Xəyalən qaçıram

Oyanıram, real həyatdayam, əlil arabam…

Source:

Gün ərzində 7 saatdan çox yatmağı vaxt itkisi hesab edirəm. Ona görə bu gecə 4 saat yatmışam. Budur, səhər artıq 7-dir və mən oyanıb, əlil arabamda oturmuşam. Otağım ala-qaranlıqdır. Saatın səsi sükutu pozur. İndi mart ayıdır. Bahar fəsli qapımızı döyür…

Bilsəniz, necə sevinirəm baharın gəlişinə… İndi üzü pəncərəyə tərəf oturub, həyətimizdən görünən ağaclara baxıram. Təbiəti və ağacları sevdiyim üçün, üstəlik, baharın gəlişini ruhumda, qanımda hiss etdiyim üçün qəlbimdə təravət hissi oyanır. Əslində, bütün təbiət oyanır. Bu yaşadığım hiss ona görədir.

Yadıma gəzdiyim vaxtlarda, elə bu saatlarda evdən çıxıb, gəzintiyə çıxdığım günlər düşür. Sağlamlıq üçün səhərlər qaçmağa həmişə üstünlük vermişəm. Yada düşən xatirələr indi Gəncə şəhəri ilə ilgilidir. Orda 2 il ali təhsil almışam. Təhsil almaqla yanaşı, həm də işləyirdim. Elə mart ayı gələn kimi, baharı hiss elədiyim andan etibarən, səhərlər çox vaxt böyük şövqlə yaşadığım qəsəbənin yanındakı bağda qaçmağa gedirdim. Həmin anları düşünüb, duyğulanıram. Düzdür, üzümdə təbəssüm var, amma getdikcə qəlbimdə darıxmaq alovları yüksəlir. Alovun üzərinə su səpmək üçün sağlamlığım üçün çox zəruri olan nəfəs fizioterapiyasını edirəm. Gözlərimi yumur, dərindən və sürətlə nəfəsimi burnumdan alır, ağzımdan ehtiyatla və incə şəkildə nəfəsimi buraxıram. Bu fizioterapik nəfəs idmanı əlilliyi olan insanlar üçün çox faydalıdır.

Gözlərimi yummaq mənə yaxşı hal bəxş etmədi. İndi daha çox darıxdım. Çünki gözümü yumarkən, həmin bağ yenidən gözümün qarşısına gəldi. Bu xəyalı qova bilmədim başımdan. Açığı, qovmağa da çalışmadım. Bütün o gözəl yaşıl və açıq yaşıl ağacların mənzərəsi məni ağuşuna aldı. Bağın kənarında bir bulaq var idi. Ordan ləzzətlə bir neçə qurtum su içdim. Əl-üzümü yudum və yavaş-yavaş qaçmağa başladım. Nəfəs alıb, verərək xəyalən 7 il əvvələ getdim. Ciyərlərimdə duyduğum hava sanki Bakının yox, məhz Gəncədəki bağın təmiz havasıdır. Darıxsam da, gözümü açmadım. Bu cür darıxmağıma başqa səbəb məhz odur ki, 6 ildən çoxdur ki, Gəncəni və həmin o bağı görmürəm. Keçirtdiyim qəzadan sonra ora gedə bilməmişəm. İndi bir növ ruhən həmin məkana transfer olmuşam. Və hələ ki, gözümü açıb, bu məkandan çıxmaq istəmirəm.

Qaçıram… Üzümə əsl bahar mehi dəyir. Boynumu sağa-sola çevirib, kənardakı yaşıla bürünmüş xırda təpəciklərə, güllü-çiçəkli otlaqlara baxıram. Sağımdakı və solumdakı ağaclar məni gülər üzlə salamlayır. Ağacların və budaqların arasından düşən günəş şüaları təkcə bədənimi deyil, ruhumu da isidir. Ah, qaça-qaça ürəkdən gülürəm. Bu gülüş xoşbəxtlik nişanəsidir. Günəş şüaları çox vaxt mənə bu duyğuları yaşadır. Mən günəşi çox sevirəm. Məni heyran qoyan bu bağda günəşlə üzləşmək isə lap qəşəngdir. Özümü çox rahat və coşqun hiss edirəm. İndi fiziki məhdudiyyətimə görə ayaqlarımı tam hiss etməsəm də, bu ruhi-xəyali səyahətdə qaçarkən, ayaq damarlarımın necə genişləndiyini, əzələlərimin dartındığını və onların işlək olduğu üçün təbii istiliyini çox yaxşı duya bilirəm. Ayaqqabıma ilişən xırda daşlar, yerin maililiyini kiçik də olsa konsentrasiyamı pozarkən xırda büdrəmələrim necə də xoşuma gəlir.

Ən gözəli bilirsiniz, nədir? Təbiətin öz təbii və sehrli səsləri. Quşların oxumağı mənim üçün ilahi bir musiqi kimi səslənir. Yaşadığım problemləri antibiotik kimi ruhumdan sovurub təmizləyir. Daha heç bir enerji gətirən musiqiyə ehtiyac duymuram. Adətən qaçarkən, musiqi dinləməkdən böyük zövq alıram. Amma indi təbiətin öz təbii və harmonik səsləri heç nə ilə əvəz oluna bilməz. Uzaqdan bir at kişnəməsi eşidirəm. Külək aram-aram ağacdakı yarpaqların xışıldamağı ilə mənə sanki instrumental klassik musiqi zövqü yaşadır. Bu gözəlliklərin əhatəsindən çıxmaq istəmirəm. Təbiətin səslərini obrazlı olaraq, dünyanın ən gözəl qızlarına bənzətsək, indiki məqamda onların içərisindən ən, ən, ən gözəli kənardan axan Gəncə çayının səsi seçilərdi. Orda dəfələrlə üzsəm də, o qədər də xoşuma gəlməmişdi. Nəzərdə tutduğum məqam qaçarkən, kənardan o çayın səsini duymaqdır. Təbiətin gözəlliyi, günəşin şüalarının üzərimdə gəzişməyi və qaçmaqdan aldığım zövqlə bərabər çayın səsini qulağımda duymağım sanki mənimlə seksdən həzz alan qadının ehtirasdan doğan xoş iniltiləri kimidir. Ara verib, nəfəs alıram və qulağımı çayın gözəl səsini daha sakit dinləyirəm.

Otağımdakı telefon səsi məni xəyalımdan oyadır. Bu qədər.. Çox gözəl hisslər idi.. Telefona cavab vermirəm. Hələ də yaşadığım isti və xoş xəyalın təsirindəyəm. Çöhrəmi bir az üzüntü bürüyür. Əllərimi gözlərimə sıxıram. Bəlkə bu indi yuxudur, mənim əlil arabasında olmağım. Bəlkə, heç bir məhdudiyyətim- filan yoxdur və mən bir azdan bu röyadan oyanacam. Oyanarkən, ilk işim həmin bağa gedib, qaçmaq olacaq.

Əllərimi gözlərimdən çəkirəm.

Xəyaldan tam ayıldım.

Mən real həyatdayam.

Ala-qaranlıq otağım, mən və əlil arabam.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəXəyalən qaçıram