkətləri ilə əlaqədar Rusiyanın və İranın Xəzəryanı dövlətlərə, o cümlədən Azərbaycan, Türkmənistan və Qazaxıstana qarşı dənizdə mövcud və gözlənilən ərazi iddiaları nəticəsində Xəzəryanı dövlətlərin dəniz sərhəd rejiminin pozulması, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi;

– Bir sıra Xəzəryanı ölkələrin, xüsusilə Azərbaycanın daxili işlərinə Rusiya və İran tərəfindən müdaxilə, nəticədə onun, təbii ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə çıxış və istifadə imkanlarının məhdudlaşması;

-Rusiya və İranın hərbi-siyasi ambisiyaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması;

Beləliklə, müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, Rusiyanın Xəzərdə həyata keçirdiyi son aktiv hərbi əməliyyatlardan sonra regionda dövlətlərarası münaqişələr, dənizdə döyüş əməliyyatları, terror aksiyaları və onların genişlənməsinin mümkünlüyü ehtimalı çox artıb. Bir sıra indikatorlar onu deməyə əsas verir ki, SSRİ-nin dağılmasından sonra Xəzərdə hərbi siyasi durum heç zaman indiki kimi gərgin və çıxılmaz olmayıb.

Söz yox ki, mövcud vəziyyətin nizama salınması, gərginliyin azaldılmasında region dövlətlərinin, xüsusilə də Azərbaycanın, Türkmənistanın və Qazaxıstanın imkanları çox məhduddur. Hər 3 ölkənin hakimiyyətləri Rusiyadan bu və digər şəkildə asılıdır və çəkinir. Beləliklə, Qərbin, xüsusilə də Birləşmiş Ştatların vəziyyətə aktiv müdaxiləsi zərurəti yaranır. Yoxsa regionda çox ciddi bir münaqişə ocağı yarana bilər.

Hazırkı durum onu deməyə əsas verir ki, Xəzərin hüquqi statusunun həlli istiqamətində danışıqlar uzun müddətə təxirə salınır, bu danışıqlar baş tutsa belə hər hansı razılaşmaların əldə olunması gözlənilmir. Eyni zamanda Xəzərdə enerji ehtiyatlarının təhlükəsizliyi istiqamətində Xəzəryanı ölkələrin (əsasən Qazaxıstan və Azərbaycanın) Qərblə əməkdaşlıq layihələri tam dayandırılır, qeyd edilən istiqamətdə planlaşdırılan səfərlər, qarşılıqlı tədbirlər qeyri-müəyyən müddətə təxirə salınır. Ortada olan məlumatlara görə, Rusiya Xəzəryanı dövlətlərin, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın ərazi sularından istifadə edərək özünün hərbi-siyasi hədəflərini reallaşdırmaqda davam edəcək.


Xəzər Hərbi Tədqiqatlar İnstitutu


Cəsur SÜMƏRİNLİ

Ana səhifəXəbərlərXəzərdə müharibə proqnozu – Təhlil