“Onlar məni zorakılıqla sürüyəndə anladım ki, bu sifarişdir və mən belə bir şey olacağını gözləyirdim”
Ziyafət Abbasova sosial şəbəkələrdəki tənqidi çıxışları ilə tanınır.
O həmçinin siyasi aksiyaların fəal iştirakçısı olduğunu deyir.
“Bu oğru hakimiyyət 8 il pensiyamı oğurladı. İşləmək hüququmu gəmirir. Gəmirici hakimiyyət bütün haqlarımı, hüquqlarımı gəmirib. Özləri “mış” kimi yeyir, oğurlayır, aparıb ora-bura dürtüb saxlayırlar. Pensiyaya çıxanda da xımır-xımır yeyirlər. İndi mən eşşək kimi işləmək istəyirəm, ayın axırında da yaxşı maaş almaq, özümə belə silikon dodaq düzəltdirmək istəyirəm. Hə! Birinci xanımda niyə var? O, örnəkdir bizə”.
Bu sözləri Ziyafət Abbasova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən etiraz aksiyalarından birində jurnalistlərə deyib.
2023-cü il aprelin 17-də polis Abbasovanın psixoloji problemli olduğunu iddia edərək onu el arasında “Maştağa xəstəxanası” kimi tanınan 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirib.
Orada səhhətinin pisləşməsindən sonra Sabunçu Şəhər Xəstəxanasına köçürülən siyasi fəal mayın 24-də yenə polis əməkdaşlarının göstərişilə sərbəst buraxılıb.
Ziyafət Abbasovanın azadlığa çıxmasından sonra qatıldığı ilk ictimai yığıncaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsə olan üzvü Zamin Salayevin məhkəməsidir.
Xəstəxanadan çıxandan sonra onu ilk dəfə görən dostları Ziyafət Abbasovanı xəstəxanda müalicə alan biri kimi yox, həbsxanadan azadlığa çıxan şəxs kimi qarşılayırlar.
Ziyafət Abbasovanın 51 yaşı var.
O, Azərbaycan Demokratik Rifah Partiyasının, eləcə də Azərbaycan Milli Müqavimət Hərəkatının üzvüdür.
Özünün də dediyi kimi, indiyədək bir çox etiraz aksiyasına qoşulub.
Məsələn, o, Milli Məclisin qarşısında “Siyasi Partiyalar haqqında” Qanunla bağlı keçirilən etirazlarda da iştirak edib, İran səfirliyinin qarşısında Tehranın İran azərbaycanlılarına qarşı siyasətini tənqid edən aksiyada da.
Ziyafət xanım deyir ki, siyasi məzmunlu hansı aksiyadan xəbər tutursa, iştirak edir.
Ziyafət Abbasova əsasən, Azərbaycan xalqının sosial rifahının aşağı olması, büdcədən pul oğurluğu, məmurların vəzifələrindən sui-istifadə etməsi və işsizlik problemi haqqında tənqidi fikirlər səsləndirir.
Deyir ki, azı 10 dəfə aksiyadan polis bölməsinə aparılıb. Onun barəsində heç bir cinayət işi açılmayıb.
Polis onunla “profilaktik” söhbət etdikdən sonra sərbəst buraxıb.
Dediyinə görə, bu söhbətlər isə daha çox Ziyafət Abbasovanı etiraz aksiyalarında iştirakdan çəkindirmək üçün aparılıb.
Ona bir dəfə şirnikləndirici təklif ediblərsə, bəzən isə təhdid ediblər.
Ziyafət Abbasova isə bütün bu söhbətləri qulaqardı edib.
“Onlar hökumətin, İlham Əliyevin sifarişini yerinə yetirirdilər”
18 aprel, 2023-cü il.
Ziyafət Abbasova dostlarının zənglərinə cavab vermir, daha sonra isə ona ümumiyyətlə zəng çatmır.
Bir gün öncə professor Cəmil Həsənlinin kitab təqdimatına getmək üçün dostları ilə sözləşir.
Təqdimat yerinə gələn dostları Ziyafət Abbasovanı görmürlər. Telefonuna da zəng çatmadığından dostlarının nigarançılığı artır.
Ziyafət Abbasovanı axtarmaq üçün ağıllarına gələn ilk ünvan polis olur. Çünki onun qəfl və xəbərsiz yoxa çıxmasının başqa izahını tapa bilmirlər.
Bundan sonra dostları DİN-in “102 Xidməti”nə dəfələrlə müraciət edir, Ziyafət Abbasovanın harada saxlanılması ilə bağlı məlumat əldə etməyə çalışırlar.
Yalnız səhəri gün müraciətlərinin ardı-arası kəsilmədiyindən DİN-dən cavab ala bilirlər.
Məlum olur ki, Ziyafət Abbasova 1 saylı Respublika Psixiatrik Xəstəxanasına yerləşdirilib.
Bu xəbəri həkimdən yox, polisdən aldıqlarına görə dostları onun xəstəxana adı ilə həbs edildiyini, cəzalandırıldığını düşünürlər.
Xəbər sosial şəbəkələrdə yayılır. Ziyafət Abbasovanı şəxsən və ya hansısa siyasi aksiyadakı çıxışından tanıyan müxalif fəallar onun üçün müdafiə kampaniyası təşkil edirlər.
Sosial şəbəkələrdə Ziyafət Abbasova üçün yazılan dəstək mətnlərinin ard-arası kəsilmir.
Müxalif fəallar və onu tanıyanlar deyirlər ki, Ziyafət Abbasovanın heç bir anlaqlılıq və psixoloji problemi yoxdur.
Hamının ortaq fikri bu olur ki, Ziyafət Abbasova xəstəxanaya müalicə üçün deyil, cəzalandırılmaq üçün aparılıb.
Ziyafət Abbasova evi olmadığından sığınacaqların birində yaşayırdı.
Dostları onu axtarmağa başladıqdan bir gün öncə artıq polis tərəfindən elə həmin sığınacaqda saxlanılaraq 15-ci Polis Bölməsinə aparılmışdı.
Deyir ki, polislər mülki geyimdə və 10 nəfərdən çox olub. Onlar özlərini Ziyafət Abbasovaya təqdim etməməklə yanaşı, hansı əsasla saxlanılmasını da deməyiblər. Onu məcburi qaydada, yerlə sürüyərək maşına əyləşdirib, polis bölməsinə aparıblar.
Ziyafət Abbasova deyir ki, sağlamlığı üçün vacib dərmanları götürməyə macal tapmayıb. Sonradan polislər xahiş edib ki, sığınacaqdan dərmanlarını gətirsinlər, amma qulaq asan olmayıb.
15-ci Polis Bölməsində onunla edilən söhbət psixoloji problemi barədə yox, etdiyi tənqidi çıxışlar barədə olub.
Polislər Ziyafət Abbasovaya etdiyi hərəkətlərin qanunsuzluğu barədə danışıblar.
O deyir ki, polislərin belə söhbətlərini çox eşitdiyindən, onlara qulaq asmaq belə istəməyib.
Uzun keçən günün sonunda onu psixiatriya xəstəxanasına gətiriblər.
Xəstəxanadakı həkimlər polislərdən xəstənin kimliyini, konkret hansı xəstəliyi olduğunu soruşmamaqla yanaşı, heç özləri də müayinə etməyib.
Ziyafət Abbasovanı, sadəcə, polisdən təhvil alıblar və beləcə “müalicəsi” başlayıb.
Ziyafət Abbasova psixiatriya xəstəxanasında cəmi bir gün saxlanılıb. Sonradan səhhəti pisləşdiyindən onu standart xəstəxanaya yerləşdirməyə məcbur olublar.
O, cəzasının qalan qismini daha “yüngül rejimli” xəstəxanada keçirib.
Özü danışır ki, psixiatriya xəstəxanasına yerləşdirilməsi bütün tənqidi çıxışlarının cəzası idi və o, bu hadisədən təəccüblənməyib.
Heç bir psixoloji probleminin də olmadığını deyir.
Xəstəxanaya yerləşdirilməsini həbsin başqa növü kimi siyasi tənqidlərinin cəzası olaraq qiymətləndirir.
Abbasova polislərin bu hadisədə, sadəcə, icraedici olduğunu, əsas sifarişin Azərbaycan hökuməti tərəfindən verildiyini deyir.
Bu iddiasını həmçinin xəstəxanaya yerləşdirilməsilə bağlı məhkəmə prosesi keçirilmədiyi ilə də əsaslandırır.
Ailə üzvlərinə təzyiqlər, qarayaxma, şantaj…
Hüquqşünas Xalid Bağırov deyir ki, polisin bu kimi hallara müdaxilə səlahiyyəti yoxdur:
“Polis xəstəxanaya nə xəstə təhvil verə, nə də xəstəxandan təhvil ala bilər. Üstəlik, iddia edildiyi kimi şəxsin qeyri-könüllü xəstəxanaya yerləşdirilməsilə bağlı məhkəmə prosesi keçirilməyib, özünün iştirakı təmin edilməyib və məhkəmə qərarı təmin edilməyibsə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ – Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır) , eləcə də Azərbaycan Konstutitusiyanın 28-ci maddəsinə (Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər) əsasən şəxsin azadlığı qanuna uyğun olmadan məhdudlaşdırılıb. Bununla da şəxsin məhkəməyə müraciət hüququ yaranır”.
Azərbaycan hökuməti bir mənalı olaraq ölkədə siyasi fikirlərinə görə həbs, təzyiq və işgəncələrə məruz qalan şəxslərin olmadığını deyir.
Amma insan hüquqları hesabatları bunun əksini göstərir.
Azərbaycan siyasi məhbuslarına azadlıq” ittifaqı isə 1 avqust, 20230-cü ildə yaydığı hesabatda nəfəri siyasi məhbus hesab edib.
Aprelin 20-də açıqlanan siyahıda isə ittifaq 182 nəfəri siyasi məhbus kimi tanımışdı.
“Jurnalist və bloqer”, “Müxalif partiya və hərəkatların üzvləri”, “Almaniyadan deportasiya edilən siyasi mühacirlər”, “Dindarlar”, “Tərtər işi üzrə” və “Gəncə işi” deyə qruplara bölünən siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilir.
İlk dəfədir ki, siyahıda 200-dən çox adam yer alıb.
Həmçinin Sərhədsiz Reportyorların 2023-cü ildə yaydığı mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasından 151-ci yerdə qərar tutub.
Azərbaycanda siyasi fəallar və ya müstəqil jurnalistlər, sadəcə, həbslə şantaj edilmir.
Yerli və beynəlxalq mətbuatda gedən onlarla xəbərə istinad edərək demək olar ki, siyasi fəalları çəkindirmək üçün onların qohumlarına təzyiq göstərilir.
Hökumət bəzən əli çatmadığı müxalif fəallara təzyiq üçün onların Azərbaycanda yaşayan qohumlarını hədəf alır.
Məsələn, 2018-ci ildə keçirilən prezident seçkilərinə etiraz olaraq Avropada “Diktatoru tanıdaq” kampaniyasını aparan siyasi mühacirlər Tural Sadıqlı, Məhəmməd Mirzəli və Orduxan Teymurxanın ailə üzvləri polis bölmələrinə aparılaraq şantaj olunmuşdu.
Onlardan siyasi mühacir qohumları əleyhinə çıxış etmələri tələb edilir, bununla da onları apardıqları kampaniyadan çəkindirməyi düşünürdülər.
Bundan başqa, Azərbaycan hökuməti müstəqil jurnalistlərin və müxaliflərinin şəxsi həyatını qeydə alır, şəxsi yazışmalarını ictimailəşdirərək onları nüfuzdan salmağa cəhd edir.
2020-ci ildə Avropada yaşayan müstəqil jurnalist Sevinc Osmanqızının intim videolarının olması və sosial şəbəkələrdə yayılacağı anons edilmişdi.
Osmanqızı isə bunu hakimiyyətin yaydığı şayiə sayırdı.
Yəni nəinki qeydə alınmış belə videolar, bu haqda şayiədən belə hökumətlə eyni fikri bölüşməyən şəxslərə qarşı istifadə edilir.
Yaxud da ki, müxalifləri “psixoloji problemli xəstə” elan edib, xəstəxanaya qapadırlar. Bu həmin şəxslərin susması üçün kifayət etmədikdə isə “son çarə” həbs etmək olur.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvü Aqil Hümbətov da həbs edilməmişdən bir müddət öncə Psixiatriya Xəstəxanasında yerləşdirilmişdi.
Onun həyat yoldaşı Aygün Hümbətova Aqilin də həmin xəstəxanaya polis əməkdaşları tərəfindən psixoloji xəstəliyi olması iddiası ilə yerləşdirildiyini deyir.
…Və nəhayət həbs
Aqil və Aygün Hümbətovların 9,7 və 4 yaşlı üç övladı var.
Aygün böyük övladının autizm xəstəsi olduğunu danışır.
Deyir ki, uçuq-sökük evdə, xəstə uşağı müalicə etdirə, uşaqları tək qoyub işləməyə gedə bilmir. Elə dost-tanışları nə ianə versələr, onunla dolanmağa çalışır.
Aqil azadlıqda olanda onların güzəranı bundan yaxşı imiş, evə az da olsa, qazanc gəlirmiş.
Onun sözlərinə görə, Aqil Hümbətov əsasən zibilliklərdən karton, plastik tullantıların yığıb-satmaqla özünün və ailəsinin dolanışığını təmin edirmiş.
Elə xəstəxanaya yerləşdirildiyi gün də evdən işə getmək adı ilə çıxıbmış.
Aygün Hümbətova deyir ki, Aqil 30 mart 2020-ci ildə Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən küçədə saxlanılıb.
Bundan sonra onu Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına aparıblar.
Aygün Hümbətovanın sözlərinə görə, Aqil Hümbətov bir gün sonra xəstəxanadan evə buraxılıb. Evə gəldikdə sosial şəbəkələrdə aparıldığı xəstəxanadakı pis şəraitdən yazmağa, danışmağa başlayıb. Səhəri gün, 31 mart tarixində Aqil Hümbətov yenidən psixoloji dispanserə qapadılıb. Onun xəstəxanaya qeyri-könüllü şəkildə yerləşdirilməsi bağlı məhkəmə prosesi də keçirilib. Amma Aygün Hümbətova həmin məhkəmə qərarını əldə edə bilməyib.
Aqil Hümbətov sosial şəbəkələrdə əsasən mövcud siyasi hakimiyyətdən uşaqpulu tələb edirmiş. Bu tələblər kəskin siyasi tənqidlərlə də müşahidə olunurdu.
Aygün Hümbətova ərinin buna görə cəzalandırıldığını düşünür.
Psixiatriya Xəstəxanasında keçirdiyi üç aydan sonra Aqil evə buraxılır. İl yarım sonra – 2021 ildə isə həbs edilir.
O, Cinayət Məcəlləsinin 124.2.4 ( Ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Amma nə Aqil Hümbətov, nə də həyat yoldaşı bu ittihamla razıdır.
Aygün Hümbətova Aqilin xəstəxanadan çıxdıqdan sonra da tənqidlərinə davam etdiyi üçün polis əməkdaşları tərəfindən saxta cinayət işi ilə şərləndiyini deyir.
DİN-in Mətbuat Xidmıti isə adıçəkilən işlərdə polislə bağlı iddiaların heç birini cavablandırmayıb.
Bəs, bu kimi hekayələr beynəlxalq ictimaiyyətin diqqətini çəkə bilibmi?
Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin təsisçisi, hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, beynəlxalq ictimaiyyətin sırf bu mövzu ilə bağlı hansısa xüsusi çağırış etdiyini və ya bəyanat yaydığını xatırlamır.
Rəsul Cəfərov da qeyri-iradi xəstəxanaya yerləşdirilməni şəxsin azadlığının məhdudlaşdırılması sayır.
Hüquq müdafiəçisi bu kimi hallarda zərərçəkənlərin yerli məhkəmə instansiyalarında ədalətli qərar əldə bilmədiyi təqdirdə, Avropa Məhkəməsinə müraciət etməsini tövsiyə edir.
Onun sözlərinə görə, zərərçəkənlərin pozulan hüquqlarının Avropa Məhkəməsində bərpa edə bilməsi ehtimalı yüksəkdir.
Aygün Hümbətova və Ziyafət Abbasova da şikayətlərini məhz Avropa Məhkəməsinə yönləndirməyi planlaşdırır.
Ziyafət Abbasova deyir, Azərbaycanın yerli məhkəmələrinin qərəzli olduğunu, hökumətin heç bir halda öz işçilərini cəzalandırmayacağı üçün şikayətini Avropa Məhkəməsinə göndərməyə hazırlaşır.
Aygün Hümbətova isə şikayətlərinin artıq yerli instansiya məhkəmələrindən keçdiyini, lakin ədalətli qərar verilmədiyindən Avropa Məhkəməsinə üz tutacağını bildirir.
“Mediaşəbəkə”nin dəstəyi ilə