“Səhərdən özümü öldürürəm ki, bu ayağım salamat idi axı…(amputasiya edilmiş ayağını qucaqlayır) Bunu niyə kəsiblər? Bu ayağım sallanır axı, (qanqrena verən ayağını göstərir), bu ayağım məni öldürür axı…”
Diabet xəstəsi olan Tərlan Məmmədova sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.
“Dedilər ki, sol ayağın topuqdan kəsiləcək. Özləri də sarımışdılar ayağımı. Xəstə ayağım qalıb kənarda, salamat ayağımı tutub kəsiblər”- Tərlan Əliyeva Meydan TV-yə danışır.
Danışdıqca qəhərlənir, əməliyyat olunan salamat ayağın qucaqlayır sonra əlini ondan kəsib hələ də ağrıyan və əməliyyat olunmayan sol ayağına uzadır. Xəstənin qızı Tahirə Əliyeva danışır ki: “Həkim dedi, o biri ayağında (sağ ayaq) heç nə yoxdur. Biz dedik ki, bəlkə bu ayağında da nəsə var ( sağ ayağın göstərir) dedi heç nəyi yoxdur, budur. ( sol ayağın göstərir) Həkim bu sözü özü deyib. Hələ biz fikirləşdik ki, bu biri ayağına da keçər götürüb apararıq. Həkim baxdı, dedi yox, bu, (sağ ayağın göstərir) salamat ayaqdır. Dedi, bu ayağını da (sol ayaq) kəsəcəm ana, lap da yaxşı olacaq. Biz də dedik, daha ağrıya dözmür”.
Onlar cərrah həkim Valeh Kərimovla tibbi xidmət müqaviləsi də bağlayıblar. Amma əməliyyatdan sonra həkimi görən olmayıb. Xəstənin qohumları deyir ki, V.Kərimovun onlara verəcək cavabı yoxdur deyə qaçıb.
“Əməliyyatdan çıxandan sonra həkim qardaşımı çağırdı. Özü də heç yaxşı çıxmadı içəridən, mən şübhələndim. Lap birinci bacım gördü, dedi səhv ediblər. Heç mənim ağlıma gəlmirdi ki, belə bir şey ola bilər. Baxan kimi dedi ki, anamın sağlam ayağı gedib. Biz heç bilmədik neyləyək”- Tahirə Əliyeva bildirir.
Tərlan Məmmədova ha edir toxtaxtlıq tapa bilmir. Onun sol ayağı hələ də ağrıyır. “Hələ bu gecə səhərə qədər sol ayağımın ağrısından yatmamışam. Bu, qalıb, gətirib salamat ayağımı kəsiblər, özü də kökündən kəsiblər. Mən həkimə deyəcəm ki, mən sənə demişəm, bu ayağımı kəs, sən götürüb bunu kəsmisən?! Mənim sarıqlı ayağım qalıb burada, gətirib salamat ayağımı kəsmisən”.
“Azərbaycan bu hadisəyə baxmalıdır. Qəhrəman anadır, 80-ə yaxın nəvəsi var, 40-a yaxın nəvəsin müharibəyə verib, müharibədə iştirak ediblər, əsgər gediblər. 11 uşaq anasıdır, veteran qadındır, arxa cəbhədə çalışıb. Bu anaya necə lazımdır xidmət edəcəklər. Xidmət eləməsələr, mən xarici ölkələrə çıxacam. Nə lazımdır, hamısı yazılıb xarici ölkələrə veriləcək”- xəstənin qızı Tahirə Əliyeva vurğulayır.
Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilib ki, hadisəni araşdırmaq üçün komissiya yaradılıb. Komissiyanın tərkibində həm həkim heyəti, həm də hüquq-mühafizə orqanlarının nümayəndələri var.