Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayətinə baxılıb.
Prosesi Avropa Birliyi, Norveç, İngiltərə və ABŞ səfirliklərinin nümayəndələri də müşahidə edib.
Prosesin başlanğıcında hakim Xədicə İsmayıldan məhkəmə heyətinə etirazının olub-olmamasını sual edib. Məhbus jurnalist “Azərbaycan məhkəmə sistemində ədalətli hakim olmadığı üçün mənim üçün heç bir fərqi yoxdur” deyə cavab verib.
Vəkil Fəxrəddin Mehdiyev jurnalistin şüşə qəfəsdən çıxarılması, ev dustaqlığına buraxılması və yenidən məhkəmə istintaqının getməsi ilə bağlı vəsatət qaldırıb. Heç bir vəsatət qəbul olunmayıb. Rədd edilən digər vəsatət isə Yalçın İmanovun yenidən jurnalistin müdafiəsinə qayıtması ilə bağlı vəsatət olub.
Prosesi izləyən AXCP sədri Əli Kərimli məhkəməni şərh edərkən deyib ki, Azərbaycanda məhkəmə sistemini diz çökdürüblər.
Proses oktyabrın 29-a qədər təxirə salınıb.