19.03. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi. Xədicə İsmayılova həbsinin qanunsuz olduğunu bildirib.
Vəkil Elton Quliyev isə həbsin onun jurnalist fəaliyyətilə bağlı olduğunu deyib.
Vəkil onu da əlavə edib ki, xanım jurnalist Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb, dekabrın 6-da Kürdəxanıya köçürüləcək.
18.33. Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Bunu Meydan TV-yə açıqlamasında Tural Mustafayev deyib. Onun sözlərinə görə, intihar etməyə cəhd göstərməsinin səbəbini araşdıran istintaq belə qənaətə gəlib ki, Xədicə İsmayılova onu özünü öldürmə həddinə çatdırıb. ”
İstintaq araşdırma mərhələsindədir. Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəm” – deyə Tural Mustafayev bildirib.
16.01. Dostlarının Azadlıq Radiosuna dediyinə görə, Xədicə İsmayılova dekabrın 5-də səhər saatlarında prokurorluğa çağrılıb. Burada prokuror onun həbsi barədə təqdimat verib. Təqdimata baxılması üçün jurnalist Səbail rayon Məhkəməsinə aparılıb.
Dostları onu da bildiriblər ki, X.İsmayılova prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb.
Məhkəmə vəkilin iştirakı olmadan davam edir.
Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi
Dekabrın 5-də Binəqədi rayon məhkəməsində jurnalist Xədicə İsmayılovanın məhkəməsi davam edib. Prokuror jurnalistin həbsi ilə bağlı təqdimat verib. Hazırda o, Səbail Rayon Məhkəməsinə aparılıb.
Vəkil Elton Quliyev Azadlıq Radiosuna bildirib ki bu gün həbs qərarı çıxarıla bilər. Vəkil məhkəmənin onunla bağlı həbs qərarı çıxaracağını ehtimal edir. Jurnalist ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.
Bu il fevralın 17-də Xədicə İsmayıl «facebook» şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist ona bu materialı hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin materialda öz adının hallandığını iddia edən Elman Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.
Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi rayon Məhkəməsində proses gedir.
Dekabrın 4-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində jurnalisti xəyanətdə günahlandırmışdı.