Xəstə ordu

Ordu saglamlaşdırılır, yoxsa rüşvətin çevrəsi genişləndirilir?
Əsasnaməyə dəyişiklik nəyi dəyişəcək?
Əsasnaməyə edilən dəyişikliklər korrupsiyaya yol açır?

Source:


Ordu saglamlaşdırılır, yoxsa rüşvətin çevrəsi genişləndirilir?

“Oğlum sağlam idi. Bölük komandiri də mənə dedi ki, aprel ayının 15-də məzuniyyətə çıxıb. O vaxta qədər Tural mənə hər hansı xəstəliyinin olduğunu deməyib. Heç başı da ağrımırdı. Yalnız iyun ayının 12-də onu Bakıya hospitala gətiriblər. Burada ona leykoz diaqnozu qoyulub. Gətirilmədən bir həftə əvvəl halı pisləşib. Qızdırması başlayıb”.

Bu sözləri mətbuata avqustun 31-də Müdafiə Nazirliyinin Ağcabədi rayon “N”saylı Hərbi Hissəsində dünyasını dəyişmiş əsgər Tural Zamanovun atası İsrafil Zeynalov deyib.

Turalın leykoz xəstəliyindən dünyasını dəyişməsi barədə məlumat verilir.

Tural Zamanov xəstəlikdən dünyasını dəyişən yeganə əsgər deyil. Son zamanlar bu cür ölüm hallarının sayı artmaqdadır. Görünür elə bu səbəbdən də  hökumət


“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edib.

Əvvəllər ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılırdı. Bu müddət başa çatdıqdan sonra vətəndaş təkrar şəhadətləndirilmə keçir və hərbi xidmətə çağırıla bilərdi. Bundan sonra isə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.

Nazirlər Kabinetinin məlumatına görə, bu barədə hökumətin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

Məsələn, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloqlarla yanaşı, dermatoveneroloq, psixoloqlar da keçirəcəklər.

Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato veneroloqla yanaşı, bundan sonra psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirəcəklər.

Hərbi-həkim komissiyasının qərarı ilə bundan sonra birmənalı olaraq xəstəliyə görə 30 gün müddətinə məzuniyyət veriləcək. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə, müvafiq tibbi göstərişlərə görə daha bir dəfə artırılır. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti ayrı-ayrı hallarda 60 gündən artıq olmayaraq uzadılacaq.

Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndiriləcəklər.


Əsasnaməyə dəyişiklik nəyi dəyişəcək?

Sənəddən də göründüyü kimi, dəyişiklik yeni hərbi xidmətə çağırılanlar üçün tətbiq ediləcək. Bu dəyişiklik xəstələrin əsgər aparılmasına mane olacaqmı?

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli hesab edir ki, əsasnamədəki dəyişiklik birbaşa olaraq son illərdə Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin kəskin artması ilə bağlıdır: “Dəyişiklikəri nəzərdən keçirdikdə, bəlli olur ki, əsas hədəf xəstəliklərdən, intiharlardan və avtomobil qəzaları səbəbindən ölümlərin sayını azaltmaqdır. Nəzərə çatdırım ki, təhlükəsizlik və müdafiə sektorunda itkilərin əsas səbəblərindən biri də hərbi qulluqçuların sağlıq durumu ilə bağlıdır. Hərbçilərin bir qismi xidmət dövründə tutulduqları xəstəliklərdən dünyalarını dəyişirlər, bir qismi isə xidmətə xəstə halda çağırılması səbəbindən”.

Növbəti dəyişiklik çağırışçıların müayinəsində  yoxlanılmasına dermatoveneroloq və psixoloqların da əlavə edilməsi ilə bağlıdır. Bunun özü bəzi ciddi mətləblərdən xəbər verir. “Bəlli olduğu kimi, son 10 il ərzində Azərbaycan Silahlı Qüvvələrində, ümumilikdə müdafiə və təhlükəsizlik sektorunda intiharların sayı kəskin artıb. Hər il ordumuzda orta hesabla 15-20 əsgər intihar edərək dünyalarını dəyişir. 5-10 əsgər isə intihara cəhd edir. Ortalama intiharlardan dünyasını dəyişənlərin sayı ümumi itkilərin təxminən 20 faizini təşkil edir. Beləliklə, müayinəyə psixoloqların cəlb olunması əslində çağırışçıların psixoloji durumunu öyrənmək, problemlərindən agah olmaq məqsədi güdə bilər”- deyir, Sümərinli.

“Doktrina” mərkəzinin araşdırmaları göstərir ki, intiharlar hadisələrinin bir çoxu əsgərlərin ilk xidmət dövlərinə təsadüf edir. Cəsur Sümərinli deyir ki, bir sıra vətəndaşların mülkidən hərbiyə gəlməsi onlarda psixoloji sarsıntılara səbəb olur və psixoloqların bu işə cəlb olunması da böyük ehtimalla həmin sarsıntıları üzə çıxarmaq və aradan qaldırmaq məqsədini güdür: “İlkin baxışa və müayinəyə dermatoveneroloqların cəlb olunmasının əsas səbəblərindən biri də yəqin ki, son illərdə dəri-zöhrəvi xəstəliklərinə tutulmuş əsgərlərin sayının artması ilə bağlıdır. Bir çox əsgərlər belə xəstəliklərlə hərbi xidmətə çağırılırlar ki, sonradan hərbi xidmət zamanı bunun ağrısını çəkirlər. Belə xəstəliyə məruz qalmış əsgərlər bir çox hallarda xidmətə yararsız olurlar. Dəri-zöhrəvi xəstəlikləri bir çox əsgərlərin xidmət dövründə dünyasını dəyişməsinə də səbəb olub”.


Qorxunc statistika

Hərbi ekspertlərin mətbuata açıqladığı məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı rayon şöbələri tərəfindən təkcə bu ilin iyul çağırışı zamanı ümumilikdə 64 nəfər gənc əsgər “sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi”, “eksudativ plevlit” diaqnozu ilə ordu sıralarına cəlb olunub və qısa müddətdən sonra hərbi hissələrdən geri qaytarılıb.

“Gündəlik Bakı” qəzetinin yazdığına görə, orudaya yararsız əsgərlər əsasən SHXÇDX-nin Mingəçevir, Kəpəz, Masallı, Göygöl, Qazax, Daşkəsən, Balakən, Ağsu, Tovuz, Salyan, Sabunçu, Nəsimi, Şamaxı, Ucar, Cəbrayıl, Bərdə, Sumqayıt, Ağcabədi, Zərdab, Ağstafa, Xaçmaz, Ağdaş, Binəqədi, Lerik və Kəlbəcər rayon şöbələrindən göndəriliblər.

Hakimiyyətə birbaşa bağlılığı olan qəzetin hədəfə aldığı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdur. Ona görə də faktların dəqiqliyini xüsusi önə çəkmək lazım gəlir.

Mətbuata ötürülən məlumatlarda qeyd olunur ki, Murad Kazımov adlı çağırışçının səhhətində ciddi problemlər olsa da, o, bir müddət öncə SHXÇDX-nin Xəzər rayon şöbəsindən hərbi xidmətə cəlb olunub. Hələ bu, azmış kimi, onu birbaşa ön cəbhəyə göndəriblər.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli şəxs iddia edir ki, Hərbi Prokurorluq araşdırma aparsa, təkcə SHXÇDX-nin Tovuz rayon şöbəsində xeyli fakt ortaya çıxara bilər. Mənbə xidmətin Tovuz rayon şöbəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Rəhim Rəsulovun sağlam çağırışçıları 4 min manatın qarşılığında müxtəlif bəhanələrlə ordudan yayındırdığını deyir. Hətta onun “xidmət”ləri sayəsində bu ilin yanvar və aprel çağırışları zamanı hərbi xidmətdən yayınan gənclərin adlarını açıqlayır: Kərimov Rəhim Qerman oğlu, Tağızadə Elçin Elbrus oğlu, Zeynalov Rəşad Oqtay oğlu, Əliyev Muradxan Şahin oğlu, Əsgərov Elşad Yalçın oğlu, Mehdiyev Elmir Əli oğlu, Quliyev Ceyhun Nazim oğlu, Bayramov Səid Arif oğlu, İsmayılov Babək İlham oğlu, Qocayev Elnur Eynur oğlu, Ağayev Rövşən Vilayət oğlu, Məmmədov Nicat Ramiq oğlu, İlyasov Vüsal Rəhim oğlu, Əliyev Seymur Zirəddin oğlu.


SHXÇDX cavab vermək istəmir

Qurumdan məsələyə aydınlıq gətirmək istəmirlər, Arzu Rəhimovun mətbuat konfransında bu məsələyə aydınlıq gətirdiyini vurğulayırlar. Xidmət rəisi bir müddət əvvəl mətbuata açıqlama verərək,  xəstə şəxslərin orduya çağırılmasına göz yummadıqlarını bildirib: “Hər bir çağırışçının sağlamlığı öndə duran məsələdir. Əgər çağırışçı sağlamlığında problem olduğunu əsas gətirisə, o zaman mütəxəssisin müayinəsi də həyata keçirilir”.

Ancaq adının açıqlanmasını istəməyən tibbi komissiya üzvünün məlumatına görə, ordu sıralarına cəlb olunmuş əsgərlər arasında yoluxucu xəstəliklərdən, əsasən də vərəmdən əziyyət çəkənlər var.

Arzu Rəhimovu hədəfə alan “Gündəlik Bakı” qəzeti də xəstə olduqları halda əsgər aparılan gənclərin siyahısın dərc edib:

SHXÇDX-nin Nəsimi rayon şöbəsindən hərbi xidmətə çağırılmış Tağıyev Ceyhun Çingiz oğlu sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi xəstəliyi diaqnozu ilə ordu sıralarına cəlb olunub;

Sabunçu rayon şöbəsindən hərbi xidmətə çağırılmış Məmmədov İlqar Gülağa oğlu sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi xəstəliyinə düçar olub (xidmətin Sabunçu rayon şöbəsinin rəisi Müdafiə Nazirliynin hüquq idarəsinin rəisi Rauf Kişiyevin yaxın qohumudur);

Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılmış Qəmbərov Orxan Məhərrəm oğlu sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi xəstəsidir;

Şamaxı rayon şöbəsindən hərbi xidmətə çağırılmış Eminov Ceyhun Emin oğlu sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozu ilə hərbi xidmətə göndərilib;

Cəbrayıl rayon şöbəsindən hərbi xidmətə çağırılmış Bədirov Vüsal Qadir oğlu və Atakişiyev Əsgər Asif oğlu sağ ağ ciyərin yuxarı payının ocaqlı vərəmi xəstələridir.

SHXÇDX-nin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılmış Səhrəbli Mehrab Mirzə oğlu, xidmətin Goranboy rayon şöbəsindən çağırılmış Muradov Vüsal Ələddin oğlu, Quba rayon şöbəsindən çağırılmış Heydərov Sadıq Ehtiram oğlu, Suraxanı rayon şöbəsindən çağırılmış Nəcəfov Rəşad Rasim oğlu və Quliyev Fərid Seymur oğlu, Gəncə şəhər Kəpəz rayon şöbəsindən çağırılmış Baxşəliyev Ruhid Eldar oğlu və Səfərov Orxan Fərhad oğlu, Qazax rayon şöbəsindən çağırılmış Bənnayev Rafiq Mürşüd oğlu, Laçın rayon şöbəsindən çağırılmış İsmayılov Yılşad Qubad oğlu, Lənkəran rayon şöbəsindən çağırılmış Əlizadə İlkin Ceyhun oğlu, Masallı rayon şöbəsindən çağırılmış Sadıqov Saleh Soltanağa oğlu, Sabirabad rayon şöbəsindən həqiqi hərbi xidmətə yola salınmış Mirnağı Həsənov və digərləri müxtəlif ağır xəstəliklərdən əziyyət çəkmələrinə baxmayaraq, hərbi xidmətə göndəriliblər.


Əsasnaməyə edilən dəyişikliklər korrupsiyaya yol açır?

Adının açıqlamasından qorxan komissiya üzvü onu da xüsusi vurğulayır ki, əsasnaməyə edilən dəyişiklik ordudakı xəstə əsgərlərə şamil edilməyəcək, yalnız bundan sonra xidmətə çağrılanlar üçün əsas götürüləcək. Ancaq bu dəyişiklik rüşvətin qarşısını almayacaq.

Elə Cəsur Sümərinli də düşünür ki, dəyişikliklər korrupsiya və rüşvətxorluğun artmasına səbəb olacaq: “Mövcud dəyişikliklər (bir sıra hallarda konkretliyin olmaması) əslində bəzi dəllalara imkan yaradır ki, hərbi xidmət keçməyənlərə hərbi bilet “satsınlar”. Beləliklə, müşahidələr göstərir ki, əgər ciddi nəzarət olmasa, onda çağırışçıların hərbi xidmətə çağırışı prosesində rüşvət və korrupsiya bundan sonra da tüğyan edəcək. Misal üçün, qeyd edilən dəyişikliklər çağırışçılara və əsgərlərə psixoloji durumlarına görə möhlət almaq imkanları yaradır. Beləliklə, ehtimal etmək olar ki, qeyd edilən sahə rüşvətin əsas mənbələrindən biri ola bilər. Və yaxud, çağırışçının xəstəliyinə görə hərbi xidmətdən azad edilməsi prosesdurunun nisbətən sadələşdirilməsi eyni zamanda maraqlı şəxslər üçün yeni rüşvət imkanları açır”.

Ekspertin fikrincə, əsanamədə baş verən dəyişikliklər onu deməyə əsas verir ki, ordu üzərində ciddi dövlət və vətəndaş nəzarəti olmasa, rüşvət və korrupsiyanın miqyası daha da artacaq, qeyri-döyüş itkilərinin sayı daha da çoxalacaq. İndiki durumda isə ciddi nəzarətin tətbiq olunacağı perspektivini görmək mümkün deyil

Ana səhifəXəbərlərXəstə ordu